Klublarımız uşaq futboluna diqqət ayırmalı, futbola bağlı kadrlara meydan verməlidir.
İllərdi hamımız bunu deyirik, yazırıq, arzulayırıq.
"Şəfa" bu baxımdan Birinci Liqada olandan peşəkar yanaşması ilə diqqət çəkib.
Məsələn, tələb olmadığı halda klubun bütün aşağı yaş qrupları fəaliyyət göstərirdi.
Bir neçə ay əvvəl bacarıqlı funksioner Nadir Nəbiyev koordinator olaraq gətirildi.
Veteran futbolçu Əfran İsmayılov vitse-prezidenti postuna təyinat aldı.
Mətbuat katibi postu peşəkar, təcrübəli həmkarımız Heybət Məmmədova həvalə olundu.
Baş məşqçi postuna məşqçilik bacarığına çox yaxından bələd olduğum Zaur Həşimov gətirildi.
6 ildən sonra baş məşqçi vəzifəsinə qayıtmaq qərarı verməsində yuxarıda saydıqlarım az rol oynamadı.
Həm yaxşı insan, həm də işini sevən adamdır.
Amma çox şanssızdır...
Ən azı ilk cəhdi belə deməyə əsas verir.
Əslində baş məşqçi kimi ilk addımı kifayət qədər uğurlu ola bilərdi, əgər pandemiya olmasaydı.
2019/20 mövsümünün gedişində "Zirə"dən göndərilən Samir Abasovu əvəzləmişdi.
Amma pandemiya səbəbindən mövsümü başa çatdırmaq mümkün olmamışdı.
Yarımçıq qalan liqada həmin ana uyğun avrokuboklara gedəcək komandalar müəyyənləşmişdi.
5-ci pillədə yer alan "Zirə"nin 4-cü olan "Sumqayıt"la xalları eyni idi.
Sadəcə daha yaxşı top fərqinə sahib olduğu üçün "kimyaçılar" avrokuboklara yollanmışdı.
Xüsusilə "Qarabağ"a 0:6 hesablı məğlubiyyət həlledici olmuşdu.
Məsələn, həmin qarşılaşma 0:1 məğlubiyyətlə bilsəydi, "qartallar" avrokuboklara gedəcəkdi.
Ölkə kubokunda isə yarımfinal mərhələsində sonuncu yerdə gedən "Qəbələ" rəqib olmuşdu. Final çox yaxında göründüyü məqamda burada da mübarizə erkən dondurulmuşdu.
Beləcə şanssız şəkildə avrokuboklarda iştirak etmək, titul qazanmaq fürsəti əldən çıxmışdı.
Məntiqlə onunla yola davam etmək lazım idi.
Lakin klub rəhbərliyi gözlənilmədən Həşimovla yolları ayırıb, yerinə Rəşad Sadıqovu gətirmişdi.
Sonrakı 6 ildə Həşimov "Zirə" akademiyasında koordinator vəzifəsində çalışıb.
Premyer Liqadan gələn təklifləri bir neçə dəfə geri çevirib.
Çünki heç vaxt işləmək xatirinə baş məşqçi postu axtarmayıb.
Bu gün "Şəfa"da arzuladığı mühiti qismən də olsa tapa bilib.
Düzdü, problemlər az deyil. Heyət demək olar sıfırdan yığılacaq. Legioner transferində say məhdudiyyəti var. Məşqlərini Bakıda keçəcək Bakı təmsilçisi ev oyunları üçün Sumqayıta gedəcək. Təbii ki, belədə uğurlu olmaq iki qat çətinləşmiş olur.
Bu cür çətinliklərə rəğmən Həşimovun klubu hədəflərinə çatdıra biləcək potensialı var.
XANOĞLAN / SPORTİNFO.AZ

