Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarında bayraqdarı müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə açıqlama verib.
Hüseynzadə bildirib ki, iyulun 23-də keçiriləcək açılış mərasimində bu funksiyanı cüdoçu Rüstəm Orucov yerinə yetirəcək.
73 kq çəki dərəcəsində çıxış edən R.Orucov bu şərəfə nail olduğuna və ölkəni təmsil etdiyinə görə fəxr hissi keçirdiyini söyləyib:
"Çox sevinirəm. Bu, mənim üçün sürpriz oldu. İkinci dəfədir ki, bayraqdar seçilirəm. Çox sağ olsunlar ki, məni seçib- layiq görüblər.
Olimpiya Oyunları kimi yarışda bu bayrağı aparmaq mənim üçün böyük şərəfdir. Olimpiadada bayraqdar olmaq mənim arzularımdan biri idi.
Amma Tokioya təkcə bayraqdar olmağa yox, həm də himnimizi səsləndirməyə və bayrağımızı qaldırmağa gedirəm. Yarışda öz sözümü deməyə çalışacam".
Tokio Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək. Rüstəm Orucov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medala sahib olub.
Bayraqdar 2017 (Budapeşt) və 2019-cu (Tokio) illərdə dünya çempionatının gümüş medalına layiq görülüb. Həmçinin 2016-cı ildə Kazan şəhərində baş tutan Avropa çempionatının qalibi olub.
Orucov bayraqdar olduğu Minsk-2019 II Avropa Oyunlarında da gümüş medal qazanıb.

