"Keşlə" bu limiti doldurub, "dur" demək lazımdır"

20 Aprel 2021 11:40 Premyerliqa 653
"Keşlə" bu limiti doldurub, "dur" demək lazımdır"

“Pro” kateqoriyalı məşqçi Ramiz Məmmədov Premyer Liqanın 23-cü turunun "Neftçi" - "Zirə" (4:0) və "Keşlə" - "Sabah" (1:1) qarşılaşmalarını Sportinfo.az üçün dəyərləndirib.

"Neftçi" - "Zirə"
Bu mövsüm "Neftçi"nin "Zirə" üzərində qələbəsi yox idi. Samir Abasovun komandasını bu oyuna necə kökləyəcəyi maraqla gözlənilirdi.

"Qarabağ"ın xal itirməsi "Neftçi"nin əhval-ruhiyyəsindən özünü biruzə verirdi. İlk dəqiqələrdən irəli atıldılar.

Bu mövsüm "Zirə"nin sönük oyununu görməmişdim. Uduzan komandanı çox vaxt tənqid edirlər. Amma burada qınanılası bir şey yoxdur.

"Zirə"nin oyunçularının çoxu ya zədəli idi, ya da bir qismi koronavirusa yoluxmuşdu. Tez-tez heyətdə dəyişiklər olur, bu da başadüşüləndir.

"Zirə" döyüşkən komandadır. Sadəcə, həmin döyüşkənliyi, mübarizliyi bu dəfə görmədik. Namiq Ələsgərovun qolundan sonra özünəinamları itdi və nəticədə digər qollar vuruldu.

Oyun haqqında çox danışmaq lazım deyil. Hesab hər şeyi deyir. "Zirə"yə qarşıdakı görüşdə uğurlar. "Neftçi"yə də çempionluq mübarizəsində uğur arzulayıram. Çempionluq mübarizəsi getdikcə gərginləşir. Bu da azarkeşlərin ürəyincədir.

Hakimlər oyunu yaxşı idarə elədi. Məncə, onlara hansısa irad göstərilməli deyil. Ən yaxşı qiyməti almalıdır.

"Keşlə" - "Sabah"
"Keşlə" ardıcıl heç-heçələr edir. Məncə, komanda bu limiti doldurub. "Keşlə"nin dinamikası yaxşıdır. Böyük məyusluqla qeyd edərdim ki, hücum xətti çox "dişsiz" görsənir.

Sanki qol vurmaq arzuları yoxdur. Sezar Meza Kollinin ötən oyun olmaması və bu oyunda özünə hələ də gəlməməsi komandanın hücum kəsərini azaldır.

Hücum üçün köklənmək və oyunu irəlidə qurmaq lazımdır. Heç-heçələrə "dur" demək lazımdır. Qələbə üçün mübarizə aparılmalıdır. Rəqibin kimliyindən asılı olmayaraq.

"Qarabağ"la oyun göstərdi ki, hər bir komandaya qarşı oynamaq olar. Bunu dəfələrlə digər komandalar göstərib.

Ümumilikdə, digər oyunlara baxdıqda, "Keşlə"nin ən sönük oyununu gördüm.Düşünürəm ki, fikirləri bir az da "Zirə" ilə kubok oyununa yönəlib. Bunu başa düşmək olar.

Hər iki komandanın oyunu zəif alındı. Mübarizə az oldu. Demək olar ki, oyun mərkəzdə keçdi. Ramin Quliyevin gəlişindən sonra "Sabah"da yüksəliş hiss olunur. Komandada ruh yüksəkliyi var.

Hakim oyunu pis idarə etmədi. Yüksək qiymətə layiqdir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"