Mahir Emrelinin “Dinamo”nun saytına verdiyi videomüsahibəyə baxanda tüklərim biz-biz oldu.
Ona görə yox ki, hansısa azərbaycanlı bundan sonra Avropaya futbolçu ixrac etməklə ad çıxaran komandanın formasını geyinəcək.
Ona görə yox ki, “Legiya” ilə məlum qalmaqalın yekununda qazanan tərəf azərbaycanlı oldu.
Həmin videonun şərh bölümündə xorvat futbolsevərlərin yazdıqları, sadəcə, möhtəşəm idi. O anda Mahirlə qürur duymamaq mümkün deyildi.
Biri yazıb, danışığı, fikirlərini ifadə etməyi möhtəşəmdir, ümid edirik, “Dinamo”ya faydalı olar. O biri yazıb, 24 yaşda bu cür rahatlıq? Meydanda da bu cür sərbəst olsa, bizə faydası dəyəcək.
Yazılanları oxuyanda gözlərimin önündə indi kamera qarşısında oturan yox, hər gün “Gənclik”dən Suraxanıya gedib-gələn, azərbaycanlı fanatlar tərəfindən ələ salınan, söyülən, dekabrda Polşada “azarkeşlərin” hücumuna məruz qalan Mahir canlandı.
Arada yerlə göy qədər fərq vardı.
Adama ən çox ləzzət edən azərbaycanlı futbolçunun ingilis dilində səlis və müəkəmməl danışmasıydı. 15 ilə yaxındır idman jurnalistikasındayam., nə gizlədim, bu günə qədər rus dili xaric, əcnəbi dildə bu dərəcədə sərbəst danışan futbolçu görməmişəm.
Açığı, bu videoya qədər Mahirin ingiliscəsini də o dərəcədə təsəvvür etmirdim. Adam çox rahatdır, çox. Elə bil, kamera qarşısında oturan oyunçunun 24 yox, 34 yaşı var. O dərəcədə ingilslərin sözü olmasın, easy.
Mahirin Avropada oynamaq üçün hər şeyi var. Yaraşığı öz yerində, boy-buxunu, ingiliscəsi, azarkeşlərlə ünsiyyət bacarığı, yeri gələndə şouya həvəs göstərməsi, meydandakı aktivliyi – tələb olunanların hamısı var onda.
Bircə qalır yanında ona doğru yol göstərən birinin olması. Həmin adam onu kənar amillərdən yayındırmalı, doğru yol göstərməli, ən çətin anlarda təmkinli olmağa səsləməlidir.
Vəssalam!
Fürsətdən istifadə edib azərbaycanlı futbolçulara səslənmək yerinə düşər. Mahirin “Dinamo”nun “facebook” səhifəsindəki videomüsahibəsinə baxın. Mütləq baxın! İngiliscə necə səlis və rahat danışdığına diqqət yetirin.
Mütləq yetirin! Axırda güzgünün qarşısında dayanıb, “mənim Mahirdən nəyim əskikdir” sualını verin özünüzə. Davamını həyat özü gətirəcək.
Bu boyda ölkə yüklənib bir futbolçunun üstünə. Hamı ondan gözləyir. Nəyiniz əskikdir Emrelidən?
HƏBİB / SPORTİNFO.AZ

