Azərbaycanlı futbolsevərlərin Mahir Emreli ilə bağlı intizarı davam etməkdədir.
“Dinamo” ilə anlaşmasının 1 ayı tamam olan Azərbaycan millisinin üzvü hələ ki, “Dinamo”da möhkəmlənməkdə çətinlik çəkir.
Möhkəmlənmək bir qırağa, düz-əməlli şans qazanmır.
Hər kəsi narahat edən məqam Mahirin Avropa Liqasında şans qazandığı halda, daxili çempionatda seyirci mövqeyi tutmasıdır.
Deməli, Emreli Xorvatiya nəhəngi ilə müqavilə bağlayandan sonra paytaxt təmsilçisi 4-ü çempionatda, 2-si Avropa Liqasında olmaqla ümumilikdə 6 oyun keçirib.
Həmyerlimiz bu matçlarda yalnız 2-sinin iştirakçısı olub. Və hər 2 halda “Sevilya”ya qarşı oynayıb. Birində 32, o birində 28 dəqiqə.
Mahir “Dinamo”nın heyətində İspaniyada debüt edəndən sonra komandası daxili birincilikdə “Lokomotiva” və “Osiyek”lə üz-üzə gəlib.
Azərbaycanlı futbolçunun bu 2 oyunda iştirak ərizəsinə salınsa da, matçda iştirak etmək arzusu ürəyində qalıb.
Halbuki, “Lokomitiva” ilə görüşdən əvvəl klubun sosial şəbəkə paylaşımlarında fotosu qarşılaşmanın afişasında yerləşdirilmişdi. Elə “Sevilya” ilə cavab matçından əvvəl də.
Baş məşqçi Jelko Kopiçin məlum addımı ağıllarda müəmma yaradır. Mahirin fiziki və psixoloji durumu meydana çıxmasına imkan vermirsə, “Sevilya” kimi güclü rəqibə qarşı meydanda nə işi vardı?
Yox, vəziyyəti yaxşıdırsa və ispanlarla dueldə oynaması labüd idisə, çempionatda xidmətindən niyə istifadə olunmur?
Emrelinin “Dinamo”ya xidməti təkcə şəklini sosial şəbəkə afişalarında paylaşıb, bəyənmə və şərh yığmaqdan ibarət olacaqsa, vay halı(mız)(n)a.
HƏBİB / SPORTİNFO.AZ

