“İmişli” ilə bağlı məlumatı əldə edən kimi, nədənsə yadıma rəhmətlik Nüsrət Kəsəmənlinin “Mənə bir az ondan danış” şeiri düşdü.
Bəndlərin, misraların, sözlərin mövzumuza dəxli yoxdur, başlığın özüdür məna yükü.
Sizə “İmişli”dən danışım.
Mövsümün ilk yarısında 17 xal yığan Premyer Liqanın debütantı qış fasiləsində yoxlama oyunları keçirməyi məqsədəuyğun saymayıb.
Mətbuata göz gəzdirəndə, qəzet səhifələrini vərəqləyəndə, klubun sosial media platformalarına baxanda, vəziyyətin məhz bu cür olduğu görünür. Nə rəqib(lər)in adı var, nə nəticələr göstərilib, nə qol müəllifləri.
Əslində olan odur ki, “İmişli” iki sınaq matçında I Liqa təmsilçiləri ilə üz-üzə gəlib. “Şimal”ı 5:0 udub, “Şəfa”ya uduzub – 0:1.
Deməli, baş məşqçi Jorj Kaşkilya tam təbii olaraq oyunların rəqiblərdən və jurnalistlərdən gizli qalmasına dair tapşırıq verib. Bunu da həyata keçirmək istədiyi taktiki-texniki tapşırıqların kənara çıxmaması üçün edib.
Deyib ki, səhifələrdə heç bir anons-filan yerləşdirməyin, sakit-səssiz oyunlarımızı keçirək. Quş quşluğuyla xəbər tutmasın.
Baş məşqçidir, komandanın ağasıdır, nəticələrə cavabdeh şəxsdir. Kim nə deyə bilər ona?
Bəs, oyunlarda qeydə alınan nəticələrin azarkeşlərdən və mətbuatdan gizli saxlanılmasının səbəbi nədir, səbəbkarı kimdir? Hansı futbol dahisi uzaqgörənliyi sayəsində belə bir göstəriş verib? Onu da Kaşkilya deyib? Hansı ağılla, hansı məntiqlə?
Deyək ki, klubun rəhbər adamları futbolun, futbol idarəçiliyinin, piarın, nə bilim, ictimaiyyətlə əlaqələrin incəliklərindən xəbərsizdir.
Mətbuat katibi hara baxır? Nə düşünür? Digər 11 klubun sosial şəbəkə hesablarındakı paylaşımları izləyir? Bütün oyunlardakı nəticələrin paylaşdığını görür?
Baxıb-görürsə, müşahidə edirsə, nəticəni gizli saxlamaq göstərişini verən şəxs(lər)in qarşısına niyə fakt qoymur? Niyə demir ki, cənablar, özünüzdən Amerika yaratmayın, oyunun keçirilməsi barədə məlumat verməmişiksə, nəticə haqda paylaşım etməliyik, insanları məlumatlandırmalıyıq.
Yoxlama oyunlarındakı nəticələri gizli saxlamaq xüsusi ağıl dərəcəsi tələb etsəydi, “Qarabağ”, “Sabah”, “Neftçi” bunu çoxdan edərdi. Etmirlər. Çünki peşəkar statuslu liqanın qaydalara uyğun addım atırlar, yeni dəb gətirmək keçmir ağıllarından.
Razıyam, PFL-in Əsasnaməsində “paylaşım etməlisiniz” göstərişi yoxdur. Bu, azarkeşlərinizə və mətbuata hörmətdir, peşəkar klubun görməli olduğu işdir.
Yəqin ki, başları Morqanın fotoqraf rolunu oynamasını, Karaklaiçlə Rollonun top çiləməsini təqdim etməkdən, ad günü təbrikləriini çatdırmaqdan açılanda, “Şimal” və “Şəfa” ilə oyunlardakı nəticələr barədə məlumat verərlər.
HƏBİB / SPORTİNFO.AZ

