Necə getmişdisə, elə də qayıtdı

11 Yanvar 22:30 Problem 268
Necə getmişdisə, elə də qayıtdı

Allah ölənlərinizə rəhmət eləsin!

Rəhmətlik atam danışırdı ki, SSRİ dövründə əsgərlik çəkmək çətin idi. Azərbaycanlı gənclər evlərindən minlərlə kilometr uzağa yollanır, bir də 2 ildən sonra qayıdırdı.

Nə mobil telefon var idi, nə “vatsap”, nə də digər rahat əlaqə növləri. Hansısa əsgər “komutator” vasitəsi ilə zəng edib ana-atasının səsini eşidəndə bunu 1 ay bayram edirdi. O da hər adama qismət olmurdu.

Əsgərlərin hərəsi bir ölkədən gəlirdi. Rus, ukraynalı, tacik, gürcü, çeçen, qırğız, özbək – bütün millətlər yığılırdı bir tabora, briqadaya. Aralarında avtoritet statusunu daşıyanlar özündən zəifləri sıxır, yeri gələndə işgəncələr verirdi. “Dembel, molodoy” söhbəti də elə o vaxt yaranmışdı.

Rus dilini bilməmək ayrı bir dərd idi. Başa düşmədinsə, fikrini izah etmədinsə, vay halına.

Danışırdı ki, dağ boyda elə oğlanlar var idi ki, ata-anası üçün gözlərinin yaşını axıdırdı. Hərbi hissədən qaçmaq üçün hər yola əl atırdı. Cəzaçəkmə müəssisəsinə düşən kim, əmrə tabe olmadığı üçün yer süpürən kim, “üzdəniraq” damğasının alnında gəzdirən kim.

Uzun sözün qısası, əsgərlik əsl kişilik məktəbiydi.

Nədəndə hansısa azərbaycanlı futbolçunun legioner həyatı yaşayacağını eşidəndə yadıma rəhmətliyin danışdıqları düşür. Sanki hər şey eynidir, sadəcə dövr dəyişib, bir də ortada maliyyə məsələsi var.

Xarici dil bilən, xarakter sahibi olan, hər vəziyyətdən çıxmağı bacaran, ata-ana həsrəti ilə yaşamayanların Avropa karyerası uğurlu olur. Bu keyfiyyətləri daşımayanlar isə üzüsulu vətənə qayıdır.

O de, Rüfət Abdullazadə. Yayda böyük ümidlərlə Xorvatiyaya yola saldığımız o deyildi? Texnikası var, istedadlıdır, solaxaydır, dünyanın bir əlində saxlayacaq gücə sahibdir.

Haradadır indi? “Zirə”də.

6 ayı tamam olmamış şələ-şüləsini yığıb üstümüzə gəldi. Legioner statusunun ağırlığını çiyinlərində daşıya bilməyən “Sumqayıt”ın yetirməsi yenidən Azərbaycanda top qovacaq.

Elə bilirsiniz, öz xoşu ilə qayıtdı? Yoxsa Xorvatiya çempionatı bizimkindən zəifdir? Yox! Qətiyyən yox!

Necə getmişdisə, elə də qayıtdı vətənə.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
11 Yanvar 20:00 Çək və bizə göndər!
11 Yanvar 08:50 "Sumqayıt" transfer etdi
11 Yanvar 08:20 Azərbaycan çempionları
11 Yanvar 07:40 Dollar neçə manat olacaq?
11 Yanvar 00:50 "Buna aldanmaq olmaz"
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol