“Qarabağ”ın qolçusu Kamilo Duran Sportinfo.az-a müsahibə verib.
24 yaşlı kolumbiyalı hücumçu Premyer Liqanın 31-ci turunda “Qəbələ” ilə heç-heçə başa çatan (1:1) oyundan sonra sualları cavablandırıb.
- Penaltini boşa verdiniz, sənin vurduğun qol da qeydə alınmadı. 1:1-i sözlə necə ifadə edə bilərsən?
- Bilirdik ki, bizi burada çətin oyun gözləyir. Qələbə qazanmaq üçün gəlmişdik, lakin alınmadı. Cəhdlərimiz faydasız qaldı. Bir az dincəlib, “İmişli” ilə növbəti oyuna hazırlaşacağıq.
- Çempionluq əldən gedəndən sonra sanki “Qarabağ” Premyer Liqa matçlarına motivasiya olmaqda çətinlik çəkir. Həqiqətən belədir, yoxsa kənardan belə görünür?
- Qətiyyən belə deyil. Hansı komanda uduzmaq istəyər, ya da meydana uduzmaq üçün çıxar? “Qarabağ” hər zaman oyuna 3 xal üçün çıxıb və qələbə qazanmağa öyrəşib. Sadəcə bəzən işlər istədiyimiz kimi getmir, nələrsə alınmır. Bu, heç bir halda motivasiyadan düşməyimiz anlamına gəlməməlidir.
- Nəticələrdəki qeyri-sabitlik bunu deyir. “Neftçi”yə məğlubiyyət, “Qəbələ” ilə bərabərlik.
- Bu, motivasiya ilə bağlı deyil. Belə olsaydı, ötən turda “Turan Tovuz”u məğlub edə bilməzdik. Dediyim kimi, bəzən nələrsə istədiyimiz kimi alınmır.
- Ölkə futbolsevərlərinin böyük əksəriyyəti Çempionlar Liqasında mübarizəni əldən vern “Qarabağ”ın ən pis halda Avropa Liqasında çıxış etməsini istəyir. İkinci dərəcəli klub turnirində çıxış etməyiniz üçün “Sabah” ölkə kubokunun finalında “Zirə”ni məğlub etməlidir. Mayın 13-də hansı komandaya azarkeşlik edəcəksən?
- Heç bir komandanı dəstəkləməyəcəm. Güclü olan qalib gəlsin.
HƏBİB

