“Qəbələ” yeni mövsümün hazırlıqarına start verib.
Doğm şəhərdə baş tutan məşqlərdə klubla müqaviləsi davam edən futbolçuların hamısı iştirak edir.
Hətta yeni transferlər Kouya Mabena ilə Natan Monzanqo da.
Yalnız Eduardo Kunde ilə Prins Ovusu ilə çalışmalardan kənarda qalıb ki, hər iki futbolçunun bölgə təmsilçisi tərk etmək ehtimalı yüksəkdir.
Braziliyalı ilə sözləşməyə qarşılıq razılıq əsasında xitam verilməsi nəzərdə tutulubsa, qanalının başqa kluba transfer olunması an məsələsidir.
Klubun sosial media səhifələrində nümayiş olunan şəkillərin birində daha bir yeni futbolçunun məşqlərdə tər tökdüyünü görmək mümkündür (təqdim etdiyimiz fotoda soldan ikinci - H.).
Düşünmək olardı ki, Afrikanın hansısa ölkəsindən olan gənc baxışdan keçmək üçün baş məşqçi Kaxaber Tsxadadzenin ümidlərini doğrultmağa çalışır.
Amma yox.
Bu, ötən mövsüm “Qəbələ”nin U-19 və əvəzedici komandasında top qovmuş Antoni Oladayo Hunpedir.
2007-ci ildə Nigeriyada anadan olmuş futbolçu ölkəmizə ötən il təşrif buyurub. Geridə qalan müddətdə təcrübəsini artırmaq və yerli mühitə alışmaq üçün U-19 və “Qəbələ-2”də çıxış edib.
İndi isə gürcü mütəxəssis 19 yaşlı müdafiəçinin əsas komandaya nə dərəcədə hazır olduğunu görməyə çalışır.
Məşqlərdə və yoxlama görüşlərində ümidləri doğrultsa, Premyer Liqada şans qazanacaq.
HƏBİB / SPORTİNFO.AZ

