Azərbaycanda federasiyaların görməli olduğu iş

26 Sentyabr 2021 14:00 Problem 515
Azərbaycanda federasiyaların görməli olduğu iş

Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən idman təsərrüfatındakı problemlər haqda da danışıb.

Prezident bildirib ki, Olimpiya Oyunlarında medallar qazanmış idmançılarımız bizim təcrübəli idmançılardır:

"Demək olar ki, veteran idmançılardır. Onların arasında gənc nəslin nümayəndələri yoxdur və bu, çox ciddi təhlil edilməlidir. Necə ola bilər ki, nəsillər arasında artıq belə bir ara elə bil ki məsafə yaranır”.

Sabahı düşünməyiblər

Cənab Prezident olduqca aktual bir problemə toxunub. Tokio olimpiadası göstərdi ki, federasiyalar bu gün üçün fəaliyyət göstəriblər, sabahı düşünməyiblər. Yəni uşaq idmanı nəzarətdən kənarda qalıb. Amma belə olmamalı idi axı. Dövlət, həqiqətən də, idman təsərrüfatına böyük yatırım edib, infrastrukturun qurulması üçün xeyli iş görülüb. Amma bu gün bölgələrdə tikilən 50-yə yaxın idman-olimpiya kompleksi təyinatı üzrə fəaliyyət göstərirmi? "Hə” cavabı verə bilmərik. Əslində, rayon mərkəzlərində tikilən bu komplekslər kəndlərdə yaradılmalı olan idman məktəbləri üçün mərkəz rolunu oynamalı idi. Olimpiya, dünya və Avropa çempionları kəndlərdə yetişir. Onları yetişdirmək üçün kəndlərdə də idman məktəbləri açılmalıdır. Bunu etmək isə o qədər də çox vəsait tələb etmir. Sadəcə, federasiyaların işləmək həvəsi olmalıdır.

Bu infrastrukturdan niyə yararlanmırlar?

Məsələn, bu gün Azərbaycanın əksər kəndlərində müasir məktəblər tikilib. Bu məktəblərin idman zalları, meydançaları da var. Bu infrastrukturdan niyə yararlanmırlar? Federasiyalarla Təhsil Nazirliyi bu istiqamətdə əməkdaşlıq etsə, ölkənin bütün bölgələrində əksər idman növlərini inkişaf etdirmək olar. Deyək ki, Azərbaycanın hər rayonunda orta hesabla 100 kənd var. Keçmiş SSRİ vaxtında ərazi-inzibati vahidi - "sovetlik”lər vardı. Bu "sovetlik”lərin hər birinə 7-8 kənd daxil idi. "Sovetlik” mərkəzi hesab olunan kənddə idman məktəbləri yaratmaq vacibdir. Beləcə, hər rayonda orta hesabla 10-15 belə məktəb yaradılır və onlar da mərkəzdəki komplekslə əlaqəli şəkildə fəaliyyət göstərirlər. Federasiyaların üzərinə düşən öhdəlik isə bu məktəbləri idman ləvazimatları və kadrlarla təmin etməkdir. İnanın, o məktəblərə elə axın olacaq ki... Yüzlərlə uşaq idmana üz tutacaq. Vacib deyil ki, o uşaqların hamısı gələcəkdə peşəkar idmançı olsun. 100 uşaqdan biri peşəkar idmançı olsa, bəsimizdir. Amma qalanları da pis vərdişlərdən uzaq olacaqlar, sağlam böyüyəcəklər.

Hər rayonun özünəxas idman ənənəsi

Bu məktəblər salınarkən hər rayonun özünəxas idman ənənələri nəzərə alınmalıdır. Araşdırılmalıdır, bir rayon ölkəyə əsasən güləşçilər veribsə, orda güləş, digərində ağırlıqqaldırma, başqa birisində cüdo məktəbləri açılmalıdır.

Beləcə, bütün idman növləri ölkə ərazisində inkişaf etməlidir. İndiyə qədər federasiyaların fəaliyyəti belə olub: bu gün nəticə olsun, sabaha baxarıq. Beləcə, cənab Prezident dediyi kimi, gənc nəsil idmandan uzaq qalıb. Səhvi düzəltməyin vaxtıdır.

Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?