Üç gün öncə Azərbaycanda daha bir xarici baş məşqçinin debütü rəsmiləşdi.
Yuri Vernidubu Ukraynadan çıxara bilmiş «Neftçi» onunla ilk matçına çıxdı və «Sumqayıt»ı uda bilmədi.
Əslində, oyun bakılılar üçün yaxşı başlamış, artıq 50-ci dəqiqədə iki top fərqiylə önə çıxmışdılar.
«Neftçi» ilk 1 saatda üstün təsir bağışlayan tərəf idi: iki qol vurmuşdularsa, daha artığını da qaçırmışdılar. Ardını gətirmək istədilər, gəlmədi.
Nə gəlsin, komandanın fiziki hazırlığı çox aşağıdır. Samir Abasov, yəqin ki, buna görə az-maz utanar.
Yay dönəmində heç yaxşı iş görməyib, 60-65-ci dəqiqədən sonra futbolçuların ayağında güc qalmır.
Bu, onun vaxtında da beləydi, indi də belədir. Vernidub cəmi bir neçə gün öncə işə başlayıb, fiziki hazırlığı bərpa etmək, normasına salmaq üçünsə ona hələ 4-5 həftə lazımdır.
Fərqli intensiv çalışma proqrammı icra olunmasa, düzələn deyil bu problem.
Əvvəl deyirdilər ki, yalanın ömrü 40 gündür. Bəli, bu deyim dünənə aiddir.
Bu gün yalanın üstünün açılması üçün dördcə sutka da kifayətdir. Bəlkə bundan da az.
Mən Verniduba təklif edərdim ki, ondan öncəki müddətdə qeydiyyatı aparılmış statistikanı mediaya açıqlasın. Çəkinməsin, qoy, açıqlasın!
Orada çox ciddi faktlar gizlənir, hansı ki, mətbuatın böyük kəsimi, azarkeşlər bunu bilmir.
Eyni gündə, eyni saatda, eyni futbolçular gəlib əvəzlənmələrini xahiş edirlərsə, qaçmağa da yox, yeriməyə belə, heylərinin qalmadığını deyirlərsə, bu işə məsul şəxslər təkrar sorğulanmalıdır.
Samir Abasov təzminat davasına girişsin, ona sözümüz yox, pulunu istəmək haqqıdır. Ancaq bununla yanaşı, komandanın fiziki hazırlığına niyə belə barmaqarası yanaşmasının səbəbini də desin, qaçıb gizlənməsin.
ELNUR

