Bu mövsüm işləri heç də düz getməyən "Keşlə"nin yeganə ümidi ölkə kubokuna idi. Bu arzu da dünən puç oldu. Turnirin 1/4 final mərhələsində komanda "Qarabağ"a hər iki matçda da məğlub olmaqla (1-0, 6-0) mübarizəni dayandırmalı oldu.
Əksəriyyət haqqlı olaraq baş məşqçi Sənan Qurbanovun oyundan sonra istefa verəcəyini gözləyirdi. Amma bu baş vermədi. Ardıcıl uğursuzluqlara rəğmən o, hələ də özündə günah görmür. Nəinki o, klubun rəhbərliyi də əsas günahkar gözündə futbolçuları görür. Onların yetəri qədər mübarizə aparmadığını, meydanda gəzişdiyini zənn edirlər. Əcəb adamlar var vallah. Belə də rəhbərlikmi olar? Ümumiyyətlə, sizin futbolçular qarşısında hər hansı haqqınız varmı? Vallah-billah yoxdur. Niyəsini də deyim sizə...
Məsələn, rəqiblər Antalyada peşəkar klub kimi hazırlıq keçəndə sənin futbolçuların Bakıda gün saymaqla məşğul idi. Ki, qış fasiləsi başa çatsın. Peşəkar saydığınız klubu onca günlük ölkə xaricinə apara bilməyən rəhbərliyin bu gün danışmağa haqqı yoxdur.
Rəqiblər güclənəndə gününü Afrikadan, Braziliyadan gələn 5-ci, 10-cu sort futbolçuların baxışına ayıran məşqçinin bu gün danışmağa haqqı yoxdur. Hə, pulu rəhbərlik ayrır deyəcəksiniz. Bəs kim tələb edir? Təbii ki, baş məşqçi. Əgər özünə hörmət edirsə, sözünün kəsəri varsa. Qış fasiləsində bir əcnəbi oyunçu transfer edilib. 4 aylıq da müqavilə imzalanıb. Bir ayı arxada qalır, ancaq onu hələ də gördüm deyən yoxdur. 3 oyundu "hələ hazır deyil" deyilir. Hazır olana kimi də mövsüm başa çatır. Sizin gördüyünüz iş bax budur...
Yaxşı söz tapıblar - "pul yoxdu".
Əvvələ gözünüzün içinə kimi yalan danışırsınız. "Keşlə"nin yetəri qədər büdcəsi var. Büdcəni bir kənaraq qoyaq. Bəs Azər Salahlıya görə əldə edilən 100 min hara getdi? Kimlər yedi o pulu? Niyə yeni transfer olmadı? Bəs o pul transferə ayrılmışdı axı...
Tutaq ki, heç pul yoxdur. Bu sizə əsas verirmi ki, futbolçulara mükafat vəd verib onları aldadasınız. Növbəti ölkə kubokunun finalına sayılı günlər qalır, amma "Keşlə" rəhbərliyi ötən il qazanılan titulun mükafatını verməyib. Bir ildi yalan danışıllar. Futbolçulara bu gün-sabah oyunu oynayırlar. İndi də pul yoxdu deyirlər. Hər addımda böyük fəxirlə "biz sonuncu ölkə kubokunun qalibiyik" deyirsiniz. Yəqin ki, verilən medalları da böyük şövqlə övladlarınıza göstərirsiniz. Bunu bu gün üzərinə getdiyiniz, haqqını yediyiniz həmin kişilərin sayəsində edə bilirsiniz. Haqqlarını verməyiniz bir kənara qalsın. Bu şərtlər altında hansı üzlə futbolçuların qarşısına çıxıb onları günahkar görə bilirsiniz?
Sənan Qurbanov hamını cəza ilə qorxudur. Verilməli olan mükafatı tələb edəcək cəsarətin yoxdursa, hansı cəzadan danışırsan? Susmaq əvəzinə daha utanmaz-utanmaz cəza hədəsi ilə danışma. Futbolçuları az incit! Vallah-billah ayıbdır. Sığındığın, sözü ilə oturub-durduğun rəhbərliklə abırınıza sığının. Əgər o da varsa...
SPORTİNFO.AZ

