AFFA İcraiyyə Komitəsinin fevralın 2-də keçirilən iclasında qəbul olunan qərarlardan biri də Gəncə şəhər stadionu ilə bağlı oldu.
Qərarda göstərilib ki, ölkənin ikinci ən böyük şəhərinin arenasının inşasına başlanılsın:
“Gənclər və İdman Nazirliyi ilə razılıq əldə olunandan sonra AFFA tərəfindən Gəncə şəhər stadionunun mərhələli şəkildə inşasına başlansın”.
“Kəpəz” icarədar kimi stadionun xidmətindən yararlanır. Ancaq buna görə heç kimə maliyyə ödənilmir. Nazirlik, şəhərin Gənclər və İdman İdarəsi arenanı təmənnasız klubun ixtiyarına verib.
Gəncə klubu AFFA-nın Premyer Liqanın yeni mövsümü ilə bağlı planlarında yer alıb. Federasiya həm “Kəpəz“i, həm də “Turan“ı elitaya qaytarmaq istəyir. Lakin bu, heç də onlardan asılı deyil.
Düzdür, AFFA SOCAR-dan ayrılacaq maliyyə vəsaiti ilə hər iki kluba dəstək verməyə hazırdır, hətta ola bilsin, başqa sponsorlar da tapdılar. Əsas odur ki, belə bir plan var və bu istiqamətdə hansı işlərin görüləcəyini qarşııdıakı aylarda görəcəyik.
Hazırda isə bir problemin üzərində dayanmalıyıq. Hansı ki, ictimaiyyətin bu haqda məlumatı yoxdur.
Deməli, Gəncə İcra Hakimiyyəti stadionun yenidənqurulması üçün AFFA-ya yardım əlini uzatmaqdan imtina edib.
Gənclər və İdman Nazirliyi federasiyanın qərarına isti yanaşsa da, şəhər rəhbərliyi arenada aparılacaq geniş təmir prosesinə öz qatqısını verməkdən boyun qaçırıb.
İH bunu vəsait azlığı ilə əlaqələndirib və geri çəkilib. Bu isə AFFA-nın başbilənləri tərəfindən birmənalı qarşılanmayıb və təəccüb doğurub.
Hətta son 3 gündəki daxili məşvərətlər zamanı “Kəpəz“in yenidən Premyer Liqadan kənar saxlanılması müzakirə olunub və belə təkliflər səslənib ki, əgər İcra Hakimiyyəti indi yardımlaşma kampraniyasında iştirak etməyə lüzum görmürsə, bir müddət sonra klubun idarəetməsində də problemlər yaranacaq.
AFFA-nı hiddətləndirən digər amil Yaşar Vahabzadə ilə bağlıdır.
Yerli rəsmilərin və “Kəpəz“ funksionerlərinin onlar tərəfindən komandaya baş məşqçi təyin edilən Vahabzadənin buradan uzaqlaşdrılması barədə fikirlər səsləndirməsi federasiya mənsublarını hiddətləndirib.
AFFA bu fikirdədir ki, maliyyə mövzusunda geri çəkilənlərin baş məşqçinin dəyişdirilməsini istəməsi yersizdir: indi belə şərtlər irəli sürürlərsə, sabah başqa tələblərlə çıxış edəcəklər.
SPORTİNFO.AZ

