“Harda işləmişəmsə, nəticə vermişəm. İndi bu boyda Azərbaycan futbolunda mənə yer tapılmır”.
Bu sözləri Azərbaycan millisinin sabiq futbolçusu, məşqçi kimi “Gənclərbirliyi” (köməkçi məşqçi), “Neftçi” (U-17, baş məşqçi), “Kəpəz” (köməkçi məşqçi), “Ağsu” (baş məşqçi), “Səbail” (U-17, baş məşqçi) komandalarında çalışmış Rüfət Quliyev Sportinfo.az-a açıqlamasında dilə gətirib.
Bu il 50 yaşı tamam olacaq mütəxəssis ötən ilin dekabrında “Səbail”dən ayrılandan sonra işsizdir.
Dediyinə görə, üz-üzə gəldiyi futbol adamları ondan niyə çalışmadığını soruşur, maraqlanır. Lakin heç kim sinəsini irəli verib yanına çağırmır, işlə təmin etmir.
Quliyev məşqçi və insan kimi özündə hansısa problemin olduğunu düşünmür:
“Hansı cəhətdə istəyirlər, müqayisə etsinlər. Futbolçu karyeram göz qabağındadır. Məşqçi kimi necə işləmişəm, bilənlər bilir.
İnsani keyfiyyətlərimə futbolda olanlar bələddir. 2012-ci ildən A kateqroyasına sahibəm, 5 dildə sərbəst danışıram, 2 ali təhsilim var. Bundan artıq nə etməliyəm? Nə olmalıdır?
Ötən il 3 ay işlədiyim “Səbail”in U-17 komandasını nəzərə almasaq, 3 ildir işsizəm. Vallah, adama pis təsir edir. Harda işləmişiksə, nəticə vermişik.
Kimə nə pislik etmişəm? Bu sualı bəzən özümə verirəm, amma cavab tapa bilmirəm. Çünki pislik etmək əlimdən gələn iş deyil.
Rüfət Quliyev vaxtilə “Turan”, “Xəzri”, “Qarabağ”, “ANS Pivani” kimi komandaların şərəfini qoruyub, 30-dan çox oyunda Azərbaycan millisinin uğurları üçün tər töküb.
Azərbaycan çempionu adını qazanıb, çempionatın gümüş və bürünc medallarına sahib olub, ölkə kubokunu başı üzərinə qaldırıb.
Legioner həyatı yaşadığı illər ərzində də eyni uğurları əldə edib. “İstiqlal” və “Sənət Neft”in aparıcı futbolçularından olduğu dövrdə İranda qızıl və gümüş medallara sevinib, ölkə kubokuna yiyələnib,
Asiya Çempionlar Liqası və Asiya Kuboklar Kubokunda bürünc medalları boynundan asıb.
HƏBİB

