COP29

"Belə bir klubu Birinci Liqada yox, Premyer Liqada görmək istəyərdik"

15 May 02:10 Premyerliqa 2 130
"Belə bir klubu Birinci Liqada yox, Premyer Liqada görmək istəyərdik"

Xəbər verdiyimiz kimi, AFFA İcraiyyə Komitəsinin iclası keçirilib və növbəti futbol mövsümü ilə əlaqədar qərarlar qəbul edilib.

Bu qərarlara əsasən, Premyer Liqada 2024/25 mövsümü üçün komanda sayı artırılmayacaq, idman prinsipləri qorunacaq.

Bu da o deməkdir ki, "Qəbələ" 1-ci liqaya düşəcək və 1-ci liqanın qalibi olan komanda elitaya yüksələcək.

Həmçinin Premyer Liqada legioner limitinin dəyişdirilməməsi, hazırkı 7+4 limitinin qüvvədə qalması qərara alınıb. 2025/2026-cı illər mövsümündə isə legioner limiti 8+3 olacaq.

Sportinfo.az xəbər verir ki, futbol mütəxəssisi Yunis Hüseynov İcraiyyə Komitəsinin bu qərarları ilə əlaqədar qol.az-a açıqlama verib.

O, "Qəbələ"nin Premyer iqadan getməsinə məyus olsa da, idman prinsiplərini dəstəklədiyini bildirib:

"Əlbəttə ki, "Qəbələ"nin Premyer Liqanı tərk etməsini istəməzdik. Lakin bu qanun əvvəldən var idi.

İdman prinsiplərinin qorunmasına görə, Premyer Liqada sonuncu yeri tutan komanda 1-ci liqaya düşməli, 1-ci liqada lider olan komanda isə elitaya gəlməlidir. Amma hər bir mütəxəssis, hər bir jurnalist "Qəbələ"nin çempionatda qalmasını istəyirdi.

Bu da onunla əlaqədardır ki, "Qəbələ"nin stadionu, infrastrukturu yüksək səviyyədədir, akademiyası var. Belə bir klubu 1-ci liqada yox, Premyer Liqada görmək istəyərdik. Lakin idman prinsiplərinin qorunmasına görə "Qəbələ" gedəcək.

AFFA-nın verdiyi qərarlardan görünür ki, gələn il Premyer Liqada klubların sayı artırılacaq. Ümid edək ki, "Qəbələ" növbəti mövsüm özünü 1-ci liqada yaxşı tərəfdən göstərəcək və Premyer Liqaya qayıdacaq".

Y.Hüseynov Premyer Liqada legioner limitinin dəyişdirilməməsinin tərəfdarı olduğunu deyib:

"Legioner limiti də dəyişmədi, 7+4 olaraq qaldı. Amma limitin növbəti il 8+3 olacağı bildirildi.

Məncə, elə 7+4 qalmağı daha yaxşı olar. Çünki komandalarda legioner sayının çox olması milli komandamıza da təsir edəcək.

Komanda sayı 12-yə yüksəldilsə belə , onların start heyətində 3 yerli futbolçu oynayanda ümumilikdə 36 yerli futbolçu olur.

Bu, millimizə təsir edəcək. Ona görə də 7+4 qaydası daha yaxşıdır".

Digər Xəbərlər
Xəbər Lenti