“Dağlıq Qarabağda sarımsaq becərən ermənilər”in havadarları

26 May 2021 16:30 Problem 1 470
“Dağlıq Qarabağda sarımsaq becərən ermənilər”in havadarları

1992-ci il. 28 fevral. “The Washington Post” qəzetində Tomas Qoltsun Ağdam şəhərindən göndərdiyi yazı “Nagorno-Karabakh victims buried in Azerbaijani town – Refugees claim hundreds died in Armenian attack” (Dağlıq Qarabağ (müharibəsinin) qurbanları Azərbaycanın şəhərində dəfn edildilər - Qaçqınlar erməni hücumunda yüzlərlə adamın öldüyünü iddia edirlər) adı altında çap olunub.

Xocalı soyqırımını fakt kimi ortaya qoyan son dərəcə gərəkli məqalədir.

Fevralın 25-dən 26-na keçən gecə baş verən qətliamı amerikalı jurnalist cəmi 2 gün sonra “The Washington Post” kimi nüfuzlu bir media orqanında bütün çılpaqlığı ilə ortaya qoymuşdu. Qeyd edim ki, o vaxt kommunikasiya imkanları indikindən qat-qat aşağı idi. Buna baxmayaraq, adıçəkilən məqalə qısa zaman ərzində çap olundu və geniş rezonans doğurdu.

Məqalədə deyilir ki, Xocalı qəsəbəsində 6 min nəfərə yaxın sakin yaşayırdı. Ermənilərin hücumundan sonra onlar Dağlıq Qarabağdakı qəsəbədən Ağdama qaçmalı oldular. Ağdam məscidinin mollası bildirir ki, 477 nəfərin ölümü ilə bağlı bizə müraciət daxil olub və onların siyahısı tutulub.

Müəllif deyir ki, rəsmi Bakı Xocalıda 100 nəfərin öldüyünü bildirir, rəsmi İrəvan isə cəmi 2 nəfərin hücum zamanı öldüyünü iddia edir.

Tomas Qolts

Tomas Qoltsun yazısında önəmli bir element də var. O, yazır ki, Xocalıdan qaçıb gələnlər arasında Rusiyanın 366-cı motoatıcı alayının iki türkmən əsilli əsgəri də vardı. Əsgərlər deyirlər ki, alayın erməni zabitləri onları “müsəlman olduğuna görə” döyüblər. Onlar da alaydan qaçmalı olublar. Türkmən əsgərlər deyib ki, Rusiya alayı Xocalının işğalında ermənilərə kömək edib. Məqalədə türkmən əsgərlərdən birinin adı da var: Ağamehmet Mutif.

Bəllidir ki, Xocalı soyqırımı nəticəsində 613 sakin qətlə yetirilib, 487 nəfər isə yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

613 nəfərin qətl edən ermənilərin “cəmi 2 nəfər ölüb” deməsi isə erməni həyasızlığının sonsuzluğa meydan oxuyan miqyasını göstərir.

Təəssüf ki, jurnalistin bəhs etdiyi türkmən əsgərlərlə bağlı əlimizdə əlavə məlumatlar yoxdur. Ancaq Türkmənistan səfirliyi üzərindən onları tapmaq mümkündür...

Deyim ki, Tomas Qoltsun I Qarabağ Müharibəsi ilə bağlı obyektivliyi ilə seçilən digər yazıları da var. Bir çox Qərb jurnalistindən fərqli olaraq o, bu müharibəyə xristian təəssübkeşliyi prizmasından baxmayıb, daha çox ali insani dəyərlərə söykənib. Təbii ki, belə yanaşma erməniləri qane edə bilməzdi. Ona görə də Tomas Qoltsa bəhs etdiyimiz məqalənin çapından sonra başlayan hücumlar indi də davam edir. Onu az qala dünyanın bütün nüfuzlu kəşfiyyat orqanlarına işləməkdə suçlayırlar. 1954-cü ildə Yaponiyada doğulan amerikalı Tomas Qoltz Qafqazda baş verən münaqişələrlə bağlı bir neçə kitabın müəllifidir. O cümlədən, 1998-ci ildə işıq üzü görən "Azərbaycan gündəliyi" kitabı da onun qələmindən çıxıb. 2007-ci ildə dilimizə tərcümə olunan həmin kitabda o, erməniləri Xocalıda etnik təmizləmə siyasəti aparmaqda ittiham edib. Bir çox dilləri, o cümlədən Tükiyə və Azərbaycan tükcəsini bilir. Özünün dediyinə görə, xanımının türk olması bu işdə ona yardımçı olub. O, Azərbaycan Diplomatik Akademiyasının (ADA Universiteti) fəxri professorudur.

Tomas Qoltsun Kanadanın paytaxtı Ottavada mühazirə zamanı (2009) Dağlıq Qarabağ ermənilərini “sarımsaq becərən ermənilər” adlandırması təhqir kimi dəyərləndirilib.

Həmin çıxışı zamanı o, bəyan etmişdi ki, Dağlıq Qarabağ yenidən Azərbaycanın tərkib hissəsi ola bilər. O vaxt Ermənistan mediası “Amerikalı professor ermənilər haqqında irqçi və alçaldıcı ifadələr işlədib” başlıqlı məqalələrlə dolub-daşırdı. Kanada Erməniləri Milli Komitəsi onun ünvanına ittihamlar yağdırdı. Onun 2006-cı ilin sentyabrında Azərbaycan mətbuatına verdiyi müsahibədə maraqlı məqamlar var.

Məsələn, o deyir ki, Azərbaycanın işğal altında olan ərazilərinə qanuni və ya qanunsuz səyahət etmiş insanlarla danışmağa çalışıram və təəssüratım budur ki, işğal olunmuş ərazilər talan edilib və orada kimsə yaşamır... Mən müharibələrin içində olmuşam. Müharibəyə nifrət edirəm. Ancaq Ermənistanla danışıqlardan məyus olan Azərbaycanı da başa düşürəm. Ola bilsin ki, Azərbaycan müharibəyə əl atsın, işğal altındakı torpaqlarını, hətta Dağlıq Qarabağı geri qaytarsın.

2006-cı ildə xəyal kimi görünən bu iddia 2020-ci ildə gerçəkləşdi. Amma müharibə bitmədi. Bu gün də Ermənistanla Azərbaycan arasında təbliğat müharibəsi gedir. Elə bu təbliğatın nəticəsidir ki, Avropa Parlamenti Azərbaycanın erməni hərbçilərini "təcili və şərtsiz" azad etməsi ilə bağlı qətnamə qəbul edib. Qeyd edək ki, Avropa Parlamentinin “hərbçi” adlandırdığı şəxsləri Azərbaycan terrorçu hesab edir. Çünki onlar müharibə rəsmən başa çatdıqdan az qala bir ay sonra anti-terror əməliyyatı zamanı əsir götürülüblər. Yəni, Üçtərəfli Anlaşma heç bir halda onlara şamil oluna bilməz.

Xocalı soyqırımı məsələsinə qayıdıram. Bəllidir ki, o vaxt ermənilər 150 nəfər Xocalı sakinini əsir götürüblər. Onların arasında 68 qadın və 26 uşaq var. Bu, 150 nəfərin taleyi bu günədək məlum deyil. Ermənistan onlarla bağlı Azərbaycanın sorğusuna başdansovdu cavab verir.

Avropa Parlamenti, ümumiyyətlə Qərb ölkələrinə bağlı heç bir təşkilat bu məsələni araşdırmağa maraq göstərmir. Başqa bir məqam, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Qərbin demokratiyadan, qanunun aliliyindən dəm vuran təşkilatlarından səs çıxmayıb. İndi Azərbaycan tərəfi Ermənistanla sərhədlərini beynəlxalq səviyyədə tanınan əsaslar çərçivəsində bərpa etmək istəyir. ABŞ, Avropa Birliyi, Qərbin yüzlərlə təşkilatı xorla eyni şeyi deyirlər. Deyirlər ki, erməni əsirləri “dərhal və qeyri-şərtsiz” buraxın. Azərbaycan ordusunu Ermənistan ərazisindən dərhal geri çəkin. Bu işdə Fransanın xüsusi canfəşanlıq göstərməsi də aydın görünür. Bu ikili standartın arxasında nə dayanır? Aydındır ki, söhbət xristian həmrəyliyindən gedir. Ona görə də əksər Qərb ölkələri üçün Ermənistanı müdafiə etmək az qala şərəf məsələsi hesab olunur. Humanizmdən dəm vuran Qərb heç minalanmış ərazilərin xəritəsinin Ermənistan tərəfindən Azərbaycana verilməsi məsələsinə də elə bir maraq göstərmir.

Düzdür, Avropa Birliyi rəsmən Azərbaycanın ərazi bütövlüyün tanıyır. Ancaq bu, azdır. Əgər Avropa Birliyi, bütövlükdə Qərb Cənubi Qafqazda sülh və inkişaf görmək istəyirsə, Ermənistandan Azərbaycanın ərazi bütövlüyünü tanımağı tələb etməlidir. Hələlik ortada belə bir tələb yoxdur.

Elbəyi Həsənli, Sürix

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti