“Uduzmaqdan, xal itirməkdən bezmişik, mütləq qələbə qazanacağıq”

13:35 Problem 262
“Uduzmaqdan, xal itirməkdən bezmişik, mütləq qələbə qazanacağıq”

Cari Premyer Liqa mövsümündə ən uzun qələbəsizlik seriyası “Karvan-Yevlax”a məxsusdur.

15 illik fasilədən sonra elitaya qayıdan klub 3 xalın sevincini sonuncu dəfə təxminən 4 ay əvvəl – avqustun 23-də qazanıb.

Qəbələdə “Kəpəz”in qonağı olan yevlaxlılar meydanı 3:2 hesablı qalibiyyətlə başa vurmuşdu.

O gündən bu yana 11 tur keçib, “Karvan-Yevlax” dəfələrlə qələbəyə yaxın olub, lakin yekunda sevinə bilməyib.

Komanda Yevlaxda – doğma meydanda keçirdiyi ilk matçda “Kəpəz”ə məğlub olmaqla (1:2) yerli azarkeşlərin səbr kasasını daşırdı. Qarşıda isə qış fasiləsinə qədər həmin stadionda “Şamaxı” və “Neftçi”ylə oyunlar var.

Bölgə təmsilçisinin nigeriyalı müdafiəçisi Olavale Doyeni qələbəsizliklə bağlı Sportinfo.az-ın sualını cavablandırarkən inamlı açıqlama ilə diqqət çəkib:

“Hər bir futbolçu qələbə qazanmaq istəyir. Və hər oyuna bu istəklə çıxırıq. Sadəcə alınmır. Sonluğu gətirə bilmirik. Artıq uduzmaqdan, xal itirməkdən bezmişik.

Qış fasiləsinə qədər mütləq qələbə qazanacağıq. Buna 100 faiz əminəm.

Artıq vaxt yetişib. Uduzduğumuz matçlardan sonra psixoloji gərginlik yaşayırdıq.

Artıq risk etməyin vaxtıdır. İnşallah, qazandığımız qələbələrlə azarkeşlərimizi sevindirəcəyik”.

Dekabrın 7-də “Karvan-Yevlax” Premyer Liqanın 14-cü turu çərçivəsində doğma meydanda “Şamaxı”nı qəbul edəcək. Qarşılaşmanın start fiti saat 14:00-da çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti