“Bir həftədir danışa bilmirəm, zəng çatmır” – 20 il Ukraynada işləmiş azərbaycanlı

5 Mart 2022 14:00 Problem 815
“Bir həftədir danışa bilmirəm, zəng çatmır” – 20 il Ukraynada işləmiş azərbaycanlı

Rusiya silahlı qüvvələrinin Ukraynada törətdiyi vəhşiliklər dünyaya səs salıb.

Son bir həftədə hücuma məruz qalan ölkədə yaşananları diqqətdə saxlayır, bombalanan şəhərlərin görüntülərini ürək ağrısı ilə izləyirik.

Hazırda Ukraynada yaşananlara görə üzülən şəxslərdən biri də futbol ictimaiyyətinə tanış olan Vaqif Əliyevdir. Uzun illər “Simurq”da icraçı direktor postunu tutmuş, sonradan “Şuşa”da çalışmış şəxs.

Vaqif bəy ömrünün 20 ilini Odessada keçirib. Dörd övladının hamısı orada dünyaya gəlib.

Və ən maraqlısı, Əliyevin orada sıradan sahədə yox, hüquq-mühafizə orqanlarında çalışmasıdır.

Hazırda ehtiyatda olan polis polkovniki 1993-cü ildə ölkəmizdə gedən Qarabağ döyüşləri zamanı vətənə qayıdıb və o vaxtdan Bakıda yaşayır.

Buna baxmayaraq, Ukraynada xeyli sayda tanışı, “poqon” yoldaşları var.

Vaqif Əliyev son günlər yoldaşları ilə əlaqə saxlamağa cəhd etsə də, istəyinə çata bilmir və buna görə böyük üzüntü içindədir:

“20 il Odessada yaşamışam. Tək bu şəhərdə yox, Ukraynanın bir çox bölgələrdə zabit yoldaşlarım var. Çoxu ilə əlaqə kəsilsə də, 2-3 nəfərlə mütəmadi danışır, əlaqə saxlayırdıq. Müharibə başlayana kimi.

Bir həftədən çoxdur onlarla da danışa bilmirəm, telefonlarına zəng çatmır. Ümid edirəm ki, sağdırlar və müharibəyə görə hansısa işlərə cəlb olunublar.

Bir yerdə xidmət etmişik, çox yaxşı münasibətimiz olub və hələ də var. Hamısı ukraynalıdır, ikisi polik polkovnik-leytenantıdır, biri polis polkovniki. Ümid edirəm ki, sağdırlar”.

Bir ölkədə 20 il polis sistemində çalışmış biri mütləq ki, həmin yerin strateji nöqtələrindən, üstün və zəif cəhətlərindən xəbərdardır.

Vaqif bəy Rusiya ilə açıq müharibəni dəstəkləmədiyini deyir və tezliklə məsələnin sülh yolu ilə başa çatacağını arzulayır:

“Ukraynadan 30 ildir çıxmışam, indi çox şey dəyişib orada. Amma bunu hamı bilir ki, Rusiya kimi hegemon dövlətlə üzbəüz müharibə aparmaq fiziki cəhətdən çətin məsələdir.

Amma düşmənin adına və gücünə baxmayaraq, ukraynalılar əliyalın olsa da, tankların, ordunun qabağına çıxır, müqavimət göstərir.

Rusların hər cəhətdən üstün olması bir tərəfə, Ukraynaya ən böyük zərbə Rusiya ilə hər tərəfdən sərhədin olmasıdır. Belədə ruslar bir yox, bir neçə yerdən ziyan vurmaq istədiyi ölkəyə daxil ola bilir.

Vaxtilə gəzib-dolaşdığım gözəl şəhərləri bombardman edib, tanınmaz hala salıblar. Baxdıqca ürəyim ağrıyır. Odessa ilə Nikolayevin arası 80 kilometrdir. Artıq Nikolayevə çatıblar.

İnanırsınız, bütün günü Ukraynanın, Odessanın saytlarını izləyirəm, xəbərləri oxuyuram. Fikirdən gecə də rahat yatmaq olur. Bir balaca dünyada bu cür dəhşətlərin yaşanması adamı məyus edir. İnşallah, müharibə qısa zamanda sülhlə bitər.

Allah Ukrayna xalqına kömək olsun! Əlimizdən dual etməkdən başqa iş gəlmir”.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti