Yeni il öncə Premyer Liqa klublarının hərəsi öz «qab»ında qovrulur.
Yüksəlişə keçənlər də var, eniş yaşayanlar da.
«İmsili» ikinci kateqoriyaya aiddir. Bir ay qabağa kimi müdafiəsi keçiməz görünən debütant indi ard-arda xal itkilərinə uğramaqdadır.
Ev oyunlarını İmişlidə yox, Qubada keçirdiyi üçün hər həftə səfər çıxmaq məcburiyyətində qalan komanda artıq xeyli güc itirib.
Əsas üstünlüyü özü kimi əcnəbilərə vermiş Jorj Kaskilyanın tədirgin simasından da aydın olur ki, o, qış fasiləsinin gəlməsini necə böyük səbirsizliklə gözləyir. İstər komandanın heyətini gücləndirmək baxımından ələ düşən fürsəti dəyərləndirmək, istərsə də Quba Olimpiya Kompleksinin palçığa əsir düşmüş meydançasından bir qədər uzaqlaşmaq üçün.
Doğrudan da, burada oynamaq təhlükəlidir. «İmişli» rəhbərliyi AFFA-ya daha çox ödəmə etməmək üçün komandanı Şamaxıdan Qubaya daşıdı, bura da ki…
Peşəkar Futbol Liqası Quba stadionunu qəbul etməklə böyük səhvə yol verib. Qubanın arenası nəinki Premyer Liqaya, heç I Liqaya da yaramır.
«Karvan»la oyunda gördüyümüz mənzərə gerçək faciədir. Drenaj sistemi olmayan, suyun və qarın sifətini yuyub apardığı, palçıqdan ağırlaşan meydançada iki Premyer Liqa komandasının güləşməsini seyr etmək ağrılıdır.
Belə yerdə nə futbol, nə zad?!
Futbolçuların karyerasını, həyatını təhlükəyə atıb da, bu korşanmış qazonda oynamalarını tələb etmək cinayətdir.
«İmişli» pis heyət yığmayıb. 8000-10000 dollar maaş alan legionerləri az deyil. Həm atletik, həm də texnikalı futbolçuları var.
Heç şübhəsiz, klubun rəhbərliyi xəsislik etməyib başqa bir stadion icarəyə götürsəydi, bu komanda indiyədək 16 yox, daha çox xal toplayardı.
KAMİL

