“Bədbəxtçilikdir! Hələ indikilərə şükür edək, bir azdan heç kim qalmayacaq”

28 Aprel 2022 21:00 Problem 959
“Bədbəxtçilikdir! Hələ indikilərə şükür edək, bir azdan heç kim qalmayacaq”

Premyer Liqamızın bombardirlər siyahısındakı mənzərə ürək ağrıdır.

Mövsüm sona yaxınlaşır, çempionatın ən sərrast iki futbolçusu – İbrahima Vadji ilə Davit Volkovun hesabında cəmi 11 qol var.

Bu, ümumi mənzərəylə bağlı xoşagəlməz görüntüdür.

Azərbaycanlı futbolsevərlərin narahatlığına səbəb olan isə 7 qol və daha çoxunu vurmağı bacaranların arasında yalnız bir nəfərin – Musa Qurbanlının olmasıdır.

Təsəvvür edin, Azərbaycan çempionatında 24 tur ərzində 7 qol vurmağa nail olmuş cəmi bir azərbaycanlı hücumçu var.

Bu göstərici ölkə futbolunun və futbolçularının, xüsusən də hücumçuların hazırkı durumunun güzgüsüdür.

Qulağımızın dibindəki Gürcüstanın sıradan futbolçusu Azərbaycanda “at oynadır”, bombardir olmağa can atır, bizimkilərsə böyük həvəslə Davit Volkovun vurduğu qolları izləyir.

Hücum xətində yer alan futbolçuların bu vəziyyətlə üzləşməsinin səbəbi hər birimiz üçün maraqlıdır.

Təbii ki, ən başda dayanan xaraktersizlik və yaxşı maaşa görə haqsızlıq gördükləri, şans qazanmadıqları komandalarda qalmalarıdır. Ustalıq səviyyəsinin yetərincə olmaması da vacib rol oynayır.

Ölkəmizin tanınmış hücumçularından sayılan, 2 dəfə Premyer Liqanın ən sərrast futbolçusu olmuş Zaur Ramazanov da artıq bu barədə danışmağa lüzum görmür.

Ötənlərin məşhur “10 nömrə” mövzu ilə bağlı Sportinfo.az-a açıqlamasında bunları deməklə kifayətlənib:

“Çempionatımız zəifdir, çox zəif. Yerli hücumçulardan danışırıq. Yerli hücumçu kim var ki? Yoxdur da, məcbur deyil ki....

Hələ indikilərə şükür edək, bir azdan heç kim qalmayacaq. Çünki günü-gündən geriyə gedirik.

Bədbəxtçilikdir. Nə danışım axı? Hər şeyi məndən yaxşı bilirsiniz”.

Zaur Ramazanov ölkəmizdə səviyyəli legionerlərin çıxış etdiyi dönəmlərdə - 2004/05 (21 top) və 2006/07 (20 top) mövsümlərində Premyer Liqanın ən sərrast futbolçusu adını qazanıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti