«İmişli» bu gün transfer çalışması həyata keçirib.
Лубэт həftə iki qapıçısı - Andrey Sinenka və Hüseynəli Quliyevlə yollarını ayıran aran təmsilçisi sürpriz isimi heyətinə qata bilib.
Ötən mövsümə Kosovada - «Malişeva»da başlayan, noyabrdan bəri isə «Kəpəz»in formasını geyinmiş Yusif İmanov bundan sonra «İmişli»nin uğurları üçün tər tökəcək.
Millinin sabiq kiperi Premyer Liqada ikinci mövsümünü keçirməyə hazırlaşan klubla 1 illik müqavilə imzalayıb.
Dünyanın nüfuzlu statistika və analiz platforması Sofascore-un rəsmi analitik göstəricilərinə əsasən, mövsümün ən yaxşı futbolçularının yekun siyahısı və fərdi reytinqləri müəyyənləşib.
Mövsüm boyu tökülən alın təri, fədakarlıq və böyük stabillik ortaya maraqlı bir mənzərə çıxarıb.
Çempionatın yekununda hamını qabaqlayaraq 7.61 ortalama balla mövsümün ən yaxşı futbolçusu adını "Kəpəz" PFK-nın qapıçısı Yusif İmanov qazandı.
Bu uğur birdən-birə, yaxud sadəcə bir neçə uğurlu oyun sayəsində baş vermədi. Bu, həftələrlə davam edən gərgin əməyin və ardıcıl yüksək performansın bəhrəsidir.
Belə ki, gənc qolkiper mövsüm ərzində Sofascore platformasının versiyasına görə tam 5 dəfə "Həftənin ən yaxşı qapıçısı" adına layiq görülüb.
Bundan əlavə, o, çətin günlər keçirən Gəncə təmsilçisində düz 6 dəfə "Kəpəz"in mövsümdəki ən yaxşı oyunçusu" seçilərək komandasını çiyinlərində daşıdığını rəqəmlərlə də sübut edib.
Fərid Namazovu bugünlərdə baş məşqçi təyin edən bölgə mənsubu Yusif İmanovdan öncə sabiq hücumçusu Seyxan Fərəcovu MOİK-dən geri qaytarıb və 2 illik kontrakt bağlayıb.
Habelə Azər Salahlı, Tuncay Yusifli və İmam Əli ilə müqavilənin müddəti uzadılıb.
SPORTİNFO.AZ


