Sülh sənədi təhlükədə

30 May 2023 07:40 Problem 680
Sülh sənədi təhlükədə

Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və tezliklə sülh müqaviləsinin imzalana biləcəyi barədə fikirlərindən sonra ona qarşı radikal-revanşist, daşnakçı çevrələrin qəzəbi birə-üç artıb.

Onların arasında hələ də Qarabağda sülənən Kremlin “iti”, oliqarx-dələduz Ruben Vardanyanın təzəcə yaratdığı üzdəniraq “artsaxın təhlükəsizliyi və inkişafı cəbhəsi” də var.

Hətta həmin “cəbhə” N.Paşinyana faktiki ultimatum verib. “Ermənistan baş naziri Nikol Paşinyan artsaxı təslim etmək və erməni dövlətçiliyini məhv etmək üçün cinayətkar planını inadla davam etdirir. Ayılmaq və planı sona çatdırmağa imkan verməmək lazımdır” - bəyanatda deyilir. “Hərəkat bəyan edir ki, Paşinyanın imzalayacağı, artsaxın suverenliyinə və beynəlxalq hüquqda təsbit olunmuş öz müqəddəratını təyinetmə hüququna zidd olan heç bir sənəd legitim olmayacaq və buna görə də artsaxın taleyini əvvəlcədən müəyyən edə bilməz”, - ultimatumda qeyd edilir.

İddia olunur ki, Paşinyanın “beynəlxalq zəmanətlər”lə bəyənilmiş sülh tezisi tələdir və heç bir şəkildə “artsax” ermənilərinin təhlükəsizliyini təmin edə bilməz. “Biz Paşinyandan və onu dəstəkləyən rejimdən dərhal ”artsax" ətrafında alveri dayandırmağı, Ermənistan dövlətinin sərhədlərini zərbələrə həssas etməyə yönəlmiş cinayətkar proqramdan əl çəkməyi tələb edirik. Biz həmçinin Ermənistanın mövcud hakimiyyət orqanlarına xatırladırıq ki, soyqırımın qarşısının alınması və öz müqəddəratını təyinetmə hüququnun qorunması öhdəliyi bütün beynəlxalq ictimaiyyətə və ilk növbədə Ermənistana şamil edilən beynəlxalq öhdəlikdir. Öz qanunvericiliyinə əsasən belə bir öhdəliyi üzərinə götürən Ermənistanın bundan imtina etməsi beynəlxalq hüququn və daxili qanunvericiliyin açıq-aşkar pozulmasıdır. Biz Ermənistandakı soydaşlarımızı və dünyadakı erməniləri bir araya gələrək Nikol Paşinyanın Ermənistan demək olmadığını göstərməyə çağırırıq".

Erməni radikal müxalifətçi deputat Ayk Mamicanyan isə parlamentin iclasında bildirib ki, Paşinyanın yalnız iki yolu qalıb: ya Ermənistanın ölüm hökmünə, ya da özünün istefasına imza atmaq. Onun sözlərinə görə, Nikol Qarabağla bağlı artıq edəcəyini edib və deyəcəklərini deyib: “İndi növbə bizdədir...”

Bəs Nikol Paşinyan gerçəkdən də Bakı ilə sülh müqaviləsi imzalamaq istəyində səmimidirsə, radikal-revanşistlərin müqavimətini qıra, erməni toplumunun əksəriyyətini sülh müqaviləsinin qaçılmazlığına inandıra biləcəkmi? Bunu necə edəcək? Ona qarşı sui-qəsd və ya həbs planları varmı, işə düşəcəkmi - o barədə ki, son vaxtlar xüsusən də daşnaklar açıq işarələr vurmağa başlayıblar.

Paşinyanın əsas tənqidçilərindən olan keçmiş xarici işlər naziri Vardan Oskanyan isə baş nazirlə yanaşı Azərbaycanı və beynəlxalq aləmi hədələyib: “Beynəlxalq ictimaiyyət və Azərbaycan bilməlidir ki, Paşinyanın qərarı iki xalq arasında sülhə gətirməyəcək. Baş nazir sənədi imzalasa belə, bu, yalnız tarixin təbii axarından müvəqqəti sapma olacaq”.

Yəni Oskanyan və onun kimi düşünənlər bununla demək istəyirlər ki, “ermənilər uzaq və yaxın keçmişdə olduğu kimi yenidən azərbaycanlılara arxadan zərbə vurmalıdırlar”. Bizim də Oskanyan kimilərə mesajımız bu olmalıdır ki, “uzaq və yaxın tarixdən dərs çıxarmışıq, mümkün sülh sazişinə rəğmən, qonşumuzun kimliyini bilərək əlimiz hər zaman tətikdə olacaq...”

Dövlət şəhid və qazi ailələri üçün heç nəyi əsirgəməməlidir

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a söylədi ki, müxalif qüvvələr adlanan revanşistlər hakimiyyətdə olmuş və Rusiyaya bağlı qruplardır: “Bu güclər iqtidarda olanda da, indi də Moskvadan idarə olunurlar. Kreml tezliklə sülh müqaviləsi bağlanmasında maraqlı görünmür. Onları hərəkətə gətirən də Rusiyadır. Revanşist və separatçı qüvvələr Moskvanın təlimatı ilə Paşinyana qarşıdırlar. Ermənistan və xəstə təxəyyüllü vətəndaşları heç vaxt Azərbaycanla normal münasibət istəməyiblər. Rusiya bu vəziyyətdən istifadə edir. Amma erməni cəmiyyəti müharibədən sonra anlayır ki, sülhün alternativi yoxdur”.

Asif Nərimanlı: "O zaman səbəb nədir?"

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Paşinyanın “Qarabağ Azərbaycandır” açıqlamasından sonra separatçılar çıxış yolu kimi “referendum”a getmək istəyirlər: “1991-ci ildə qondarma ”referendum"la “artsax” yaratdılar, indi də eyni ssenari ilə “erməni əhalisinin Azərbaycanın tərkibində yaşamaq istəmədiyini” göstərmək niyyətindədirlər. Ancaq nə dövr 30 il öncəki dövrdür, nə də Azərbaycan. Belə bir addım heç nəyi dəyişməyəcək. Lakin həm Rusiyanın, həm də Qərbdə maraqlı qüvvələrin bu ssenaridən Azərbaycana qarşı təzyiq kimi istifadə edə biləcəyi riski də var. Paşinyanın “Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” bəyanatından sonra Xankəndidəki separatçılar tabe olmayacaqlarını açıq şəkildə elan edirlər. Bundan sonrakı mərhələdə bu mövqelərini davam etdirmək üçün “silahlı müqavimət” təşkil edəcəkləri ehtimalı daha böyükdür. Həbsxanalardan cinayətkarları azad etmək istəkləri də “döyüşə” canlı qüvvə toplamaq məqsədi daşıyır.

Xocalıda silahlı dəstələri sülhməramlıların müşayiəti altında artıq təlimlər keçir. Mümkün təxribatlar zamanı Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilməyəcəkləri bəllidir, lakin qarşıdurma, xüsusilə əhalinin zərər görəcəyi vəziyyətin yaradılması ilə reinteqrasiya prosesinin başlanması perspektivini baltalayırlar".

Digər Xəbərlər
Xəbər Lenti