Rahil Məmmədovun bu mövsüm statistikası maraqlı mənzərə ortaya qoyur.
Adətən futbolçu klubunda yaxşı performans göstərir, bunun nəticəsində milliyə dəvət alır və əsas heyətdə yerini möhkəmləndirir.
Rahillə bağlı vəziyyət isə bir qədər fərqlidir. Belə ki, təcrübəli müdafiəçinin milli komandadakı göstəriciləri klubundakı statistikasından xeyli yaxşıdır.
Belə ki, Rahil bu mövsüm “Turan Tovuz”un heyətində 8 oyunda meydana çıxıb.
Bu qarşılaşmaların yalnız birində start heyətində yer alan müdafiəçi digər 7 görüşdə ehtiyat oyunçular skamyasından meydana daxil olub. Ümumilikdə isə klubunda cəmi 184 dəqiqə meydanda olub.
Bəzən Kurban Berdiyev onu qarşılaşmanın bitməsinə cəmi 1, 6, 9, yaxud 17-18 dəqiqə qalmış meydana buraxıb. Bu əvəzetmələr daha çox vaxt qazanmaq və hesabı qorumaq məqsədi daşıyan addımlar təsiri bağışlayıb.
Milli komandada isə Rahilin mövqeyi tamamilə fərqlidir. O, demək olar ki, Ayxan Abbasovun əsas heyətinin əvəzolunmaz üzvlərindən biridir.
Yaydan bu günə qədər millinin keçirdiyi 10 oyunun yalnız ikisində ehtiyatda qalan müdafiəçi digər 8 qarşılaşmada şans qazanıb.
Onların 6-da start heyətində yer alan Rahil, 2 görüşdə isə fasilədən sonra meydana daxil olub. Nəticədə millidə ümumilikdə 614 dəqiqə meydanda qalıb.
Bu isə onun klubundakı oyun vaxtından düz 3 dəfədən də çoxdur.
Bir sözlə, adətən klublar milliyə futbolçu hazırlayır. Rahil Məmmədovun timsalında isə mənzərə sanki əksinədir: Ayxan Abbasov millidə Rahili Kurban Berdiyev üçün hazırlayır.
XANOĞLAN/ SPORTİNFO.AZ
