Baş məşqçi dəyişikliyinə gedən «Karvan» yağışdan çıxıb, yağmura düşüb.
Azər Həşimov, Zaur Hacıyev və Hüseyn Məhəmmədovla vidalaşıb, Füzuli Məmmədovu görəvə gətirən klub rəhbərliyinin əli yağa batmayıb, ən azından.
«Karvan» onunla çıxdığı 3 matçın hamısında məğlubiyyətlə üzləşib. İkisində «Qarabağ»a, birində də «Şamaxı»ya.
Bu, hələ harasadır, tamaşa qabaqdadır! «Karvan»ın görəcəyi günlər qabaqdadır.
Füzuli Məmmədov yayda «Mingəçevir»dən uzaqlaşdırılandan sonra çox yerə əl atmışdı. AFFA-ya, «Kəpəz»ə, başqa klublara… Əlinə «Karvan» keçdi, o da ki belə…
Məşqçi gərək birinci özünə hörmət eləsin, sonra həmkarına. Təəssüf, bu hiss Füzuli Məmmədova yaddır.
Onda peşəsinə sayğı olsaydı, baş məşqçisi ilə vidalaşa bilməyən kluba getməzdi. Həşimov və digərləri hələ oradadır, haqq-hesablaşmayıblar, sənin orada nə işin var, ay adam?
Qoy, öz problemlərini həll eləsinlər, əl sıxışsınlar, sonra «Karvan»ın arxasınca qaç da.
Təki iş olsun, təki Premyer Liqa olsun - Füzuli Məmmədov cılızlığını burada da göstərdi.
İkinci bir tərəfdən, o, Premyer Liqanı I Liqa ilə səhv saldı. Ağlı getdi ora yenə.
Fərz etdi ki, Premyer Liqa I Liqadır, hakimlər də daim onun qnlluğunda dayanacaq. Necə ki, «Mingəçevir»də belə idi. Neyləmişdisə, hakimlərtn hamısının «Mingəçevir»dən ötrü ürəyi gedirdi.
Digər komandalara zülm verən hakimlər «Mingəçevir»i görəndə, dəridən-qabıqdan çıxırdılar, Füzuli Məmmədovun «əl-üzünü yuyurdular».
«Karvan»da buna bir elə imkan olmayacaq. Premyer Liqanın hər oyunu canlı yayımla göstərilir. I Liqa deyil ki, «yutub»da efirə verəsən, epizodu yaxşı görməyəsən.
Premyer Liqaya nəzarət güclüdür. İnanmıram ki, hansısa hakim Füzuli Məmmədova görə özünü «yandırsın», karyerasını sual altına alsın.
Bunun AFFA-sı var, hüquq-mühafizə orqanları var. Onsuz da, bir neçə hakim diqqət mərkəzindədir.
Kim o yan-bu yan eləyəcək, qulağından tutub atacaqlar eşiyə, elə həmin gün də barəsində araşdırma başlanacaq.
MUSA

