Yeni variantın ilk halları Diyarbəkirdə qeydə alınıb, yaxın həftələrdə isə virusun İstanbul, Ankara və İzmir kimi böyük şəhərlərə yayılacağı gözlənilir.
Mütəxəssislərin bildirdiyinə görə, mənşəyi Avstraliyaya gedib çıxan və ən azı 7 mutasiya keçirmiş H3N2 variantı mövsümə vaxtından əvvəl başlayaraq bir çox ölkədə yoluxma sayını qısa müddətdə ikiqat artırıb.
Ekspertlər bu qışın son 10 ilin ən ağır qrip mövsümlərindən biri ola biləcəyi barədə xəbərdarlıq edirlər. Türkiyəli həkimlər hazırda böyük şəhərlərdə geniş yayılmış epidemiya olmadığını desələr də, Diyarbəkirdə erkən artımın virusun ölkəyə daxil olduğunu göstərdiyini vurğulayırlar. Havaların soyuması və qapalı məkanlarda qalma müddətinin artması ilə yoluxmaların sürətlə çoxalacağı bildirilir.
Yaxınlarda Ermənistanda da A tipli qrip - H3N2 (Honkonq) aşkar edilmişdi. Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin məlumatında bildirilib.
“Honkonq qripi” kimi də tanınan H3N2 qripi mövsümi epidemiyalara səbəb olan A qrip virusunun bir ştamıdır. Qrip yüksək hərarət, öskürək və əzələ ağrısı ilə müşayiət oluna bilən tənəffüs yolları xəstəliklərinə səbəb olur. Əksər hallarda xəstəlik keçsə də, H3N2 xüsusən də uşaqlarda və yaşlılarda ağırlaşmalara səbəb ola bilər.
Mütəxəssislər qeyd edir ki, təhlükə təkcə H3N2 ilə məhdudlaşmır. Bu mövsüm RSV və rinovirus da eyni vaxtda aktivdir və xüsusilə uşaqlar, yaşlılar, xroniki xəstəliyi olanlar üçün risk yaradır. Yeni H3N2 variantı əvvəlki qriplə müqayisədə daha sürətlə yayılır, lakin əlamətlər əsasən dəyişmir: yüksək hərarət, halsızlıq, boğaz ağrısı, öskürək və əzələ ağrıları.
Həkimlər risk qruplarına daxil olan şəxslərə qrip əleyhinə peyvənd, gigiyena qaydalarına ciddi əməl etməyi və simptomlar ağırlaşdıqda dərhal həkimə müraciət etməyi tövsiyə edirlər.
Göründüyü kimi, qonşu ölkələrdə xəstəlik tüğyan edir.
Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov Musavat.com-a deyib ki, H3N2 yayılmaqdadır:
“Hər il mövsümdə xəstəliklər yayılır. Havalar kəskinləşən kimi viruslar artır. Əgər orqanizmin immun sisteminə təsir edən yanaşı problemləri varsa, bu insanların yoluxması daha da asanlaşır. İnsanlar doğru müalicə almadıqda, yaxud özlərini qorumadıqda yoluxma surəti artır. Bu da COVID-də olduğu kimi epidemiyaya, pandemiyaya səbəb ola bilər. Amma indi elə də təhlükəli vəziyyət deyil. Bu qrip virusları zaman-zaman olur. İldən-ilə mutasiya edərək yeni variantları ortaya çıxır.
Mutasiya olunma o deməkdir ki, köhnə virus yeni şəraitə daha “yaxşı uyğunlaşır”, daha çox yoluxma baş verir. Orqanizm də köhnə virusda olduğu kimi, yeni virusda dayanıqlı olmur. İmmun sistemi tərəfindən bu viruslar tanınmır və ona görə daha çox narahatlıq olur”.
Həkim qeyd edib ki, bilinən qaydalara əməl edilməlidir, bununla yayılma riskini azaltmış olarıq:
“İnsanlar əllərini tez-tez yumaq, öskürərkən ağzını və burnunu örtmək, xəstə insanlarla təmasdan çəkinmək, otaqları havalandırmaq kimi sadə gigiyenik qaydalara riayət etməlidirlər. Hazırda ölkəmizdə H3N2 qrip virusu ilə bağlı rəsmi təsdiqlənmiş yayılma xəbəri yoxdur. Əgər həyəcanverici hal olarsa, müvafiq strukturlar tərəfindən addımlar atılar”.
Bu vaxta qədər yerli səhiyyə orqanları və xəbər mənbələri belə bir məlumat açıqlamayıb - yəni xüsusi olaraq mutasiyaya uğramış H3N2 qripinin Azərbaycanda yayılması barədə rəsmi təsdiqlənmiş xəbər yoxdur.

