Futbol son nəfəsini verir - İki klub geri çəkilir, qarşıdırma güclənir

20 Aprel 2021 17:20 Problem 1 104
Futbol son nəfəsini verir - İki klub geri çəkilir, qarşıdırma güclənir

Yeni yaradılan Superliqanın iştirakçılarının siyahısında dəyişiklik gözlənilir.

Yarışa qatılmalı olan İngiltərə klublarından ikisi fikrindən daşınmaq niyyətindədir.

Bunu Böyük Britaniya mətbuatı açıqlayıb. Bildirilib ki, adı açıqlanmaya iki klub Superliqada iştirakdan imtina etmək barədə ciddi düşünür. Bunlardan birinin “Liverpul” olduğu iddia edilir.

Hətta mersisaydlıların yarımmüdafiəçisi Ceyms Milner də turnirin baş tutmayacağına ümid etdiyini açıqlayıb. Yarışın təşkilinin açıqlanmasından qısa müddət sonra klubların belə düşüncəyə düşməsi Superliqanın “çat” verməsi kimi də qəbul olunur.

İngiltərəni Superliqada “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Çelsi”, “Tottenhem” və “Arsenal” təmsil etməlidir.

UEFA bu klubları məhkəməyə verir
UEFA öz aralarında Superliqa qurmaq qərarına gələn 12 nəhəng klubu məhkəməyə verməyə hazırlaşır.

Qitə futbol qurumu həmin komandalardan təzminat tələb edəcək. Bu məsələdə UEFA-ya üzv olan 55 federasiya və liqaların rəhbərləri də quruma dəstək olmaq qərarına gəlib.

UEFA-nın Hüquq Departamenti Superliqanın iştirakçılarından futbol tarixinin ən böyük təzminatını – 50 milyon avro tələb edəcək. Bununla bağlı yaxın günlərdə rəsmi açıqlamanın verilməsi gözlənilir.

“Liverpul”, “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Çelsi”, “Arsenal”, “Barselona”, “Atletiko”, “Real”, “Milan”, “İnter” və “Yuventus”un iştirakı təsdiqlənən Superliqanı ABŞ-ın “JP Morgan” bankı maliyyələşdirəcək.

Super Liqanın yaradılması futbolun xilasına kömək edəcək
“Super Liqanın yaradılmasının əsəs məqsədi dünya futbolunu xilas etməkdir” - bunu “Real”ın prezidenti və Super Liqanın rəhbəri Florentino Peres deyib.

“Biz futbolu daha cəlbedici etməliyik, çünki artıq 24 yaşa qədər insanların 40 %-i futbolla maraqlanmır”, - Peres qeyd edib.

“Bunun üçün bizə daha az oyun lazımdır, amma bu oyunlar top-komandalar arasında keçirilməlidir. Bunu futbolu xilas etmək üçün edirik, özümüz üçün yox”.

Super Liqada 15 təsisçi klub və 5…
İlkin plana görə, Super Liqada 15 təsisçi klub, həmçinin mövsumdən mövsümə dəyişən 5 komanda iştirak edəcək. Mövsüm avqustda başlayacaq.

Oyunlar həftənin ortalarında keçiriləcək, klublar ölkə çempionatlarında iştiraka davam edəcəklər.

“Hələlik Superl Liqada üç ölkə təmsil olunur. Mövsumdən mövsümə dəyişən komandalar üçün meyarları hələ bilmirik”, - Peres əlavə edib.

Aprelin 19-da Avropanın 12 top-klubu Super Liqanın yaradıldığını elan ediblər. Bunlar İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi” və “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko” və “Real Madrid”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klublarıdır.

Onlar yeni turnirin həmtəsisçiləri olublar. Florentino Peres Superliqanın prezidenti, Andrea Anyelli və "Mançester Yunayted"dən Coel Qleyzer vitse-prezidenti seçilib. Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək. UEFA və FIFA bu turnirin əleyhinə çıxıb.

“Fransanın PSJ komandasını və Almaniya klublarını hələ dəvət etməmişik. Hazırda liqada 12 komanda var, amma onların sayını 15-ə çatdırmaq istəyirik”, - o vurğulayıb.

"Superliqa futbolçuları AVRO-2020 və dünya çempionatında olacaq"
Florentino Peres Avropa Super Liqasında iştirak edəcək futbolçuların beynəlxalq turnirlərdən kənarlaşdırılmayacağını söyləyib. 74 yaşlı funksioner oyunçuların Avropa və dünya çempionatlarında iştirak edə biləcəklərini vurğulayıb.

Peres bununla bağlı zəmanət verdiyini də sözlərinə əlavə edib: "Bütün Superliqa klublarının futbolçuları AVRO-2020 və DÇ-2022-dən kənarlaşdırılmayacaq. Buna 100 faiz əmin ola bilərlər. Superliqa klubları milli liqalardan da kənarlaşdırılmayacaqlar".

Futbol onlar üçün çox uzun görünür
Florentino Peres futbol matçlarının müddətinə təsir göstərə biləcək qlobal islahat təklif edib. O, oyunların vaxtlarının qısaldılmasının gərəkliyini dilə gətirib.

Peresin sözlərinə görə, bununla bağlı nələrsə etmək lazımdır: "Gənc oğlanlar vaxtlarını "PlayStation" oynamağa sərf edirlər. Futbolun onlar üçün çox uzun göründüyünü söyləyirlər.

Belə düşünürlərsə, matçları daha maraqlı etməyimiz lazımdır. Bəlkə də qarşılaşmaları qısaltmaq barədə düşünməyə dəyər".

“Təhdidlər deyil, dialoq olmalıdır”
“Real”ın prezidenti və yeni yaradılan Superliqanın sədri Florentino Peres UEFA-nın hədə-qorxularına münasibət bildirib. Funksioner Çempionlar Liqasının yeni formatının futbola ciddi ziyan vuracağını düşünür.

Peres UEFA-nın futbolu məhvə sürüklədiyini söyləyib: “UEFA-nın idarəçiləri şəffaf olmalıdır. Bu qurumun heç də yaxşı imici yoxdur.

UEFA-da baş verənləri xatırlatmaq istəmirəm. Təhdidlər deyil, dialoq olmalıdır. Heç kimin başa düşmədiyi bir formatı təqdim etdilər.

Dəyişikliklərin 2024-cü ildə başlayacağını söylədilər. Amma formatları ilə futbol 2024-cü ilə qədər öləcək. Yüz milyonlarla pul itirən klublar var”.

“Klub prezidentlərini incitməsini istəmirik”
“Kral klubu”nun rəhbəri UEFA prezidenti Aleksandar Çeferinin Superliqanın vitse-prezidenti təyin olunan “Yuventus”un prezidenti Andrea Anyelli barədə “ilan” sözünü işlətməsinə də reaksiya göstərib.

Onun fikrincə, bu, qəbuledilməzdir: “Çeferin Anyellini təhqir etdi. Bu, mümkün deyil. “Yuventus” kimi klubun prezidentini müzakirə etmək dəlilik olar. Bu qəbuledilməzdir, UEFA dəyişilməlidir. Təşkilat rəhbərinin klub prezidentlərini incitməsini istəmirik”.

“Bavariya”, “Borussiya” və “Portu” ÇL-ə qayıda bilər
UEFA Almaniyanın “Bavariya”, “Borussiya” (Dortmund) və Portuqaliyanın “Portu” komandalarını Çempionlar Liqasının carı mövsümünə qaytara bilər. UEFA-nın İcraçı Komitəsinin bununla bağlı iclası aprelin 23-də baş tutacaq.

İclasda Super Liqaya qoşulmuş klubların Çempionlar Liqasının yarımfinalından çıxarılması müzakirə ediləcək.

Bu baş verərsə, iki variant tətbiq edilə bilər: ya PSJ titulu mübarizəsiz alacaq, ya da 1/4 finalda turniri tərk edən “Bavariya”, “Borussiya” və “Portu” yarımfinal mərhələsinə qayıdacaqlar.

Birinci variantın reallaşması ehtimalı daha azdır, çünki yarımfinallar və final baş tutmasa, UEFA böyük maliyyə itkisi ilə üzləşəcək.

Daha əvvəl Danimarka Futbol İttifaqının və UEFA Rəyasət Heyətinin üzvü Yesper Meller bildirib ki, Super Liqaya qoşulan “Real”, “Mançester Siti” və “Çelsi” Çempionlar Liqasında iştirakdan məhrum edilə bilər.

“Mançester Siti”, “Çelsi” və “Real ” müvafiq olaraq “Borussiya”nı, “Portu”nu və “Liverpul”u mübarizədən kənarlaşdıraraq, yarımfinal mərhələsinə yüksəliblər. Onlarla birlikdə yarımfinala çıxan PSJ isə Super Liqaya qoşulmayıb.

Bu addım "Mançester Yunayted"də böyük narazılığa səbəb oldu
"Mançester Yunayted"in futbolçuları Avropa Super Liqasının yaradılmasından və komandanın bu turnirdə təmsil olunması haqqında bəyanatından narazı qalıb.

Bu barədə “Daily Express” bildirib. Məlumata görə, oyunçular onlara klubun belə bənayatla çıxış edəcəyi barədə məlumat verilməməsindən son dərəcə qəzəbləniblər.

Komandanın icraçı direktoru Ed Vudvord futbolçularla görüş keçirib, lakin onları tamamilə sakitləşdirməyə müvəffəq olmayıb.

Yeni yarışla bağlı Avropa Super Liqası klublarının futbolçularından ilk narazılığı məhz "Mançester Yunayted" oyunçusu Brunu Fernandeş ifadə edib.

Yeni Liqada 20 komandanın iştirakı planlaşdırılır, onlardan 15-i daimi əsasda çıxış edəcəklər. Super Liqanın rəhbəri Florentino Peres daha əvvəl bildirib ki, Super Liqanın yaradılmasının əsəs məqsədi dünya futbolunu xilas etməkdir.

"55 üzv ölkənin hamısı Superliqaya qarşı çıxdı"
UEFA-ya üzv olan bütün 55 milli assosiasiya Avropa Super Liqasının yaradılmasına qarşı çıxıb. Bu barədə qitə futbol qurumunun prezidenti Aleksander Çeferin açıqlama verib.

Sloveniyalı funksioner bildirib ki, təkcə futbol dünyası yox, ictimaiyyət və hökumətlər də vahid mövqedən çıxış edirlər:

"Hamımız belə mənasız layihə ideyasına qarşıyıq. İngiltərə Futbol Assosiasiyası və Premyer Liqası, İspaniya Kral Futbol Federasiyası və La Liqa, İtaliya Futbol Federasiyası və A Seriyası, FIFA, bütün 55 milli üzv assosiasiya futbolun tam əleyhinə olan əcaib planlar əleyhinə yekdilliklə çıxış edirlər.

Mən Böyük Britaniyanın baş naziri Boris Consona, Fransa prezidenti Emmanuel Makrona, Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinasa, Avropa Parlamentinin prezidenti David Sassoliyə və bütün Avropa liderlərinə xüsusi minnətdarlığımı bildirirəm.

Çünki onlar nəinki futbol, həm də Avropa dəyərlərinə, azarkeşlərə və mədəniyyətimizə hörmətlə yanaşırlar. Bu ideya bütün futbol həvəskarları və ictimaiyyətin üzünə tüpürmək deməkdir. Biz onların bunu etmələrinə imkan verməyəcəyik".

Çeferinin sözlərinə görə, FIFA və 6 futbol konfederasiyası bəyan edib ki, Superliqa komandalarında oynayan futbolçuların dünya və Avropa çempionatlarında iştirakları qadağan ediləcək, onlar öz ölkələrini heç bir oyunda təmsil edə bilməyəcəklər.

UEFA prezidentinin fikrincə, bəzi insanlar üçün həmrəylik və vəhdət yox, yalnız onların cibləri mövcuddur:

"12 klubun etdiyi hərəkət dəhşətli dərəcədə yalnışdır. Biz bunların hamısını bilirik. Hamı bilirdi ki, 2024-cü ildəki klub yarışlarının formatı buna oxşardır.

Biz 247 klubla, liqalarla, milli assosiasiyalarla danışıqlar aparırdıq. Lakin qərar qəbuluna yetişdikdə kimsə tamamilə "şəffaf" nə iləsə gəldi. Bu, danışıqlar aparmağın qəribə üsuludur".

"Bizə daha böyük həmrəylik lazımdır"
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Avropa Super Liqasının yaradılmasına münasibət bildirib. Funksioner bununla bağlı fikirlərini UEFA Konqresindəki çıxışında bölüşüb.

"Bizə daha böyük həmrəylik lazımdır. Bu, hamıya, o cümlədən, idmana və idman təşkilatlarına aiddir. Belə qütbləşmiş çevrədə dar maraqlar və eqoizm həmrəylik ümumi dəyərlər və qaydaları üstələyir", - Bax vurğulayıb.

FIFA prezidenti: "Onlar məsuliyyət daşımalıdırlar"
FIFA prezidenti Canni İnfantino Avropa Super Liqasının yaradılmasına münasibət bildirib. İsveçrəli funksioner bununla bağlı fikirlərini UEFA Konqresindəki çıxışında bölüşüb.

O, açıq danışacağını söyləyib: "Biz Superliqanı əsla dəstəkləyə bilmərik, bu, şübhəsizdir. Superliqa müvafiq institutlardan, liqalardan, UEFA və FIFA-dan qopmuş qapalı mağazadır. UEFA-nın tam dəstəkləyirik".

İnfantino Superliqanı yaradanların məsuliyyət daşıdıqlarını bildirib: "Məqsədim və hədəfim Avropanın idman modelini, klub yarışlarını və milli komandaları müdafiə etməkdir.

İnsanlar hərtərəfli düşünməli və məsuliyyəti öz üzərlərinə götürməlidirlər. Bəziləri öz yollarını seçirlərsə, seçimlərinin nəticələri ilə barışmalı və buna görə məsuliyyət daşımalıdırlar. Kokret olaraq, bu, o anlama gəlir ki, siz ya oyundasınız, ya da yox".

Boris Conson: "İngiltərədə Superliqa matçları keçirilməyəcək"
Böyük Britaniyanın baş naziri Boris Conson İngiltərə Futbol Assosiasiyasının rəhbərliyi ilə görüşüb. İclasın əsas məqsədi nəhəng klubların təsis etdiyi Avropa Super Liqasının müzakirəsi olub.

Nazir görüş zamanı turnirin keçirilməsinə mane olacağına və onun dayandırılacağına söz verib. Həmçinin Conson İngiltərədə Superliqa matçlarının təşkilinə qadağa qoyulacağını istisna etməyib.

ECA-nı UEFA-da təmsil edəcək şəxslər
İsveçrənin Montrö şəhərindəki UEFA Konqresində Avropa Klublar Birliyini (ECA) qitə futbol qurumunda təmsil edəcək yeni nümayəndələr bəlli olub.

PSJ-nin prezidenti Nasser Əl-Xəlafi, "Bavariya"nın İdarə Heyətinin sədri Karl-Haynts Rummenigge və İspaniya La Liqasının prezidenti Xavyer Tebas ECA təmsilçiləri olaraq təsdiqləniblər.

Əl-Xəlafi və Rummenigge 2024, Tebas isə 2025-ci ilədək sözügedən vəzifəni icra edəcəklər. "Yuventus"un prezidenti Andrea Anyelli Avropa Klublar Birliyinin prezidenti vəzifəsindən istefa verib.

La Liqadakı taleyi bəllidir - “Real”, “Barselona” və “Atletiko”nun
Superliqaya qatılan İspaniya klubları “Real”, “Barselona” və “Atletiko” La Liqadan kənarlaşdırılmayacaq. Hər üç klub çempionatda çıxışını davam etdirəcək.

Buna La Liqa rəhbərliyinin fikirləri səbəb olub. Funksionerlər Superliqanı “ölü doğulan layihə” hesab edir. La Liqa əmindir ki, bu turnir başlamayacaq.

Məhz bu üzdən də İspaniya klublarının çempionatdan xaric olunmasına əsas yoxdur.

La Liqa rəhbərliyinin Superliqanın gələcəyinə inamsızlığı isə onunla bağlıdır ki, turnirin “JP Morgan” bankına kreditdən başqa heç nəyi yoxdur.
Daha öncə bəyanat yayan La Liqa yeni turnirin yaradılmasını qınayıb.

Superliqadakı İtaliya təmsilçiləri “Milan”, “İnter” və “Yuventus” da A seriyasına müraciət ünvanlayaraq çempionatdan çıxmaq istəmədiyini bəyan edib.

"Superliqa futbolun ölümüdür"
İspaniya La Liqasının prezidenti Xavyer Tebas Avropa Super Liqası layihəsinə qarşı çıxıb. 69 yaşlı funksioner şəxsi tvitter hesabında "Real"ın və Superliqanın prezidenti Florentino Peres haqqında da yazıb.

Tebas 2020-ci ilin dekabrında Peresin çox dağınıq vəziyyətdə olduğunu, hazırda isə tamamilə itdiyini bildirib: "O, futbolun ölməkdə olduğunu söyləyir, amma bu, belə deyil. Üstəlik, Superliqa problemin həlli ola bilməz. Bu, futbolun ölümüdür".

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti