“Yeni ştam 3-cü doza vaksinin tətbiqini aktuallaşdırır”

23 Oktyabr 2021 02:40 Problem 1 155
“Yeni ştam 3-cü doza vaksinin tətbiqini aktuallaşdırır”

Xəbər verdiyimiz kimi, bir sıra ölkələrdə, o cümlədən, region ölkələrindən Rusiyada COVID-19-un yeni mutasiyası olan AY.4.2 variantı yayılmağa başlayıb.

Sözügedən ştamın "delta" ştamı ilə müqayisədə daha yoluxdurucu olması qeyd edilir.

Məlumatlara görə, bu ştamda bir nəfərin təxminən doqquz nəfəri yoluxdura bilməsi mümkündür. Bundan əlavə, yoluxmuş şəxslərin xəstəliyi ağır və çox ağır keçirməsi, hətta uşaqların da yoluxması halları müşahidə edilməkdədir.

Belə bir məqamda ölkədə vaksinasiyanın daha sürətli aparılması, o cümlədən, 3-cü doza peyvəndlənmənin aparılmasının zəruriliyi ortaya çıxıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya açıqlama verən parlamentin səhiyyə komitəsinin üzvü, deputat Soltan Məmmədov bildirib ki, "Delta" ştamının yeni variantı olan AY.4.2-nin yayılma sürəti və yoluxduruculuq səviyyəsi ilə bağlı hələlik tam dəqiq və yekun məlumatlar yoxdur:

“Lakin istənilən halda yeni ştamın mövcud olması COVID-19-un mutasiya etməkdə davam etdiyini göstərir. Virusun mutasiyaya uğramaqda davam etməsi peyvəndin nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiq edir. "Delta" ştamının yeni variantının yoluxduruculuq qabiliyyəti ilə bağlı dünyanın bir çox məşhur laboratoriyalarında araşdırmalar aparılır.

Azərbaycanda da COVİD-19-un mutasiyalarını müəyyən etməyə imkan verən laboratoriya fəaliyyət göstərir. "Delta" ştamının yeni variantının ölkəmizdə mövcud olub-olmadığının dəqiqləşdirmək üçün operativ tədbirlərin həyata keçiriləcəyinə əminəm”.

Deputat qeyd edib ki, hazırda tətbiq olunan vaksinlərin AY.4.2-yə təsiri ilə bağlı məsələlər də diqqət mərkəzindədir:

“İlkin tədqiqatlara əsasən deyə bilərik ki, hazırda istifadə olunan vaksinlərin əksəriyyəti AY.4.2 mutasiyasına qarşı effektiv təsirə malikdir. Yoluxan insanlarda ağırlaşma hallarının qarşısını almağa imkan verir. Yəqin ki, yaxın müddətdə daha dəqiq və ətraflı məlumatlar əldə etmək imkanı yaranacaq”.

Onun sözlərinə görə, indi qarşıda duran başlıca vəzifə insanların peyvənd olunmasını təmin etməkdir:

“Dəfələrlə qeyd olunub ki, yoluxucu xəstəliklərə qarşı mübarizənin müasir tibb elminə məlum olan ən təsirli variantə məhz peyvəndlərin tətbiqidir. Buna görə də, insanlar peyvənlərin əhəmiyyətini, bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərin vacibliyini düzgün qiymətləndirməlidir.

Bu, yalnız ayrı-ayrı fərdlərin, ailələrin sağlamlığı ilə bağlı problem deyil, bütövlükdə cəmiyyətin, dövlətin təhlükəsizliyinə bilavasitə aidiyyəti olan ciddi bir məsələdir. Ona görə də yoluxma səviyyəsinin minimuma endirilməsi, insanların normal həyata qayıtması, özümüzün, ailəmizin, cəmiyyətimizin və dövlətimizin maraqları naminə hər kəs peyvəndlərin əhəmiyyətini düzgün qiymətləndirməlidir. 3-cü dozanın qəbul edilməsi insanlarda virusa qarşı müqaviməti gücləndirir.

"Delta" ştamının yeni variantı olan AY.4.2-nin daha çox insanı yoluxdurması, simptomlarının qısa müddətdə özünü biruzə verdiyinə dair ilkin məlumatlar var. Bu məlumatlar, əlbəttə ki, 3-cü dozanın tətbiqi ilə bağlı müzakirələri aktuallaşdırır.

Lakin hətta yeni variantın olub-olmamasından asılı olmayaraq, indiyə qədər aparılan tədqiqatlar göstərir ki, 3-cü dozanın qəbulu xəstəliyin yayılmasının qarşısını almaq, yoluxma zincirini qırmaq üçün çox mühüm əhəmiyyətə malikdir. Təbii ki, gigiyena qaydalarına, sosial məsafənin saxlanılması, qapalı məkanlarda maskadan istifadə ilə bağlı qaydalara da riayət olunmalıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?