Şamaxı və Ağsu rayonlarının sərhədində, Pirqulu stansiyasından 12 kilometr cənubda 3,8 maqnitudalı zəlzələ baş verib.
Zəlzələ ocağının dərinliyi 9 kilometr olub. Titrəyişlər episentrdə 4 bala qədər hiss edilib.
Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli musavat.com-a açıqlama verib.
O bildirib ki, qeydə alınan yeraltı təkanlar Yer daxilində gedən təbii dinamik proseslərin nəticəsidir:
“Planetimiz canlı bir orqanizm kimidir. Onun daxilində də tektonik plitələrin və blokların hərəkəti baş verir. Bu bloklar daim hərəkətdədir, sakit və sabit vəziyyətdə qalmır. Buna görə də kiçik yeraltı təkanların baş verməsi normal və qaçılmazdır. Bundan narahat olmağa dəyməz. Kim deyir ki, zəlzələ olmayacaq? Zəlzələlər həmişə olacaq, sadəcə dağıdıcı zəlzələ gözlənilmir”.
Qurban Yetirmişli qeyd edib ki, ötən il ölkə ərazisində təxminən 6 min yeraltı təkan qeydə alınıb, onlardan yalnız 19-u əhali tərəfindən hiss olunub. Onun sözlərinə görə, ilin əvvəlindən indiyədək də bir neçə zəlzələ baş verib:
“Hətta Orta Kür zonasında və Cəlilabadda qeydə alınan zəlzələləri insanlar hiss etməyib. Gün ərzində orta hesabla 15–20 yeraltı təkan baş verir və onların heç biri təhlükəli xarakter daşımır.
3–4–5–6 ballıq zəlzələlərə görə vətəndaşlar narahat olmamalıdır. Normal tikililər belə təkanlar zamanı dağılmır. Azərbaycanda 8–9 ballıq fəlakətli zəlzələ gözlənilmir”.
Qeyd edək ki, bir neçə gün əvvəl Şamaxı və Biləsuvar rayonlarında da zəlzələlər qeydə alınıb.

