Koronavirusa yoluxma sayı artıq dünya üzrə azalmaqdadır. Azərbaycanda da son günlər yoluxma sayı üçrəqəmliyə düşüb.
Belə proqnoz var idi ki, fevralın sonu və martın əvvəli Azərbaycanda pik həddə yoluxma olacaq.
Pik həddini keçdikmi? Keçdiksə, yumşalmalar niyə gecikir? Məsələn, qapalı yerlərdə maska taxmaq, COVİD pasportu ilə bağlı tələb nə vaxt ləğv olunacaq? Türkiyədə bu tələblər iki gündür götürülüb. Hətta qonşu Ermənistanda martın 3-dən tibb müəssisələri istisna olmaqla qapalı yerlərdə maska taxmaq tələbi ləğv olunub.
Yeri gəlmişkən, Avropa İttifaqı (Aİ), müharibə ilə bağlı son sarsıntılara baxmayaraq, anti-COVID tədbirlərini ardıcıl olaraq qaldırmağa davam edir. İtaliya martın 1-dən Avropa İttifaqına üzv olmayan ölkələrdən gələn turistlər üçün də karantin tələbini qaldırıb.
Bu arada Azərbaycanda “TURKOVAC”ın 3-cü doza sınaqları üçün hazırlıqlar başa çatıb. Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. Nazir qeyd edib ki, yaxın günlərdə ölkəmizdə vaksinin tətbiq olunmasına başlanılacaq: “Bu baxımdan heç bir problem yoxdur. Keçən həftə bütün xəstəxanalarımızda ”TURKOVAC" tətbiq etməyə başladıq. Hazırda “TURKOVAC” peyvəndinin sayı bir milyonu ötüb və istehsal günü-gündən artır. Düşünürəm ki, 2 ay ərzində asanlıqla aylıq 1-1,5 milyona çatacağıq", - Koca əlavə edib.

Həkim-infeksionist: “Müəyyən müddət gözləmək lazımdır ki, müsbət dinamika tam möhkəmlənsin”
Həkim-infeksionist Nicat Əzimli mövzu ilə bağlı bunları deyib: “Son günlərdə yoluxma sayı azalmağa doğru gedir. Xüsusilə də son iki-üç gündür ki, yoluxma sayı üçrəqəmliyə enib. Bu da onu deməyə əsas verir ki, dünyadakı müşahidə olunan müsbət dinamika Azərbaycanda da eyni şəkildə özünü göstərir. Əgər hər hansı digər məsələ ortaya çıxmazsa, bu gedişat o deməkdir ki, yoluxmalardakı azalma bizə məhdudiyyətlərin yavaş-yavaş aradan qaldırımlısına imkan verəcək. Düzdür, Türkiyədə də maska qadağası aradan qaldırıldı. Demək olar ki, əksər ölkələrdə bu cür məhdudiyyətlərin aradan qaldırılması müşahidə olunur. Niyə də Azərbaycanda da olmasın? Amma bununla bağlı qərar Operativ Qərargah tərəfindən verilir. Müəyyən müddət gözləmək lazımdır ki, həqiqətən də müsbət dinamika tam möhkəmlənsin və yoluxmalar daha az müşahidə olunandan sonra bu barədə qərarlar ola bilər. Bu məhdudiyyətlərin nə vaxt aradan qaldırılacağı, buna nə qədər müddət qalması ilə bağlı isə rəsmi şəxslər məlumat verə bilərlər. Biz həkimlər sadəcə olaraq indiki vəziyyət haqqında danışa bilərik. İndi vəziyyət öncəki həftələrə nisbətən daha yaxşıdır. Zatən bunun proqnozunu öncədən ”Omikron"a yoluxmaların başladığı dövrdə demişdik ki, fevral ayının sonu, mart ayının əvvəlləri müsbət dinamika özünü göstərəcək".

Həkim-radioloq: “Bütün karantin qadağaları ləğv edilsin, pandemiya artıq bitib”
Koronavirusa yoluxmuş xəstələrin müalicəsində birbaşa iştirak etmiş həkim-radioloq Aydın Əliyev isə öz sosial şəbəkə hesabından karantin qaydalarının ləğv olunması ilə bağlı çağırış edib: “Təklif edirəm ki, COVİD pasportu, qapalı yerlərdə maska taxılması, COVİD-19 üçün uçuş testləri tələbləri və qapalı məkanlarda insanların toplaşma sayındakı məhdudiyyətlər aradan qaldırılsın. Ümumiyyətlə, bütün karantin qadağaları ləğv edilsin. İnsanlara cərimələr yazılmasın! İnsanlar rahat yaşasın! Pandemiya bitib artıq!”
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab edir ki, hər bir ölkə öz epidemioloji vəziyyətini nəzərə alaraq, koronavirusla mübarizə tədbirlərini müəyyən etməlidir. Eyni zamanda dünya ictimaiyyəti peyvənd və qoruyucu vasitələr tədarük etməli olan dövlətlərlə həmrəylik nümayiş etdirərsə, pandemiyanın kəskin mərhələsindən çıxış yolu hələ 2022-ci ildə tapıla bilər. Təşkilatın yaxın qlobal məqsədi 2022-ci ilin ortalarına qədər hər bir ölkədə əhalinin peyvəndlənməsinin 70%-ə çatmasıdır.
ÜST-in Avropa Regional Direktoru Hans Klugenin sözlərinə görə, Avropa indi yüksək peyvəndləmə nisbətləri və yazın gəlişi ilə əlaqədar “mövsümi fasiləyə” və “infeksiyanın daha az öldürücü olması” sayəsində infeksiyanın yayılmasını nəzarət altına almaq üçün unikal imkana malikdir.

