Dünya çempionatında sensasiyalı çıxışı ilə diqqət çəkən Kabo-Verde milli komandası vətənə möhtəşəm qarşılanma ilə qayıdıb.
Sportinfo.az xəbər verir ki, paytaxt Praya şəhərinin hava limanında minlərlə azarkeş “Mavi Köpəkbalıqları” ləqəbli komandanı alqışlarla qarşılayıb.
Komandanın ölkəyə dönüşü Kabo-Verdenin müstəqillik gününə təsadüf etdiyindən bayram əhval-ruhiyyəsi daha da yüksəlib.
Kabo-Verde ilk dəfə qatıldığı DÇ-də 1/8 finala yüksələrək ölkə futbolu üçün tarixi uğura imza atıb. Komanda turnirin ən yaddaqalan oyunlarından birində son dünya çempionu Argentina ilə qarşılaşıb.
Əlavə vaxta gedən gərgin mübarizədə afrikalılar 3:2 hesabı ilə məğlub olsalar da, nümayiş etdirdikləri oyun dünya futbol ictimaiyyətinin rəğbətini qazanıb.
Milli komandanın baş məşqçisi Bubista hava limanında jurnalistlərə açıqlamasında komandasının uğurunun təsadüfi olmadığını bildirib:
“DÇ-yə vəsiqə qazanmağımızın təsadüf olmadığını sübut etdik. Bunun üçün çox çalışdıq, əzmkarlıq göstərdik və ABŞ-dən başımız dik şəkildə qayıtdıq”.
Təxminən 500 min əhalisi olan Kabo-Verde bu il DÇ-də ən böyük sürprizlərdən birinə imza ataraq ilk iştirakında pley-off mərhələsinə yüksəlmişdi.
Argentina ilə dramatik oyunda məğlub olsa da, komanda turnirin ən çox rəğbət qazanan kollektivlərindən biri kimi yadda qalıb.

