COP29

Bölgədə iki nüfuzlu adaşın dueli – “Qarabağ” uduzacaq?

1 Noyabr 17:00 Premyerliqa 682
Bölgədə iki nüfuzlu adaşın dueli – “Qarabağ” uduzacaq?

Premyer Liqanın 12-ci turunun mərkəzi qarşılaşması bölgədə baş tutacaq.

Lider “Qarabağ” özündən sonrakı pillədə qərarlaşan “Turan Tovuz”un qonağı olacaq.

Qurbanov – Berdıyev 2:1

Bu komandaların adı gələndə, ağıllarda baş məşqçilər canlanır. Birinin başında Azərbaycanın bir nömrəli mütəxəssisi Qurban Qurbanov, digərinin “sükanı” arxasında Rusiyanın iki qat çempionu və çempionatımızın ən yaşlı çalışdırıcısı Kurban Berdıyev dayanır.

Adaşların 2021-ci ildə Konfrans Liqasındakı duellərinin hər ikisində azərbaycanlı məşqçinin rəhbərlik etdiyi “Qarabağ” rusiyalı həmkarının çalışdırdığı “Kayrat”ı 2:1 hesabı ilə məğlub etməyi bacarmışdı.

Premyer Liqadakı ilk dueldə isə gülən tərəf Berdıyevin kollektivi olmuşdu. 4-cü tur çərçivəsində Bakıda baş tutan oyunun 18-ci dəqiqəsində Otto Conun dəqiq penalti zərbəsi görüşün müqəddəratını həll etmişdi. Yeri gəlmişkən, bu, “Qarabağ”ın cari mövsümdə daxili yarışlarda ilk və son yenilgisidir.

Lider dəyişəcək?

Digər vacib məqam məhz bu qarşılaşmadan sonra Premyer Liqanın turnir cədvəlində liderin adının dəyişməsinin mümkünlüyüdür.

Hazırda ağdamlıların aktivində 27, tovuzluların 24 xalı var. Bu, o deməkdir ki, “Turan Tovuz” bu matçı da qalib başa vuracağı halda, xallar bərabərləşəcək və şəxsi görüşlərdəki üstünlüyə görə bölgə təmsilçisi önə keçəcək. Sadəcə, “köhlən atlar” rəqibi ilə müqayisədə bir oyun az keçirib.

Faktlar “Turan” deyir

Meydan və üstünlük amili “Turan”ın tərəfindədir, buna şübhə etməyə dəyməz. Rəqibin adı “Qarabağ”dırsa, stadionun böyük ölçüdə dolacağını deyə bilərik. Süni örtük faktı da meydan sahiblərinin xeyrinə işləyir.

Tovuzluları ümidləndirən daha bir məqam Ağdam təmsilçisinin Norveç səfərinə hazırlaşmasıdır. Məşqçi və futbolçu heyətinin ayaqları Azərbaycanda, düşüncələri Skandinaviyada olacaq. İndiki məqamda “Bodo Qlimt”lə duelin yekun nəticəsi “Turan Tovuz”la oyunun hesabından çox-çox vacibdir. Odur ki, ağdamlılar bir qədər ehtiyatlı oynayacaq, Qurban Qurbanov bütün risklərdən istifadə etməyə gərək duymayacaq.

İstənilən halda bu qarşılaşmanın ağırlığı komandaların adlarından çox kollektivlərə rəhbərlik edən məşqçilərin imici və nüfuzudur. Bu, təkcə “Turan” – “Qarabağ” görüşü deyil, həm də Qurbanov – Berdıyev duelidir. Çox maraqlı olacaq.

Bu axşam Tovuz şəhər stadionunda baş tutacaq oyunun start fiti saat 18:30-da çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti