Tofiq Bəhramovdan bəri ən çox ümid bəslədiyimiz hakim Əliyar Ağayev AFFA-da şəxsi maraqların qurbanı olmaqda davam edir.
Beynəlxalq arenada böyük turnirlərdə oyun idarə etməsini səbirsizliklə gözlədiyimiz referi artıq ölkə daxilində də sıradan hakimə çevrilib.
Ağayev 2013-cü ildə FIFA dərəcəsi alanda cəmi 26 yaşı var idi və buna layiq görülən ən gənc hakim kimi tarixə düşdü.
Elə həmin vaxtdan hər kəs “nəhayət, Tofiq Bəhramovdan sonra dünya çempionatında təmsilçimiz olacaq” düşüncəsinə qapıldı. Çünki onun gələcəyinə UEFA buradakılardan daha çox ümid edirdi.
Əliyar 2018-ci ildə I kateqoriyanı alanda “elit”ə doğru bir addım da yaxınlaşdı. Elə həmin ilin sentyabrında Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri vəzifəsinə gətirilən Fritz Ştuxlik həmyerlimizin əl-qolunu bağlamağa başladı. Əliyarın getdikcə təyin olunduğu oyunlar ona qarşı qərəzi açıq-aşkar göstərirdi.
Premyer Liqanın o boyda “Neftçi” – “Qarabağ” oyunu olan XV turunda Əliyar ancaq “Keşlə” – “Zirə” görüşünün ehtiyat hakimliyinə layiq görüldü. Ümumiyyətlə, Ağayev bu mövsüm çempionatda 9 görüş idarə edib. Bunun 6-da prinsipial oyunlar ola-ola Ştuxlik onu autsayderlərin, ən yaxşı halda ortababların duelinə göndərib. Əliyarın ədaləti qoruduğu cəmi 3 prinsipial oyun olub - “Qarabağ” – “Qəbələ”, “Qəbələ” – “Zirə”, “Qarabağ” – “Neftçi”.
Futbolçu kimi, hakim də yüksək səviyyəli oyunlarda “artırar”. “Sumqayıt” – “Sabah”, “Keşlə” – “Zirə”, “Zirə” – “Səbail, “Sumqayıt” – “Keşlə” görüşlərinə təyinat alan referi sabah Avropa arenasında yüksək tempə ayaq uydura bilməz. “Neftçi”, “Qarabağ”, “Qəbələ” və “Zirə”nin öz aralarındakı matçları tapşırmaq lazımdır ki, inkişaf etməsə də, heç olmasa zəifləməsin. Acı da olsa reallıq budur ki, mövsüm ərzində çempionatımızın 112 oyununun cəmi 4-ü Avropa səviyyəsinə yaxındır. Bunlar da “Neftçi” – “Qarabağ” duelləridir. Əgər onların oyunlarında da etibar etmirsinizsə, deməli, bu hakimin inkişafı, irəliləməsi sizi zərrə qədər də maraqlandırmır.
XV turda “Neftçi” – “Qarabağ” və “Sabah” – “Qəbələ” matçları olduğu halda ölkənin ən yaxşı referisini kənarda saxlamaq yalnız kiminsə şəxsi marağına söykənə bilər. Bu məsələdə ən az Ştuxlik qədər AFFA da günahkardır. Məlumdur ki, milli komanda dünya və Avropa çempionatı üzü görməyəcək. Ən azı Əliyar Ağayev hakim qismində Azərbaycanı bu nüfuzlu turnirlərdə təmsil edə bilər. Ona da xaricdən gətizdirilən biri göz görə-görə mane olur və rəhbərləri buna göz yumur.
Ştuxlikin çox yaxşı bəhanəsi var: “Gənclərə üstünlük veririk”. Məgər Əliyar Ağayev qocadır? Cəmi 34 yaşı var, bu sahədə hələ də gənc sayılır. AFFA bilərəkdən və ya bilməyərəkdən Fritz Ştuxlikin əli ilə Tofiq Bəhramovun davamçısını məhv etməklə məşğuldur. O Tofiq Bəhramov ki, dünya çempionatının finalında verdiyi cəsur qərarını 56 ildir bütün dünya hələ də müzakirə edir. İndi isə onun nəticəsini təkrarlamağa yaxın olan birini sıradan çıxarmaq elə Tofiq Bəhramova, Azərbaycan futboluna, hakimliyinə xəyanətdir.
Ancaq görünür, indiki komitə sədri başqa kriteriyalara əsasən seçim aparır: alman dilini bilmək və s... Hansısa məsələ barədə sual verəndə də deyir ki, hakimlik haqda danışmaq istəmirəm. Maraqlıdır, Hakimlər Komitəsinin sədrinə başqa nədən sual vermək lazımdır - dominodan, nərddən?
Xaqani Məmmədov hər nə qədər bəyənilməsə də, etiraf edək ki, onun dövründə hakimliyimizin səviyyəsi çempionatımızdan üstün idi. AFFA-nın UEFA-da nüfuzundan istifadə edərək hakimlərimizi irəli aparacaq ümidi ilə gətirdiyi Ştuxlikin nə əcəbsə, özünün beynəlxalq oyunlara təyinat sayı referilərimizdən çoxdur. Bu da ilanı Seyd Əhməd əli ilə tutmaq məsələnə oxşayır. (apasport.az)

