Poliklinikalarda qan analizlərinin cavabı səhv çıxır?

8 May 2021 14:50 Problem 1 082
Poliklinikalarda qan analizlərinin cavabı səhv çıxır?

Tanınmış pediatr Aytən İsmayılzadə uşaq poliklinikalarında qan analizatoru olmadığı üçün azyaşlıların analizlərinin nəticələrinin səhv çıxdığını bildirib.

Sportinfo.az xəbər verir ki, pediatr bu yanlış analizə əsaslanaraq aparılan səhv müalicənin də həmin uşaqlarda erkən yaşlarda şəkərli diabet yaratdığını deyib:

“Artıq İcbari Tibbi Sığorta tətbiq olunur və hələ də poliklinikanın yalnış, natamam, “troyka” adı ilə insanlara tanıdılan qanın ümumi analizinə əsasən müalicə təyin olunur.

Köhnə üsul ilə hemoqlobin təyini bu gün yolverilməzdir. Sahli hemoqlobinometrlərinin vaxtı çoxdan bitib. Həm onların vaxtı çoxdan keçib, səhv nəticə göstərir, həm də doğru göstərsə belə, yalnız hemoqlobin dəyəri yetərli deyil.

Səhv diaqnoz səhv müalicə və pis nəticə deməkdir.

Talassemiya daşıyıcılığının geniş yayıldığı ölkə olaraq MCV dəyəri daxil olmaqla geniş parametrli ümumi qan analizi və ferritin analizi yoxlamadan bizim tək hemoqlobinlə anemiya diaqnozu qoyub dəmir təyin etməyimiz səhvdir.

Nümunə kimi bu analizə baxın. Birinci şəkildə poliklinikadakı natamam qan analizinə görə 80 q/l hemoqlobin göstərilib. Bu da ikinci dərəcə anemiya deməkdir. Dəmir təyin olunacaqdı, mənə göstərildikdə dəmir deposunu istədim. O da normal oldu. Beləliklə, özəl klinikanın nəticəsini istədim, gördüyünüz kimi hemoqlobin 125q/l göstərildi.

Həmişə yalnız poliklinika nəticəsinə görə dəmir alan uşaqlar arasında bəlkə də neçə-neçə talassemiya daşıyıcıları var ki, qanında dəmir dolub daşır. Artıq miqdarda olan dəmir orqanlara çökür, onların işini pozur. Məsələn, mədəaltı vəz zədələnərsə, gələcəkdə şəkərli diabet inkişaf edə bilər.

Özəl klinikada 12-18 manat vermək imkanı olmayanlar nə etsin? Bir sözlə, uşaq poliklinikaları qan analizatoru ilə təmin edilməlidir. Bəli, bu özəl klinikaların qazancını xeyli azaldacaq. Bəlkə, elə bu sistem xətrinə indiyədək bu iş bu yerdə qalıb. Amma İcbari tibbi sığortanın tətbiq olunduğu bir zamanda bu, artıq gülünc və utancvericidir”.

Digər Xəbərlər
Xəbər Lenti