Obrazlı desək, köhnə tarixlə (8 noyabr 2020-ci il Zəfərinədək) - 8 may Şuşanın Ermənistanın işğalçı ordusu tərəfindən işğal olunduğu gündür.
1992-ci ilin bu günü ağalarından hər cür dəstək alan işğalçı erməni qoşunları “Dağlarda toy” əməliyyatı ilə Azərbaycanın cənnət guşəsini işğal edərək ilk əhəmiyyətli hərbi qələbə qazanmışdılar.
Elə məhz Azərbaycanın tarixi qalasının, Pənahabad yurdunun əldən getməsi nəticəsində davamlı şəkildə şəhər, rayon və kəndlərimiz işğala məruz qaldı və bu həsrətin yaşı 28 ildən çox çəkdi. Yuxarı Qarabağın strateji əhəmiyyətli bu ərazisinin itirilməsi nəticəsində həm Qarabağ ermənilərinin Ermənistanla Laçın dəhlizi vasitəsilə rahat gediş-gəlişi yarandı, həm də Xankəndi şəhərinin işğalı yekunlaşdı, çünki Şuşa ordumuzun nəzarətində olduğu zaman Xankəndidəki separatçı, quldur dəstələrə rahatlıq yox idi.
Qeyd edək ki, Şuşa şəhərinin işğalı məhz İranın vasitəçiliyi əsasında Azərbaycan və Ermənistan rəhbərliyinin Tehranda bir araya gəlib, danışıqlar apardığı vaxtda baş vermişdi. Heç şübhəsiz, Şuşanın işğalı həm də İranın vasitəçiliyinə zərbə vurmaq niyyəti güdürdü və bu, ermənilərin boyunu aşan ssenari idi.
Yeri gəlmişkən, əməliyyata rəhbərlik etmiş erməni general “tülkü” ləqəbli Arkadi Ter-Tadevosyan bir müddət əvvəl, elə 44 günlük savaşın məntiqi nəticəsi olaraq Şuşaya Azərbaycan bayrağının sancılmasını görəndən sonra bəlkə də çərləyərək gorbagor oldu.
289 kvadrat kilometr ərazisi olan Şuşa rayonunda həmin dövrdə 25.000 əhali yaşayıb. Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Tariximizi yaşatmaq və başımıza gətirilən facilələri unutmamaq üçün bütün bunlar xatırlanmalıdır təbii ki. Çünki düşmən çox məkrli və hiyləgərdir, tarix boyu dəfələrlə bizi yaddaşımızla sınağa çəkib.
Artıq bu gün Şuşada tamam başqa abı-hava yaşanır. Ali Baş Komandan Şuşanın simvollarından olan heykəlləri azad olunmuş müqəddəs məkana qaytarandan sonra burada quruculuq-abadlıq işləri sürətlənib. Prezident sərəncamı ilə Füzulidən Şuşaya 105 km-lik Zəfər yolu çəkilir. Şuşada köhnə tikililər sökülür, tarixi məkanların, o cümlədən Vaqifin məqbərəsi bərpa olunur. Həmçinin qala-şəhərə yeni su xətti çəkilir. Bundan əlavə, İsa bulağına yeni yolun çəkilişi də plana salınıb.
Prezident İlham Əliyevin 7 may 2021-ci il Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Beləliklə, hərb meydanında müharibə bitib, ancaq diplomatiya, informasiya meydanlarında savaş davam edir və ermənilər öz himayədarlarından stimul alaraq, xəstə iddialarını səsləndirməkdədirlər. Təbliğat-diplomatiya savaşında ən ciddi uğurlarımızdan biri yəqin ki, ermənipərəst Minsk Qrupunun dirçəlməsinə hələ də imkan verməməyimizdir. Ancaq belə görünür ki, bu yöndə bizə təzyiqlər davam edəcək.

Tofiq Abbasov
Azərbaycandan “Minsk Qrupu” təhlükəsini tam sovuşdurmaq üçün nə etməliyik? Özünü zorla bizə sırımağa çalışan vasitəçilərdən necə qurtulmalı? Bütün bunlarla bağlı politoloq Tofiq Abbasov “Yeni Müsavat”ın suallarını cavablandırdı.
- Tofiq bəy, illərdir 8 mayı Şuşanın işğal günü olaraq, ağrı-acı içərisində qeyd edirdik, ancaq şükürlər olsun ki, bu gün tamam başqa ovqatdayıq, qürurluyuq və 6 ay öncəsi Zəfər millət olaraq qəddimizi düzəldib, qalib ölkənin qalib vətəndaşı olaraq sözümüzü deyirik. Ancaq istənilən halda tariximizin qara səhifələrini də unutmamalıyıq. Siz həmin dönəmi necə xatırlayırsınız və bu mövzu barədə nə düşünürsünüz?
- Şuşa Qarabağın həm simvolik, həm də əsl açarıdır, ən yüksək nöqtəsidir. Mən 1992-ci il may ayının 8-də Tehrandakı mərasimin şahidi olmuşam. O zaman AzTV-nin müxbiri kimi o prosesdə iştirak edirdim. Rəfsancaninin vasitəçiliyi ilə İran çalışırdı ki, Ermənistan və Azərbaycan arasında sülhə nail olsun. Ordakı proseslər mənim gözümün qarşısında oldu. Səhər tezdən imzalanma mərasiminə gəldikdə biz gördük ki, orda bir təşviş yarandı. Elə Ermənistan prezidenti Levon Ter-Petrosyan dedi ki, İrəvana zəng edin, mənə nə baş verdiyi barədə dəqiq məlumat verin! İran tərəfi də çaşqın vəziyyətdəydi, təbii ki, biz də... Bir azdan bəlli oldu ki, bəli, artıq erməni hərbi birləşmələri Şuşaya daxil olub. Əlbəttə ki, biz məyus olduq, qanımız qaraldı. Çünki biz həm şok vəziyyətinə düşdük, digər tərəfdən də faktiki olaraq anladıq ki, üstünlük bizdən birdəfəlik uzaqlaşır. Mən onu da müşahidə etdim ki, prezident sarayında Rəfsancani özü çox pis hisslər yaşadı. Ermənilərsə gülməyə başladılar. Təbii ki, bunun müqabilində bizim narahatlığımız açıq şəkildə üzə vurdu. Amma inanın, biz həmin gün axşam təyyarəyə minib Vətənə dönəndə məndə belə bir hiss var idi ki, bu, müvəqqəti bir şeydir, onsuz da biz bu açarı onlara verə bilmərik, ermənilər onu əldə edə bilməyəcəklər.
30 ilə yaxın vaxt keçdi və biz istədiyimizə nail olduq. Təbii ki, həyatda, ümumiyyətlə, tarixdə, təcrübədə böyük və ali ədalət var. Ədalət həmişə gücünü, təpərini göstərir. O baxımdan elə hesab edirəm ki, qanunauyğun bir gedişatın şahidi olduq. Ermənilər nə qədər iddia etsələr də ki, onlar guya bu torpaqların əsl sahibidirlər, hamıdan əvvəl gəliblər, Azərbaycan torpaqlarının işğal dövründəki vəziyyəti bunu əyani şəkildə göstərdi. Ordakı durumdan gördük ki, bunlar nə dərəcədə vəhşidirlər. Ümumiyyətlə, quruculuq işi bunlarlıq deyil. Bunlar Qafqaza ən gec gəlmiş xalqdırlar, amma gələndən bəri özləri ilə ancaq dağıdıcı potensial, qarşıdurma üçün meyllər, kin-küdurət gətiriblər. Yəni bunların işi budur. Bunlar bununla yaşayırlar. Eləcə də qonşuların hamısına düşmən gözü ilə baxaraq, çalışırlar ki, öz yerlərini bərkitsinlər, özlərinə əlverişli bir şərait yaratsınlar. Təbii ki, bu, olan iş deyil. Çünki hər bir əşyanın, yerin, torpağın öz yiyəsi var.
Bu baxımdan da biz görürük ki, qeyd etdiyim tarixi ədalət öz gücünü göstərdi. Çox çalışdılar ki, dünya birliyini inandırsınlar. Düzdür, mənfur qüvvələrin hamısının onlara dəstək göstərməsinin də şahidiyik. Görürük onlara nə dərəcədə “züy tuturlar”, dəstək verirlər ki, bu qeyri-qanuni iddiaları qanuni çərçivəyə salsınlar. Ancaq bu, alınan məsələ deyil. Həqiqətən də Azərbaycan öz gücünü, imkanlarını, potensialını səfərbər edərək öz qətiyyətli sözünü dedi. Burada Ali Baş Komandan faktoru, Milli Ordumuzun böyük şücaəti, rolu var. Həmçinin burada bizim siyasi iradəmiz var idi ki, biz onunla bütün hərəkətlərimizi tənzimləyirdik, işlərimizi yoluna, qaydasına qoyurduq.
- Necə bilirsiniz, 44 günlük sarsıdıcı zərbələrdən sonra hərbi əməliyyatlar, savaş mərhələsi bitdiyini demək olarmı?
- Yox. Mən elə başa düşürəm ki, hələ bitməyib. Hələ axıra qədər başa çatmayıb və proses davam edəcək. Bilirsiniz, nə qədər ki, havadarlarının dəstəyini, köməyini görürlər, onlardan silah-sursat alırlar, ermənilər yenə də çaxnaşma salmağa, dağıtmağa, vəziyyəti qeyri-stabil etməyə çalışacaqlar. Yəni o halda bəlkə təsadüfdən, zəlzələdən, ya vəlvələdən bir şey qazana bilsinlər. Amma inanmıram ki, artıq bundan sonra onların xeyrinə bir dönüş yaransın. Çünki biz öz sözümüzü deməklə gücümüzü göstərməklə həm də bildirdik ki, o köhnə status-kvo var e, onu basdırmaq lazımdır və basdırırıq da. Hesab edirəm kiçik xırda əməliyyatlar olacaq və separatçıların olan-qalan qalıqları, onlara dəstək verənlər ki var, biz onların hamısının canını alacağıq. Mən buna qəti əminəm və bilirəm ki, biz bu işin öhdəsindən gələcəyik.
Ancaq burda nöqtə qoymaq hələ tezdir. Birincisi, onlar gərginliyi durmadan artırırlar, ikincisi, hər yerdə problemli vəziyyət yaratmağa çalışırlar. Bununla da Azərbaycana həm psixoloji təsirlər göstərmək, həm də bizim təbii, halalca haqqımızı şübhə altında qoymaq istəyirlər, bu isə olan iş deyil. Adətən, şər qüvvə müvəqqəti şəkildə üstünlüyü ələ keçirir, amma nəticədə həmişə məğlub olur. Çünki həqiqətən də ədalət prinsipi, ədalət işi öz sözünü deyir, öz rolunu göstərir.
- Ötən yarım ildə ən çox səslənən sual Xankəndiyə yolumuzun nə zaman açılacağı ilə bağlı oldu. Sizin təxminləriniz necədir?
- Bu sual aktualdır. Fikrimcə, necə ki, Şuşanın qaytarılması aktual idi, biz onun sevincini yaşadıq, eləcə də Xankəndiyə də qayıdacağıq. Mən qəti əminəm ki, biz ermənilərin dağıdıcı potensialını pərən-pərən edəcəyik, ondan heç bir şey qalmayacaq.
- Amma Minsk Qrupu yenidən dirçəlməyə çalışır...
- Məncə, Minsk Qrupunun olması bəlkə də lazımdır. Çünki o da bir platformadır və biz istənilən məqamda o mənfur qüvvəyə öz sözümüzü deyə bilirik.
- Onların yenidən Laçın dəhlizindən Xankəndiyə qanunsuz səfərləri və proseslərə ciddi müdaxilə imkanları ola bilərmi?
- Yox, inanmıram. Artıq biz üstünlüyü elə bir tərzdə ələ keçirdik ki, daha onlara heç bir şans qoymayacağıq.
- Tofiq bəy, bəs, Laçın dəhlizinə nəzarət məsələsi nə zaman həllini tapa bilər?
- Bunlar hamısı kompleks şəkildə həllini tapa biləsi məsələlərdir, biz onları həll edəcəyik, darıxmayın. Yəni tələsməyə dəyməz. Necə ki, ötən müddətdə təmkinlə, böyük səbir göstərməklə proseslərə yön verdik, eləcə də digər məsələlər də həllini tapacaq. Dəhlizlərin məsələsidir, kommunikasiyalardır, Zəngəzur yoludur, onların hamısını həll edəcəyik, vaxtı var.
- Nikol Paşinyan anlaşmalara sadiq olduğunu deyib. Növbəti erməni hiyləsidir, yoxsa doğrudan da razılaşmalardan qaçması mümkünsüzdür?
- İndi Paşinyanın sözlərini birmənalı qəbul etmək düzgün olmaz.
- Faktiki olaraq bu adam 44 günlük savaş ərəfəsində katalizator rolunu oynadı. Bu mənada onun dediklərində erməni hiyləsini axtarmağa dəyərmi?
- Yox. Ermənistanda hakimiyyətə iddialı qüvvələr çoxdur və onlar özləri üçün üstünlük əldə etməyə çalışırlar. Elə başa düşürəm ki, bu prosesdə heç bir təsadüf olmayacaq.
- Bu ərəfədə Sergey Lavrovun Bakıya nə ilə gələcəyi də məlum deyil...
- Əslində bilinir. O, İrəvanda xeyli ürəkaçan bəyanatlar verdi. Ancaq əsas səsləndirilən bəyanatlar deyil. Əsas məsələ odur ki, pərdə arxasında hansı danışıqlar olur. Əgər Paşinyan qalib gələ bilsə, ondan sonra bir qədər müəyyənlik şəraiti yaranacaq və bəlli olacaq ki, orada kim, necə hərəkət etməlidir, vəssalam.
- Ümumilikdə diplomatiya, siyasi platformalarda, informasiya savaşında mübarizəni davam etdirməliyik, eləmi?
- Mütləq. Xüsusilə də informasiya mücadiləsində biz imkanlarımızı çox genişləndirməli, təzyiqlərimizi artırmalıtıq. Çünki bu, mütləq şəkildə lazımdır. Onlar müharibədə məğlub olublar, indi gücü verirlər məhz ideoloji qarşıdurmaya.

