Gözünüz yolda, qulağınız səsdə olsun, görəcəksiz…

27 Fevral 2022 11:40 Problem 1 061
Gözünüz yolda, qulağınız səsdə olsun, görəcəksiz…

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İclasda Azərbaycan kubokunun 1/4 finalında "Sabah" - "Neftçi" cavab oyunu (1:3) ilə bağlı aşağıdakı qərarlar verilib:

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Sabah” – “Neftçi” oyununda meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 75-ci dəqiqəsində “Sabah”ın futbolçusu Aleksey İsayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.

Görüşün 75-ci dəqiqəsində “Sabah”ın qapıçısı Səlahət Ağayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşarkən azarkeşlərə qarşı təhqiredici hərəkət etdiyi üçün 3 oyun şərti olmaqla 6 oyun cəzalanıb, klub 4800 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.

“Sabah”ın futbolçusu Zurab Oçiqava həm Eddi İsrafilova qarşı təcavüzkar davranışa, həm də hakimə qarşı təhqiredici hərəkət etməsinə görə 3 oyun şərti olmaqla 6 oyun cəzalanıb, klub 6400 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.

“Sabah”ın futbolçusu Amin Seydiyev Eddi İsrafilova qarşı təcavüzkar davranışa görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.

“Sabah”ın baş məşqçisi Murad Musayev texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

“Sabah”ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub.

“Neftçi”nin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub. Qonaq fanatları tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

Buradan göründüyü kimi, baş vermiş insident səbəbindən meydan sahibləri ümumilikdə 23200 manat, qonaqlar isə 5600 manat cərimə olunub.

İntizam Komitəsi müstəqil ekspertlərdən ibarət deyil, buradakı şəxslər heç bir qərarı özbaşına vermir. Motiv nə olur olsun. Yekun mövqeni AFFA rəhbərliyi müəyyənləşdirir. «Yuxarı» nə dedisə, odur. Ondan kənara çıxmaq, mərkəzdənqaçma halları qeyri-mümkündür.

Düz anladız – federasiya başbilənləri qarşı tərəfə açıq mesaj verib. Ötən iki mövsümdə «Sabah»a qarşı çoxsaylı hakim səhvini görmüşük. Qalaq-qalaq.

Bu dəfə də belə. Rəvan Həmzəzadənin ev sahiblərinə münasibətdə necə antipatik duruş sərgilədiyini oyunun gedişində, xüsusən ikinci hissədə gördük.

O da özündən əvvəlkilərin etdiyini təkrarladı. Və cəza almayacaq. «Sabah»ı «yıxan» qərarlarla yadda qalmış heç bir hakim indiyədək cəzalandırılmayıb və Həmzəzadəni də belə bir təhlükə gözləmir.

Bu işin təbiəti belədir: cəzasızlıq yeni xoşagəlməz hadisələrə yol açır, zəmin yaradır.

AFFA istəsəydi, «Sabah»a bu qədər ağır cəzalar kəsməzdi. Bildikləri halda ki, bu günün sabahı var və onları sabah nə gözləyir.

Kim hesab edirsə ki, qarşı tərəfin dəstəklədiyi çevrələr federasiyanın idarəçilərinin son addımını tezliklə unudacaq və ya hansısa formada qarşılıq verməyəcək, yanılır.

Artıq əmindirlər ki, ötən illər ərzində kluba münasibətdə göstərilən qərəz, əslində, onları futboldan uzaqlaşdırmaq, uğursuz kimi təqdim etmək siyasətindən qaynaqlanır.

Hər şey irəlidədir, görəcəksiz. Nələr olacaq, nələr bitəcək, onu da həmçinin.

Xəzər Hikmət

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti