Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Sabah" TNS ilə qarşılaşacaq.
Sportinfo.az xəbər verir ki, Uels klubunun baş məşqçisi Kreyq Harrison fikirlərini bölüşüb.
O, rəqibin gücünə bələd olduqlarını və Bakıdan müsbət təəssüratlarla ayrılacaqlarını vurğulayıb:
"Bilirik ki, bizi çətin oyun gözləyir. "Sabah"ın daxili çempionatda "Qarabağ"ı üstələyərək çempion olması çox şey deyir. Tarixən "Qarabağ" Avropada həm Avropa Liqasında, həm də Çempionlar Liqasında həmişə çox yaxşı çıxış edən komanda olub. Onlar bu il də Çempionlar Liqasında "Benfika", "Nyukasl" kimi böyük klublara qarşı yaxşı oyun sərgilədilər. Buna görə də, "Qarabağ"dan üstün olaraq çempion olan "Sabah"ın nə qədər güclü komanda olduğunu çox yaxşı dərk edirik".
Mütəxəssis həmçinin komandasındakı zədəlilərin durumu və "Sabah"ın təhlili barədə danışıb:
"Bəli, bir neçə zədəli futbolçumuz var, lakin son vaxtlar yeni zədələnən kimsə yoxdur. Bunlar son altı həftədə və ya ötən mövsümün sonunda zədələnən oyunçularımızdır. Hazırkı vəziyyətdə heyətimizdə yeni itki yoxdur.
Biz rəqibin ötən mövsümdəki 6-7 oyununu izləmişik. Təbii ki, komandaya yeni oyunçular gəlib və bəzi icarəyə götürülmüş futbolçuların transferləri rəsmiləşdirilib. Biz onları da təhlil etmək imkanı tapdıq. Rəqibin heyətində beynəlxalq səviyyəli, güclü klublarda oynamış, böyük təcrübəyə malik həqiqətən top səviyyəli futbolçular var. Bizi matç günü çox çətin sınaq gözləyir".
Baş məşqçi paytaxtımız haqqında da xoş sözlər ifadə edib:
"Bakı heyrətamizdir. Heyətimizdən yalnız 2-3 nəfər uzun illər əvvəl Uels və İrlandiya milli komandaları ilə bura gəlib. Lakin bütövlükdə komanda olaraq daha əvvəl burada olmamışdıq. Bakı həqiqətən də olduqca gözəl şəhərdir".

