Premyer Liqanın 17-ci turunda prinsipial qarşılaşmalarından biri bölgədə baş tutacaq.
Premyer Liqada xal ehtiyatını zənginləşdirən (20)“Şamaxı” öz meydanında elitada qalmaq uğrunda mübarizə aparan “Qəbələ”ni qəbul edəcək.
Komandaların mövsümün ilk dövrəsinə təsadüf edən matçında şamaxılılar Qəbələ səfərindən qələbə ilə qayıtmağı bacarmışdı. Məhz bu fakt qonaq komandanın qisas hissini birə-beş artıracaq.
Hər iki komanda oyuna itkilərlə çıxacaq. Ümumi götürsək, dörd nəfər cəzalı durumdadır.
Meydan sahibləri sarı vərəqə limitini dolduran Arsen Agcabəyovun xidmətindən məhrum olub.
“Qəbələ”də isə “Qarabağ”la oyundakı hərəkətinə görə İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalanan Kaxaber Tsxadadze texniki zonada yer ala bilməyəcək.
“Qırmızı-qaralar”ın əsas simalarından olan və sarı vərəqə limitini dolduran Xavyer Syerra ilə “Kəpəz”lə dueldə qırmızı vərəqə aldığına görə 2 oyunluq cəzalanan İbrahim Sanqare də meydana çıxmaqdan məhrumdur. Hər ikisi qarşılaşmanı kənardan izləyəcək.
Yanvarın 24-də Şamaxı şəhər stadionunda keçiriləcək oyun saat 14:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

