Cüdo üzrə Azərbaycan millisinin üzvü İrina Kindzerska Rusiyanın Ukraynaya hücumu nəticəsində evsiz qalıb.
Sportinfo.az xəbər verir ki, o, “instaqram” hesabında gözüyaşlı fotosunu paylaşaraq, rusiyalıların da eyni həyəcan keçirməsini arzuladığını bildirib
“Bütün ruslara mənim çəkdiyimi arzulayıram. Bu gün biz evsiz qaldıq. Amma Allaha şükür, sağıq. Hamınıza dərindən nifrət edirəm”.
Tokio-2020 Yay Olimpiya Oyunlarında 78 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal qazanan Kindzerskanın Ukraynanın İrpen şəhərindəki mənzili silahlı hücuma məruz qalıb.
Yenisabah.az-ın əməkdaşı nə baş verdiyini soruşmaq üçün İrina Kindzerska ilə əlaqə saxlayıb. Telefona onun həyat yoldaşı Həmid Əliyev cavab verərək, hazırda İrinanın vəziyyətinin çox da yaxşı olmadığını deyib:
“İrina danışacaq halda deyil. Ukraynadan çıxmışıq, lakin komendant saatı olduğuna görə hələ də çata bilməmişik. 4-5 saatlıq yolumuz qalıb.
Çatdığımız zaman ətraflı məlumat verəcəyik. İrinanın sağlığı yerindədir problem yoxdur. Sadəcə olaraq, bir az yorğundur, özünü pis hiss edir”.
Həmid Əliyev evlərinə raket düşdüyünü, bu səbəbdən yaşadıqları İrpen şəhərini tərk etdiklərini bildirib, lakin hara getdiklərini deməyib:
“Raket bizim evə atılıb. 1000 mənzilli binaya, balaca şəhərciyə raket atıblar. Həmin raket gəlib bizim evin balkonundakı qaz turbasını partladıb.
Hələ ki, evin vəziyyəti necədir, bilmirik”.
Cüdo Federasiyasının mətbuat xidmətindən "report"a verilən məlumata görə, məlum hadisələrlə əlaqədar ilk günlərdən idmançı və onun ailəsi ilə daimi əlaqədədirlər.
Federasiya Kindzerska və ailəsinə imkanları daxilində lazımi dəstəyi göstərməyə hazır olduğumuzu bildirib: "İrina və ailəsinin verəcəyi qərara əsasən, müvafiq dəstəyi göstərəcəyik".


