Milyarderlərin "pul üsyanı" yatırıldı – Yaşasın köhnə futbol!

21 Aprel 2021 09:20 Problem 829
Milyarderlərin "pul üsyanı" yatırıldı – Yaşasın köhnə futbol!

Artan etirazlardan sonra yeni yaradılan Avropa Super Liqası 48 saat ərzində ləğv ediləcək.

Yarışa qatılacağını açıqlayan 12 klub yenidən bir araya gəlib, turniri təxirə salmaq üçün müzakirə aparacaq.

"Mançester Siti" liqadan çəkildiyini artıq rəsmən açıqlayıb. Bununla bağlı klub bəyanat yayıb: "Mançester Siti" Avropa Super Liqasının həyata keçirilmə planlarını işləyən qrupdan çıxış proseduru yönündə işə başladığını rəsmən təsdiqləyə bilər".

"Çelsi" də tezlikə rəsmi açıqlama yayacaq. UEFA və FIFA-nın basqısından sonra digər ingilis klublarının da turnirdən imtina edəcəkləri gözlənilir. İspaniyadan isə "Atletiko" və "Barselona" geri addım atıblar.

Qitənin 12 klubu - “Real”, “Barselona”, “Atletiko”, “İnter”, “Yuventus”, “Milan”, “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem” turnirdə iştirak edəcəklərini açıqlamışdılar.

"Siti" böyük zəka nümayiş etdirdi" -
UEFA prezidenti Aleksandr Çeferin "Mançester Siti"nin Avropa Superliqasını tərk etmək qərarını şərh edib. O, bununla bağlı deyib:

“Mançester Siti”ni yenidən Avropa futbol ailəsində salamlamaqdan məmnunam. Onlar böyük zəka nümayiş etdirdilər. "Siti" futbol üçün əsl sərvətdir və onlarla daha yaxşı bir gələcək üçün çalışdığıma görə şadam".

"Səhvinizi düzəltməyə vaxtınız var"
UEFA prezidenti Aleksander Çeferin Avropa Superliqasında iştirak etməyi qəbul edən İngiltərə klublarına müraciət edib.O, bildirib ki, İngiltərə təmsilçilərinin səhvlərini düzəltmək üçün vaxtları var:

“Bəzi ingilis klublarının sahiblərinə müraciət etmək istərdim. Centlmenlər, siz çox böyük bir səhv etdiniz. Bəziləri bunun acgözlük olduğunu, bəziləri isə futbol mədəniyyətinə qarşı hörmətsizlik, təkəbbürlük olduğunu söyləyəcək...

Ancaq bunun əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan fikrinizi dəyişdirmək üçün hələ vaxt var. Hər kəs səhv edir. İngilis azarkeşlər sizin düzəlişinizə layiqdirlər".

6 milyardlıq əks-hücum
UEFA Avropa Superliqasını dayandırmaq üçün "Centricus Asset Management"lə 6 milyard avro məbləğində maliyyələşdirmə paketi üçün danışıqları davam etdirir.

Bu barədə "Bloomberg" məlumat yayıb. Xəbərlərdə danışıqların davam etdiyi, ancaq razılaşma ilə nəticələnə bilməyəcəyi yazılıb.

Bundan əvvəl yayılan xəbərlərdə ABŞ-ın nəhəng bankı olan "JP Morgan"ın futbol dünyasında mübahisələrə səbəb olan Avropa Superliqasına 4 milyard avro investisiya qoyacağı bildirilmişdi.

Superliqa kimlərin işinə yarayacaqdı? -
Superliqada oynayacaq klublara qarşı UEFA-nın tətbiq edəcəyi sanksiyalar daxi Qitə futbol qurumunun qərarına əsasən alternativ turnirə qatılacaq komandalar ölkə çempionatlarından da çıxarılacaq.

Çempionlar Liqasında PSJ-nin qalib elan olunması variantı ilə yanaşı, Superliqada iştirakı təsdiqlənən İngiltərə, İspaniya və İtaliya nəhəngləri hətta çempionatda da cari mövsümün sonunu görməyə bilər.

Nəzərə alaq ki, Premyer Liqa, La Liqa və A seriyası rəhbərləri də alternativ yarışa qarşıdır və bu məsələdə UEFA ilə həmfikirdir.

Əgər radikal qərar qəbul olunsa, hər üç liqanın turnir cədvəlində ciddi dəyişiklik olacaq, hazırda avrokuboklara iddiası qalmayan klublara çempionluq və gələn mövsüm hətta Çempionlar Liqasına qatılma şansı yaranacaq.

Qiyamçı 12 klubdan 6-sı İngiltərə, 3-ü İspaniya və 3-ü İtaliya təmsilçiləridir. Onlar bu mövsüm daxili birinciliklərdən çıxarılarsa, Premyer Liqa, La Liqa və A seriyasında Çempionlar Liqasına vəsiqə verən ilk “4-lük” hazırkı vəziyyətdə belə sıralanacaq:

İngiltərə Premyer Liqası
1 Lester 31 17 5 9 55-37 56
2 Vest Hem 32 16 7 9 53-42 55
3 Everton 31 14 7 10 43-40 49
4 Lids 31 14 3 14 49-49 45

İspaniya La Liqası
1 Sevilya 31 20 4 7 46-25 64
2 Vilyarreal 31 12 13 6 48-34 49
3 Betis 31 14 6 11 42-45 48
4 Real Sosyedad 31 12 11 8 48-33 47

İtaliya A seriyası
1 Atalanta 31 19 7 5 72-38 64
2 Napoli 31 19 3 9 66-35 60
3 Latsio 30 18 4 8 51-41 58
4 Roma 31 16 6 9 55-47 54

Avrokubok mövsümü başa çatdırılacaq
Çempionlar Liqasının və Avropa Liqasının cari mövsümdəki yarımfinal oyunları təqvimə uyğun şəkildə keçiriləcək. Superliqa klublarını turnirdən kənarlaşdırmaqla hədələyən UEFA belə sərt cəzaya əl atmayacaq.

Çempionlar Liqasının yarımfinalında oynayacaq komandalardan üçü – “Çelsi”, “Mançester Siti” və “Real”, Avropa Liqasında mübarizəni davam etdirənlərin ikisi – “Arsenal”la “Mançester Yunayted” Superliqaya qatılan klublardır.

Daha öncə onların avrokuboklardan dərhal kənarlaşdırılacağı və mümkün variantlar müzakirə olunurdu.

“Həmin 12 klub olmadan da gələn mövsümdən…“
UEFA prezidenti Aleksander Çeferin yeni yaradılan Superliqaya üzv olan klubların cari mövsümdəki aqibətinə aydınlıq gətirib. Sloveniyalı funksioner bildirib ki, Superliqa klublarını Çempionlar Liqası və Avropa Liqasından kənarlaşdırmaq

UEFA-nın qaydaları çərçivəsindədir. Bu baş verərsə, “Mançester Siti”, “Real”, “Çelsi”, “Mançester Yunayted” və “Arsenal” avrokuboklardan çıxarılacaq, PSJ Çempionlar Liqasının qalibi elan ediləcək.

Çeferin əlavə edib ki, 12 klubun Superliqaya qatılması onların planlarına təsir etməyəcək: “Həmin 12 klub olmadan da gələn mövsümdən Çempionlar Liqasını davam etdirəcəyik.

Avropada kifayət qədər klub var. Vəziyyəti qiymətləndirməyə davam edirik. Məlumat gecə yayıldığından, bütün qərarları bir anda vermək çətindir.

Hüquqşünaslar bu məsələ üzərində işləyirlər. Şəxsi fikrim budur ki, o klublar dərhal yarışlardan kənarlaşdırılmalıdır”.

Klubların büdcəsinə əlavə gəlir gətirməsi üçün...
UEFA Çempionlar Liqasının büdcəsini artırmağı planlaşdırır. Ali qitə qurumu İngiltərənin bir investisiya fondu ilə danışıq aparır. Xəbərdə bildirilir ki, ÇL-in büdcəsi 4.5 milyarddan 7 milyard avroya qaldırılacaq.

UEFA-nın yeni yaradılan Avropa Superliqadan imtina edən klubları turnirə dəvət edəcəyi bildirilir. Yeni layihə bir neçə həftədir müzakirə olunur. Layihənin ÇL-də iştirak edəcək klubların büdcəsinə əlavə gəlir gətirməsi üçün nəzərdə tutulduğu qeyd olunub.

"Mançester Yunayted"in vitse-prezidentindən istefa qərarı
"Mançester Yunayted" Ed Vudvordun klubun vitse-prezidenti vəzifəsindən istefa verəcəyini açıqlayıb. O, vəzifəsini 2021-ci ilin sonunda tərk edəcək.

"TalkSPORT" Vudvordun Superliqanın yaradılması ilə bağlı ictimai reaksiya səbəbindən bu qərarını verdiyini yazıb. Ed Vudvord 2012-ci ildən Mançester təmsilçisinin vitse-prezidentidir.

İngiltərənin 14 klubu onlara qarşı çıxdı
İngiltərə Premyer Liqası Avropa Super Liqasının inkişafına mane olmaq üçün bütün variantları nəzərdən keçirəcək. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Yarışın rəhbərliyi bu gün turnir iştirakçısı olmayan 14 klubun nümayəndəsi ilə görüşdə Superliqanın yaradılmasının mümkün mənfi təsirlərini müzakirə edib. Klublar yekdilliklə turnirin təşkili ilə bağlı bütün planları rədd ediblər.

Bildirilib ki, Superliqanı maliyyələşdirən səhmdarları daxili qaydalara uyğun olaraq məsuliyyətə cəlb etmək üçün bütün mümkün yollara əl atılacaq.

Premyer Liqa rəhbərliyi futbolun əsas prinsiplərini qorumaqda maraqlı olan tərəflərlə çalışmağa davam edəcəklərini açıqlayıb. Qurum yarışa qatılan klubları dərhal bu ideyadan imtina etməyə dəvət edib.

Kapitanlar təcili iclasa çağırıldı – Superliqa əleyhinə
Avropa Superliqasının yaradılması bir çox mütəxəssislər kimi, futbolçuların da narazılığına səbəb olub. İngiltərə Premyer Liqasında çıxış edən klubların oyunçuları bu turnirdə iştirak etmək niyyətində deyil.

Bu sarıdan “Liverpul” üzvləri xüsusi fəallıqları ilə seçilirlər. Təsadüfi deyil ki, “qırmızılar”ın kapitanı Cordan Henderson Premyer Liqa klublarının bütün kapitanlarını təcili iclasa dəvət edib. Toplantıda Superliqanın boykot edilməsi müzakirə olunacaq.

Özünü çempion elan etdi
“Vulverhempton” maraqlı paylaşımla diqqət çəkib. Adıçəkilən komanda sosial şəbəkə vasitəsilə özünü 2018/19 mövsümündə Premyer Liqanın çempionu elan edib.

Bu addım həmin vaxt çempionatı ilk 6 pillədə başa vuran klubun yeni yaradılan Avropa Superliqasına qatılmasına görə atılıb. Həmin vaxt “Vulverhempton” Premyer Liqada 7-ci yeri tutub.

“Vulverhempton” hazırda Premyer Liqanın 12-ci pilləsində qərarlaşır. Əgər Superliqaya qatılan 6 klub çempionatdan çıxarılsa, komanda 6-cı yerə yüksələcək.

“5 dəqiqə olan iki hissə oynayaq, 45 dəqiqə reklam fasiləsi edək”
İngiltərə millisinin sabiq futbolçusu Harri Liniker yeni yaradılan Superliqanın və “Real”ın prezidenti Florentino Peresin matçların vaxtının azaldılması barədə fikirlərinə münasibət bildirib.

Futbol veteranı ispaniyalının ideyasına rişxəndlə yanaşıb. O, hətta Peresin sözlərinə “ilişmək”dən də çəkinməyib: “Gözəl ideyadır. Gəlin hər biri 5 dəqiqə olan iki hissə oynayaq və 45 dəqiqə reklam fasiləsi edək. Bu oğlan...”.

Liniker sosial şəbəkədəki paylaşımına ürəyi bulanan insan işarəsi də yerləşdirib. O, bununla Superliqa ideyasına yanaşmasını nümayiş etdirib.

Superliqa oyununun keçirilməsinə qadağa qoyulacaq - İngiltərədə
İngiltərənin baş naziri Boris Conson yeni yaradılan Avropa Superliqası ilə bağlı narazılığını növbəti dəfə dilə gətirib. O, sərt addımlar atacaqlarını söyləyib.

Conson Superliqaya qatılmaq istəyən İngiltərə klublarına qarşı qanun qəbul edəcəklərini bildirib: “Qəbul olunacaq bu qanunla vəziyyətin qarşısını alacağıq. İngiltərədə Superliqa oyununun keçirilməsinə qadağa qoyulacaq”.

UEFA onları məhkəməyə verir?
UEFA öz aralarında Superliqa qurmaq qərarına gələn 12 nəhəng klubu məhkəməyə verməyə hazırlaşır. Qitə futbol qurumu həmin komandalardan təzminat tələb edəcək. Bu məsələdə UEFA-ya üzv olan 55 federasiya və liqaların rəhbərləri də quruma dəstək olmaq qərarına gəlib.

UEFA-nın Hüquq Departamenti Superliqanın iştirakçılarından futbol tarixinin ən böyük təzminatını – 50 milyon avro tələb edəcək. Bununla bağlı yaxın günlərdə rəsmi açıqlamanın verilməsi gözlənilir.

“Biz məğlubedilməzik”
“Superliqa böhranı UEFA-nı daha da gücləndirəcək” - bunu UEFA-nın prezidenti Aleksandar Çeferin deyib. Qitə futbol qurumunun Konqresində çıxış edən sloveniyalı funksioner yeni yaradılan Superliqa ilə bağlı sərt qərarlarından dönməyəcəklərini söyləyib:

“Bir an da fikrimizdə tərəddüd etməyəcəyik. Biz məğlubedilməzik və futbolu daha da gücləndirəcəyik. Klublarımızın uyğunlaşmasına və ayağa qalxmasına kömək edəcəyik”.

Çeferin Maliyyə Feyr-Pleyinin ləğv ediləcəyi ilə bağlı xəbərləri də təkzib edib: “Bu baş verməyəcək. Ancaq Maliyyə Feyr-Pleyini yeni reallığa uyğunlaşdırmalıyıq”.

“Maliyyə qazancına görə çox şey kənara atılır”
“Mən Avropa futbolunun prinsip və dəyərlərini qorumaq üçün çox və səylə çalışmışam”. FİFA-nın prezidenti Canni İnfantino Avropanın 12 aparıcı klubunun Superliqa yaratmasına münasibət bildirib:

“Amma indi görürük ki, qısamüddətli maliyyə qazancına görə çox şey kənara atılır. İnsanlar fikirləşməli və bu hərəkətlərinin məsuliyyətini başa düşməlidir.

Onlar bugünkü Avropa futbolunu yaradan bütün həvəskarlar və azarkeşlər barədə düşünməlidir. Onun 100-dən artıq yaşı var.

Bizim və şəxsən mənim vəzifəm idmanın Avropa modelini, yığmaları və milli çempionatları qorumaqdır. Kimsə öz yolu ilə getməyi seçərsə, onlar bu seçimin nəticələrini qəbul etməlidir”.

"Anyelli böyük aktyor, Superliqa fəlakətdir"
“Sampdoriya”nın prezidenti Massimo Ferrero Avropa Super Liqasının yaradılması haqda danışıb. Kinoprodüser olan klub rəhbəri “Yuventus”un prezidenti – Superliqanın vitse-prezidenti seçilən Andrea Anyellini yalançılıqda ittiham edib, onu aktyor adlandırıb:

“Anyelli böyük bir aktyordur. Ondan nə baş verdiyini dəfələrlə soruşduq və həmişə hər şeyi inkar etdi. Bütün bunların rejissoru olan Anyellini təbrik edirəm.

O, nümayiş etdirdiyi aktyorluq bacarığına görə tərifə layiqdir. Mən də belə bir inanılmaz aktyorluğa sahib olmaq istərdim.

Superliqa fəlakətdir, çox təhlükəlidir. Futbol sistemini məhv edilə bilər. Ən yaxşı idman növünü bu cür öldürmək olmaz. Superliqa milyonlarla azarkeşin ehtirasını öldürər”.

"O, Superliqa haqda bizə çox güvən verdi"
“Yuventus”un baş məşqçisi Andrea Pirlo Turin klubunun da qurucusu olduğu Avropa Superliqası haqda danışıb. O, “Sky Sport Italia”ya açıqlamasında yeni layihəni bəyəndiyini bildirib:

“Son illər futbolda bir çox dəyişiklik oldu. Onları ən yaxşı izah edəcək insan mən deyiləm. Klubumuzun prezidenti ön cəbhədədir. Digər klub prezidentləri kimi, vəziyyəti izah edən o olacaq.

Anyelli səhər komandanı ziyarət etdi. Onu demək olar ki, hər gün görürük, həmişə komandaya yaxındır. Anyelli bizə layihənin mahiyyətini izah etdi və bizə çox güvən verdi.

Amma onun da dediyi kimi, bizim üçün ən vacib olan işimizi davam etdirməkdir. Superliqa ilə bağlı müxtəlif qiymətləndirmələr var, amma bu barədə danışmaq mənim üçün deyil.

Gələcəyəmizdən əminik. Çünki “Yuventus”da belə şeyləri necə izah edəcəyini bilən müasir bir prezident var. Yalnız komandanın indi görməli olduğu işlərə köklənmişik.

Bu günü düşünürük və Çempionlar Liqasında iştirak etmək istəyirik. İndi danışdıqlarımız gələcək üçün bir layihədir.

Yalnız mövsümü yaxşı başa vurmağı düşünürəm. Məqsədim “Yuventus”u A seriyasında ilk 4-lükdə saxlamaq və İtaliya kubokunu qazanmaqdır”.

"Bavariya"nın prezidenti Superliqadan danışdı
“Bavariya”nın prezidenti Qerbert Hayner Avropanın nəhəng klublarının təşkil etdiyi Superliqaya münasibət bildirib.

Almaniya mətbuatı Superliqanı təsis edənlər arasında adıçəkilən 12 klubdan başqa, “Bavariya”, PSJ və “Borussiya”nın (Dortmund) da olduğunu yazıb.

Qeyd olunub ki, Münhen klubuna Superliqada iştirak edib-etməyəcəyini açıqlaması üçün 30 gün vaxt verilib.

Münhen təmsilçisinin rəhbəri isə klubun mətbuat xidmətinə açıqlamasında bu turnirə qarşı çıxdıqlarını deyib: “Klub üzvləri və azarkeşlər Superliqa fikrini rədd etdilər.

“Bavariya” Avropa klublarının Çempionlar Liqası kimi gözəl bir yarışda mübarizəni davam etdirməsini təmin etməyə borcludur. "Bavariya" Superliqaya "yox" deyir”.

PSJ UEFA-nın yanındadır
PSJ-nin prezidenti Nasser Əl-Xəlafi yeni yaradılan Avropa Superliqası barədə danışıb. O, bu məsələdə UEFA-nın mövqeyini dəstəklədiklərini bildirib: “UEFA ilə işimizi davam etdirəcəyik.

PSJ futbolun hər kəs üçün bir idman növü olduğuna inanır. Bu nöqteyi-nəzərdən əvvəldən bəri mövqeyimizə sadiq qalırıq”.

"Peres yolunu azıb"
İspaniya Peşəkar Futbol Liqasının prezidenti Xavyer Tabes "Real"ın prezidenti Florentino Peresi Avropa Superliqası yaratdığına görə tənqid edib. Bu barədə o, özünün "Tvitter" hesabında yazıb:

“2020-ci ilin dekabrında Florentino Peresin olduqca təmkinsiz olduğunu söylədim. Ancaq indi yolunu azıb. Futbol onun dediyi kimi qətiyyən məhv olmur və Superliqa problemlərin həlli yolu deyil. Bu, futbolun ölümüdür".

“Bu, prezidentə verilə biləcək sualdır“
"Real"ın baş məşqçisi Zinəddin Zidan Madrid klubunun Avropa Superliqası yaratmaq qərarını müzakirə etməkdən imtina edib. Fransalı mütəxəssis bu cür məsələlərdən danışmağın onun işi olmadığını deyib:

“Bu, prezidentə verilə biləcək sualdır. Başqa şeylərdən yox, oyun haqqında danışmaq üçün burdayam. Qalanları mənim işim deyil.

Mən sizə öz fikrimi bildirməyəcəm. Bəlkə də deyəcəksiniz ki, bu işə qarışmırdım. Bəli, bu, belədir, çünki mən yalnız məşqçilik etməyi sevirəm".

“Təəccübləndik və məyus olduq“
“Ayaks” Avropa Superliqasına qatılıb-qatılmayacağı ilə bağlı qərarını verib.
Bu barədə klubun İdarə Heyətinin rəhbəri Edvin van der Sar danışıb. O, Niderland təmsilçisinin sözügedən turnirdə iştirak etməyəcəyini bildirib:

“Avropa Superliqası layihəsinə təəccübləndik və məyus olduq. UEFA tərəfindən təqdim olunan yeni formatı dəstəkləyirik. Çempionlar Liqsında yolumuza davam etmək istəyirik.

Həftəsonu bəzi nəhəng klubların verdiyi ani qərarlara görə məyus olduq. Ona görə də qeyri-müəyyən bir dövrdə Avropa futbolu təhdid altındadır”.

“Bunu etməsək, futbol təhlükə ilə üzləşəcək”
“Mançester Yunayted”in keçmiş futbolçusu və “İnter Mayami”nin sahibi Devid Bekhem Avropa Superliqasının yaradılmasına münasibət bildirib.

45 yaşlı sabiq yarımmüdafiəçi bu barədə özünün "İnstaqram" hesabında paylaşım edib. O, Avropa Superliqasının yaradılması fikrini tənqid edib:

“Mən futbolu sevən bir insanam. Futbol mənim həyatımdır. Uşaqlıqdan bir azarkeş kimi futbolu sevirəm və bu, indi də belədir.

Bir oyunçu kimi və klub sahibi olaraq bilirəm ki, idman azarkeşsiz heç nədir. Ədalətli futbola və ləyaqət əsaslı rəqabətə ehtiyacımız var. Bu dəyərləri müdafiə etməsək, sevdiyiniz oyun təhlükə ilə üzləşəcək...”

“Bizim üçün bunu dəyişdirmək bir problemdir“
“Leyptsiq” yeni yaradılan Avropa Superliqasına qatılıb-qatılmayacağı barədə qərar verib. Bundesliqa təmsilçisi həmin çempionatda yer almayacaq.

Klubun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib: “İdmanda rəqabət olmasını dəstəkləyirik. Professional futboldakı rəqabət də yerli liqada müəyyən bir yerə çatıb, sonra beynəlxalq arenada yarışmaqdan keçir.

Bizim üçün bunu dəyişdirmək bir problemdir. Avropa Superliqasına qatılmağı rədd edirik”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti