Azərbaycan futbolunun ən yaralı yeri uşaq futboludur.
Bunu 7-dən 77-yə hamı bilir, danışır.
Təəssüf ki, həlli istiqamətində eyni hərəkətliliyi görə bilmirik.
Federasiya illərdi bu işə lazım olan diqqəti göstərmir.
Hazırkı rəhbərlik müəyyən addımlar atır, planlar var.
İcrası böyük pullar tələb edir.
Bunun ən gözəl çıxış yolu klubların ayrı-ayrılıqda yaxşı akademiyalar qurması olardı.
Biz onu da görmürük.
Vəziyyətdən çıxış yolu isə çoxdur.
AFFA və klublar yaxasını kənara çəkirsə, üzdə olan futbolçular ön plana çıxa bilər.
Məsələn, ötən yay butcusunu mıxdan asan Qara Qarayev, karyerasının sonuna yaxınlaşan Emin Mahmudov kimi yaxşı karyerası olan oyunçular öz adlarına akademiya yarada bilərlər.
Bura millimizin sabiq üzvləri Qurban Qurbanov, Rəşad Sadıqovu da əlavə etmək olar.
Düzdü, futbol akademiyası qurmaq böyük maliyyə tələb edir.
Lakin işə haradansa başlayıb, müəyyən sponsorlar cəlb etməklə adıçəkilənlər öz brendlərini qura bilər.
Böyük futbolda qazanc demək olar yoxdur.
Uşaq futbolunda isə səbrlə, düzgün yanaşma ilə qurulan iş yaxşı qazanc gətirə bilər.
Həm maddi, həm də mənəvi.
XANOĞLAN / SPORTİNFO.AZ

