Premyer Liqada klub sayı məlum oldu – AFFA Diviziona “göz ağartdı”

8 May 2021 12:40 Premyerliqa 1 891
Premyer Liqada klub sayı məlum oldu – AFFA Diviziona “göz ağartdı”

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

İclasda 2021-2022-ci il mövsümündə UEFA-nın klub və Azərbaycan Premyer Liqası yarışlarında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2020) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
"Qarabağ" FK, "Neftçi" PFK, “Sumqayıt” FK, “Zirə” PFK, “Keşlə” FK, “Sabah” FK

2. Premyer Liqada iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
"Qəbələ" İK, “Səbail PFK

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:
“Kəpəz” PFK, “Turan Tovuz” PFK, “Qaradağ-Lökbatan” FK, “Zaqatala” FK

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

“UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2020) 13-cü maddəsinə müvafiq olaraq, 2021-2022-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.

Sportinfo.az olaraq AFFA-nın Lisenziya Komissiyasının nə qərar çıxaracağını dünən öncədən xəbər vermişdik (https://www.sportinfo.az/idman_xeberleri/1_divizion/113484.html),

“Növbəti sezon Premyer Liqanın iştirakçı sayı – Diviziona xəbərdarlıq olundu” başlıqlı yazıda bildirmişdik ki, elitada iştirakçı sayının artmaması SOCAR-ın AFFA-ya əlavə maliyyə vəsaiti ayırmaması ilə əlaqədardır.

I Divizion təmsilçilərinə xəbərdarlıq olunub ki, yaranmış vəziyyətə publik narazılıq bildirməsinlər. Hansı klubun nümayəndələri və ya azarkeşləri federasiyanın əleyhinə mətbuata açılamalar versə, yeni sezondan etibarən onlara ayrılan maliyyə vəsaiti azaldılacaq.

Digər Xəbərlər
Xəbər Lenti