Şənbə günü Qəbələdə əsl bayram ab-havası müşahidə olunurdu.
Hələ matçdan əvvəl şəhərin müxtəlif yerlərində insanlar qrup halında cəmlənmiş, stadiona yaxın ərazilərdə avtomobil tıxacı yaranmışdı.
Səbəb “Qarabağ”ın bölgəyə səfər etməsiydi.
Açığı, sonuncu dəfə Qəbələ şəhər stadionunda bu cür atmosferi nə vaxt gördüyümü xatırlamıram. Bu qədər insana, bu dərəcədə izdihama uzun illərdir rast gəlmirdik.
Diqqətimi çəkən xüsusi məqam arenaya toplaşanların arasında zərif cins nümayəndələrinin çoxluq təşkil etməsiydi. Azyaşlılar, şagird və tələbələr, hətta bura istirahət etməyə gələn xanımlar ”Qəbələ” – “Qarabağ” görüşünü izləmək həvəsinə düşmüşdü.
Stadiondakı tribunaların tam dolması səbəbindən oyunu təxminən 200-300 nəfər canlı izləyirdi.
Üç günlük istirahət müddətinin ilk günü, uyğun vaxt (17:00) və təbii ki, hava şəraitinin əlverişli olması yerli camaatı futbolla istirahət etməyə həvəsləndirmişdi.
Tamaşaçı çoxluğunun nəticəsiydi ki, valideynlər övladlarına əllərindən bərk tutmağı və ya gözdən uzaq düşməməyi xüsusi şəkildə tapşırırdı. Gənc qızların hər təhlükəli epizodda ayağa qalxıb həvəslənməsi də matça əlavə gözəllik qatırdı.
Bu görüntülərdən sonra əmin oldum ki, Qəbələdə futbolu anlayır və sevirlər. Azarkeşlərin stadiona gəlməməsinə görə əsas gətirilən “Qəbələdə futbol ənənələri yoxdur” cümləsinin məntiqi əsası yoxdur.
Razıyam, tamaşaçılar “Qarabağ”a görə gəlmişdilər. Niyə?
Çünki “Qarabağ” avrokuboklarda inamlı nəticələr qazanmaqla, daxili yarışlarda dəb müəyyənləşdirməklə insanların sevgisini qazanıb.
Bəs, indiki vəziyyətdə nə etmək lazımdır?
Demək ki, “Qəbələ” də beynəlxalq arenalarda uğurları sıralasa və Premyer Liqada iddialılardan olsa, stadionu dolduracaqlar. İndikindən daha çox və daha keyfiyyətli olmaqla.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

