Məlum olduğu kimi, mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb.
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib.
Ermənistan müdafiə nazirliyi hərbçilərin əsir götürülməsi faktını təsdiqləyib. Düşmən ölkənin qurumu deyib ki, 6 hərbçi sərhəddə mühəndis işləri aparırmış. Ermənistan MN-in yaydığı məlumatda vurğulanır ki, onlar əsirlərin geri qaytarılması üşün əllərindən gələni edirlər.
Göründüyü kimi, günlərlə davam edən gərginlik artıq pik həddə çatıb. Əsir götürülmə, düşmənin bizim ərazimizi minalamaya cəhd faktı varsa, demək ki, Ermənistan təxribat törətməkdə israrlı və maraqlıdlır. Lakin bir sual var - bütün bunları kim edir? Paşinyanın müvəqqəti hökumətimi, ona qarşı olan və daha çox Rusiyanın təsir dairəsində qalan hərbi elitamı? Hədəf seçkilərdə paşinyanı uduzdurmaq, Rusiya yönümlü siyasətçilərin və blokların daha çox səs almasını təmin etməkdirmi? Çünki belə bir proses və gərginlik, sürüdən qaçan qoyunlar kimi erməni hərbçilərinin əli-qolu bağlı görüntülərinin yayılması Paşinyana və onun komandasına sərf etmir. Sadə ermənilər Paşinyana ona görə istinad edirlər ki, o, bu toplumun sülh və Azərbaycanla anlaşma şansıdır. Köçəryan və əvvəlki müharibə partiyasının liderləri hakimiyyətə qayıdarlarsa, sülh və anlaşma təhlükə altına düşər. Bu baxımdan, sərhədlərdə və Qarabağdakı təmas nöqtələrində baş verən təxribatlar daha çox Ermənistanın daxili siyasi proseslərini hədəf götürüb. Lakin bütün bunlar bölgədə yeni hərbi əməliyyatlar riskini heç şübhəsiz ki, artırır.
Üstəlik, nəzərə alsaq ki, Fransa, ABŞ-ın yeni administrasiyası Dağlıq Qarabağ münaqişəsinin onlarsız həllindən və yaranmış vəziyyətdən narazıdırlar. Ermənistanı açıq şəkildə dəstəkləyir və təhrik edirlər. Bütün bunlar da bölgədə yeni müharibə riskini tətikləmiş olur. Bəs belə olsa və Azərbaycan yenidən Ermənistanla hərbi əməliyyatlara cəlb edilsə, bunun nəticələri nə olar?
![]()
Hərbi ekspert Ruslan İmamquliyev Musavat.com-a bildirdi ki, bundan əvvəlki dönəmlərdə Ermənistan Azərbaycanın dövlət sərhədlərini keçmiş və 30 ilə yaxın müddətdə torpaqlarımız işğal altında saxlanmışdır, ortada bir haqsız işğala məruz qalma var idi. Ötən il 44 günlük müharibədə bu haqsızlığa son verildi, torpaqlarımız işğaldan azad edildi. İndi isə Ermənistan yenə də sərhədlərimizdə təxribatlar törədir, hətta artıq sərhədlərimizin daxilinə keçib terror hərəkətinə yol verir. Ermənistan sərhədlərin demarkasiyasını istəmədiyini nümayiş etdirir. Lakin İrəvan istəsə də istəməsə də Azərbaycan öz sərhədlərini bərpa edir və edəcək. Ermənilərin belə bir ərəfədə təxribatlara və terrorar əl atacaqları gözlənilən idi. Ermənistanın daha da irəliyə gedərək bizim daxildə təminat yollarımıza mina döşəməsi birbaşa terror əməlidir. Terrror əməlləri də təkcə Azərbaycan tərəfindən deyil, beynəlxalq müstəvidə də qınanmalıdır”.
Hərbi ekspert qeyd etdi ki, Ermənistan daxilində gedən siyasi proseslər də sərhəddə ermənilərin təxribatlara getməsinə səbəb olur: “Hazırda hakimiyyətdə olan qüvvələr diqqəti daxili proseslərdən yayındırmaq üçün də bu təxribatlarda maraqlı ola bilərlər. Eyni zamanda Paşinyanı daha zəif duruma salmaq üçün də rəqibləri, kənar qüvvələr sərhəd təxribatlarında maraqlı ola bilərlər. Hər bir halda bu təxribat və terror hərəkətlərinin Azərbaycan tərəfindən sərt cavabının olacağını bilməlidirlər.
![]()
Bilməlidirlər ki, Azərbaycan hər bir zaman səbrli davranmayacaq, Ermənistana çox sərt cavab veriləcək. Bu isə növbəti bir müharibəyə səbəb ola bilər. Bu müharibə isə Ermənistan ərazisində ola bilər”.
Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov isə bildirdi ki, Ermənistan öz zəifliyini dərk edir və siyasi məqsədlərini həyata keçirmək istəyir. Paşinyan hakimiyyəti beynəlxalq qurumlar tərəfindən də dəstəklənməsi üçün bəhanə axtarır və həmişə olduğu kimi bunu təxribatların köməyi ilə həyata keçirməyə cəhd edir: “Ermənistan amerikalıların və fransızların reaksiyasından ilham alıb, KTMT ilə Rusiyanın verdiyi zəmanətlər isə artıq İrəvan üçün yetərli deyil. Biz Ermənistanın Rusiya Federasiyasından Qərbə doğru getmə hekayəsinin davamını seyr edirik. Bu müddətdə isə Ermənistan tərəfi məhz Zəngəzurda həssas olacağını başa düşür. Ermənilər Rusiyanın Qarabağda onlara xəyanət etdiyini, deməli bu məsələdə də eyni şeyin ola biləcəyini düşünürlər. Ermənistan cəmiyyətinin Rusiyadan uzaqlaşıb Qərbə doğru getmək meyli var. Ermənilərin Qərbə doğru gedişinə bundan öncə Qarabağ məsələsi mane olurdu. İndi başa düşürlər ki, Rusiyadan üz döndərib Qərbə getmək yolunda çox təhlükəli bir dövr var. Yəni Rusiyanın Ermənistandan çıxması ona gətirib çıxara bilər ki, Ermənistan təhlükəsizlik sistemindən tamamilə məhrum olacaq. Ermənilər onu da anlayırlar ki, Azərbaycanın tarixi baxımdan əsası var ki, Zəngəzuru özünə qaytarsın.
İndi ermənilər sərhəddə lokal münaqişə yaradıb bölgəyə beynəlxalq qurumları cəlb eləmək istəyir. Qərbi bölgəyə cəlb etməyə bəhanə yaratmaq üçün İrəvan münaqişə yaradır. Bütün bunlar Ermənistanda üstünlük üçün Rusiya ilə Qərbin qarşıdurması kontekstində baş verir. Mən mayın əvvəlində açıqlamalarımda demişdim ki, ermənilərin təxribatlarının həcmi artacaq. İndi biz görürük ki, təxribatlar artmaqdadır, ermənilər məhz bu strategiyanı həyata keçirirlər. Erməniləri bu işdə dəstəkləməkdə Qərbin marağı var. Bölgəyə müşahidəçilər, sülhməramlılar və ya başqa ad altında yerləşmək Qərbin marağındadır. Buna əsas yaratmaq üçün addımlar atılır. Hesab edirəm ki, bu addımların sayı artacaq. Qərblə Rusiyanın Ermənistan üzərində maraqlarının mübarizəsi gedir. Hər iki qütbün öz maraqlarını müdafiə eləmək üçün Ermənistan daxilində bu və ya digər qüvvələri təhrik eləməyə imkanları var”.
Sabiq nazir bu gediaştın böyük miqyaslı yox, sürətli lokal əməliyyatlara gətirib çıxaracğı ehtimalının olduğunu dedi: “Mən istisna etmirəm ki, Azərbaycan Ermənistanın təxribat cəhdlərindən öz xeyirinə istifadə edə bilər. Yəni ermənilərin təxribatlarının qarşısını alarkən öz sərhədlərinin təhlükəsizliyini təmin eləmək üçün dəhlizi hərbi kontrolu altına götürə bilər. Təxminən 1990-cı illərin hadisələrinə oxşar proseslər əks istiqamətində baş verir. Ermənistan uğrunda Rusiya-Qərb qarşıdurmasından Azərbaycanın istifadə etməsi milli maraqlarımıza uyğun ola bilər”.

