“Xəzər Lənkəran” mənə borclu olduğu pulu ödəməyib Nə hesabıma pul köçüb, nə də bununla bağlı mənə hansısa bildiriş gəlib”.
“Xəzər Lənkəran”ın rumıniyalı sabiq müdafiəçisi Adrian Skarlatake “Xan Lənkəran”ın prezidenti Pərviz Hüseynovun sosial şəbəkədəki paylaşımı ilə bağlı Sportinfo.az-a danışıb.
“Xan Lənkəran”ın başqanı “instagram” hesabında paylaşım edərək “Xəzər Lənkəran”ın futbolçulara olan borcların ödənildiyini və bu münasibətlə lənkəranlı azarkeşləri təbrik etdiyini yazıb.
Skarlatake məsələ ilə bağlı bunları deyib: “Mən “Xəzər Lənkəran”la düşmən deyiləm, əksinə, hər zaman münasibətimiz əla olub.
Bu adı qaytarmaq uğrunda mübarizə möhtəşəm ideyadır. “Xəzər Lənkəran” yaşamalıdır!
FİFA-dan cə CAS-da xeyrimə qərar qəbul olunub. “Xəzər Lənkəran” borclu olduğu pulu ödəməlidir. Orada böyük məbləğdən söhbət edir.
Amma Mübariz Mənsimovla və ya bu işlə məşğul olan məsul şəxslə danışsam, məbləğlə bağlı ortaq məxrəcə gələ bilərik. Təki işlər yoluna düşsün,
“Xəzər Lənkəran” Premyer Liqaya qayıtsın. Hansısa problem yaratmaq fikrim yoxdur. Sadəcə, danışaq, hansısa məbləğlə bağlı razılığa gələk”.
Bilməyənlər üçün qeyd edək ki, “Xəzər Lənkəran”ın təkcə Adrian Skarlatakeyə olan borcu 450-500 min dollar civarındadır. Daha bir neçə futbolçu klubdan FİFA-ya şikayət edib.
Göründüyü kimi, Skarlatake bu günə qədər haqq etdiyi pulu əldə etməyib. “Xan Lənkəran”ın sahibinin o statusu hansı məntiqlə paylaşması böyük sual doğurur.
HƏBİB

