Qusar, Lənkəran və Ağstafadan yoxsul Divizion

1 May 2022 16:00 Problem 1 200
Qusar, Lənkəran və Ağstafadan yoxsul Divizion

«Araz-Naxçıvan, «İmişli» və «Mingəçevir» növbəti mövsüm I Divizionda mübarizə aparacaq.

Beləliklə, aşağı dəstədə iştirakçı sayı 14-ə çatdı.

Premyer Liqa klublarının əvəzedici heyətləri ilə yanaşı, «Zaqatala», MOİK və «Qaradağ Lökbatan» da yarışacaq. «Turan Tovuz»la «Kəpəz»in elitaya buraxılması demək olar dəqiqləşdiyindən, I Divizionda bölgə nümayəndələrinin sayı 7-yə yüksələcək.

Bu, yaxşı haldır. Amma daha da yaxşı olardı ki, AFFA əvəzecidi komandaları I Diviziondan ayırardı, onların ayrıca çempionatını yenidən bərpa edərdi.

«Dubllar» bu turnirə «yamaq» kimi görünür və bir neçə ildir tətbiq olunan praktika özünü doğrultmur. Birinci dəstədə daha çox əyalət təmsilçisini görmək yerinə düşür.

«Araz», «İmişli» və «Mingəçevir»lə bahəm, digər bölgə komandalarının da burada çıxış etməsinin nəyi pis idi ki? Niyə şimal, qərb və cənub zonalarının nümayəndələri I Divizionda qüvvəsini sınamasın?

Yoxsul Divizion: Bəs Qusar? Bəs Lənkəran? Bəs Ağstafa?

«Xan Lənkəran», «Ağstafa», «Qusar» I Divizionda yarışsaydı, AFFA-nın üzüyünün qaşı düşəcəkdi? Görünür ki, bəli.

Adlarını çəkdiyimiz bu kollektivlərin hər birinin öz sponsoru, öz himayədarı var. AFFA-dan 1 qara qəpik almırlar.

Həmçinin daha 4-5 komanda adı çəkə bilərik, hansılar ki, maddi cəhətdən federasiyaya yük olmurlar. Normalda AFFA ilk növbədə belələrinə qucaq açmalıdır, «gəlin, yuxarı başına keçin» deməlidir.

Bu, açıq rəqabətə şərait yaratmaq, təmiz mübarizənin getməsinə zəmin hazırlamaq olardı. Çox qəribədir ki, qurum yalnız özünün maliyyə ayırdığı klubları irəli çəkir, sərbəst fəaliyyət göstərənləri isə qapının arxasında saxlayır.

Adını da qoyur ki, biz onların maliyyəsinin mənbəyindən bixəbərik. Azərbaycan balaca ölkədir, burada nəyisə öyrənmək, araşdırmaq iki vur ikidir.

Papağı bir qədər yuxarı qaldırır yelləyirsən, yüz yerdən üstünə informasiya axır. AFFA istəsə, şübhə ilə yanaşdığı klubların maddi qaynaqları barədə dəqiq bilgi toplaya bilməzdi ki?

Nə yaxşı, başqa işlərdə bunu edirlər, amma müstəqil klublara gələndə, biqafil olurlar? Deməli, AFFA burada başqa məqsədlər güdür.

Nəsə başqa maraqları var. Bir daş altda, bir daş üstdə.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi