“Hafiz Məmmədovun konkret olaraq nə üçün saxlandığını deyə bimərəm.
Bəlkə dövlətin qanunlarına ziddi hərəkət edib, bəlkə hansısa məqamda səhvə yol verib”.
Bu sözləri vaxtilə iş adamı Hafiz Məmmədovun rəhbərlik etdiyi “Bakı”nın şərəfini qorumuş Fabio Luis Ramim Sportinfo.az-a açıqlamasında bildirib.
Maraqlıdır, Məmmədova dəstək məqsədilə yarım aksiyası keçirilsə, hazırda Braziliyada yaşayan Ramim əlini cibinə salarmı? Ümumiyyətlə, xəbəri eşidəndən sonra belə bir fikir ağlından keçibmi?
Hər nə qədər qəribə görünsə də, vaxtilə millimizin də formasını geyinmiş “sambaçı” Hafiz bəyə yardım etmək niyyətində olmadığını bildirib.
Səbəbini isə bu cür əsaslandırıb: “İnsan qanunlar qarşısında son dərəcə diqqətli olmalıdır. Dediyim kimi, işin içində deyiləm deyə, nə baş verdiyini bilmirəm.
Bəli, Hafiz Məmmədov mənim və ailəm üçün çox şey edib. Hər zaman yadımda xeyirxah və möhtəşəm insan kimi qalıb.
Amma bu cür məsələlərə qarışmaq istəmirəm. Qanun qanundur, kənara çıxmaq olmaz. Kiminsə imkanı varsa, yardım etməsi normaldır, anlaşılandır.
Amma mən əvvəlki imkana sahib deyiləm, düzü. Ailəm var, övladlarım böyüyür. Onların gələcəyini düşünürəm. Ona görə də maddi dəstək mənasında səs-küylü danışa bilmərəm.
Hafiz Məmmədov bu işdə günahsızdırsa, yəni qanunları pozmayıbsa, ona bu işdə azadlıq arzulayıram. Ümid edirəm ki, vəkilləri qələbə qazanılmasında ona yardım edəcək”.
Fabio Luis Ramim “Bakı”nın şərəfini qoruduğu 2008-2012-ci illər aralığında “zolaqlılar”ın heyətində 163 oyunda 29 qola imza atıb.
O, paytaxt təmsilçisi ilə Azərbaycan çempionu olub, gümüş medal qazanıb, 2 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb.
HƏBİB

