Azərbaycan Premyer Liqasında 8 klubun olmasının bəlkə də yeganə müsbət cəhəti odur ki, bütün matçları izləmək rahat olur.
Belə ki, hər tura cəmi 4 qarşılaşma düşür. Çempionatı keçirən qurum olan Peşəkar Futbol Liqası (PFL) isə sağ olsun adətən 4 qarşılaşmanı iki günə, bəzən isə 3 günə bölür. Belədə də görüşləri izləmək üçün əla fürsət yaranır.
Amma arxada qalan 24-cü tur haqqında bunu demək olmaz. Nə hikmət idisə, PFL 4 qarşılaşmanın hamısını bazar gününə salmışdı. Hə, başa düşürəm ki, cəmi 4 gün əvvəl ölkə kubokunun matçları olmuşdu. Təşkilatçı qurum da klubların oyun qrafikini maksimum rahatlaşdırmağa çalışmışdı.
Bu yanaşmanı 3 matça "Qəbələ" - "Qarabağ", "Sumqayıt" - "Zirə" və "Səbail" - "Neftçi" görüşlərinə şamil etməyi doğru hesab etmək olar. Çünki tərəflərdən ən azı biri ölkə kubokunda mübarizə aparır.
Bəs "Sabah" - "Şamaxı" matçına nə söz? Axı tərəflərdən heç biri kubok mübarizəsində yoxdur. Deməli, ən azından bu matçı bir gün əvvələ təyin etmək olardı.
Dərd Premyer Liqa klubarı ilə də bitmir. Belə ki, hazırda Region Liqasında pley-off matçları keçirilir və kifayət qədər böyük kütlənin marağındadır.
Qəribəsi ondadır ki, orada keçirilən "Cəbrayıl" - "Energetik" və "Xan Lənkəran" - "Füzuli" duellərinin cavab matçları da bazar gününə təyin olunmuşdu. Hər halda bu iki maraq kəsb edən görüşləri də həftənin altıncı gününə salmaq olardı.
Mövsümün ortası belə qərarlar bəlkə də o qədər diqqət çəkmir. Amma indi finişə yaxınlaşdıqca maraq, diqqət, əhəmiyyət daha da çoxları. Belə qrafik isə həmin vacib matçları yaxından izləmək, dəyərləndirmək fürsətimizi əlimizdən almış olur. Ümid edək ki, PFL bu haqqlı iradı nə narazılığ gələcəkdə mütləq nəzərə alacaq.
XANOĞLAN İMANOV

