Tovuzda narazılıqla başlayıb, razılıqla bitən matç

30 Noyabr 2022 23:00 Premyerliqa 427
Tovuzda narazılıqla başlayıb, razılıqla bitən matç

Yenə həftəiçi, yenə Tovuzda futbol. Bu, artıq burada dəb halını alıb.

Artıq neçənci dəfədir müxtəlif səbəblərdən Peşəkar Futbol Liqası məcburan "Turan Tovuz"un oyunların iş günlərinə salmağa məcburdur.

Düzdü, yerli əhali bunu heç sevmir. Kimi dindirsən, ilk şikayəti təqvimlə bağlı başlayır. Çünki oyunlara gəlmək belədə bir xeyli problemdir.

Əksəriyyət məktəbdə və ya işdə olur. Amma bu da o anlama gəlməsin ki, "Sabah"la oyun meydan sahibləri dəstəksiz qalmışdı.

Biz Tovuz şəhər stadionuna ayaq basanda saat 12:40-ı göstərirdi. Növbəti dəfə saata baxıram, 13:25 və tribunalar demək olar hələ də boşdur.

Lakin klub rəsmiləri ilə söhbətdə matçının startına 10-15 dəqiqə qalmış tam fərqli mənzərə ola biləcəyinin işartıları verilir.

Elə deyilən kimi də olur. Tovuzlu futbolsevərlər qarşılaşmanın startına dəqiqələr qalmış mərkəzi sektorun 2/3 hissəsin doldurur.

Güclü tərəfdar dəstəyi altında oyuna yaxşı başlayan tərəf də Ayxan Abbasovun yetirmələri olur. Hətta Nathan Oduva rəqibdən oğurladığı topu bir qədər səliqə ilə qapıya yönəltsə, hesab erkən də açıla bilərdi.

Oduva demişkən, ingiltərəli bir neçə dəfə rəqib futbolçuların başına elə oyunlar açdı ki, qol vurubmuş kimi səslənən alqış və "Oduva, Oduva" şuarı stadionu bürüdü.

Bərabər səviyyədə keçən ilk hissə qolsuz bərabərliklə də başa çatdı.

Ehtimal olunduğu kimi, qonaqlar ikinci yarıya üstün tərəf kimi başladı. Artan təzyiq yerli publikanın ardıcıl bir neçə dəfə başını tutması ilə nəticələnir. Bu müddətdə Tərlan Əhmədli də öz qapısı istiqamətində gələn topları məharətlə tuta bilir.

Hər şeyin stabilləşdiyi, heç-heçəyə getdiyi məqamda Kaşuk səhnəyə çıxır və səviyyə fərqini ortaya qoyur.

Onun vurduğu əla zərbə hesabın açılmasına səbəb olur. Bunda tovuzlu futbolçuların meydandan kənarlaşması fonunda yaratdıqları boş dəhliz də xüsusi rol oynayır.

Qarşılaşma boyu xüsusi nəzarətdə olan ukraynalı üçün bir, hətta yarımepizodunun nə demək olduğu qol məqamında əyani görünür.

Sonrakı dəqiqələrə Abbasovun komandasının bərabərlik üçün etdiyi cəhdlər bəhrə verməyincə, "Sabah"ın çətin səfərdən vacib xalla qayıtması rəsmiləşir.

Matçdan sonra təkcə qalib gələn futbolçular yox, həm də layiqli mübarizə ortaya qoyan yerli komanda da yerli publikanın alqışını uzun müddət eşitmiş oldu.

Təbii ki, bu jesti komandanın meydandakı mübarizəsindən razılıq əlaməti olaraq qəbul edə bilərik.

XANOĞLAN İMANOV / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti