"Neftçi"nin yetirməsi: "Kiməsə əl açan deyiləm, maşını satdım, o pulla dolanıram"

29 Noyabr 2020 00:42 Neftçi 1 792
"Neftçi"nin yetirməsi: "Kiməsə əl açan deyiləm, maşını satdım, o pulla dolanıram"

İlham Allahverdiyev... Vaxtilə parlaq gələcək vəd edən, karyerasında titul və adlar olan, bugünsə futbolsuz qalan daha bir azərbaycanlı.

“Neftçi”nin futbol yetirməsi sayılır.

“Qızıl nəslin” nümayəndələrindən – 1992 doğumlulardan biri də o idi. “Ağ-qaralar”ın aşağı yaş qruplarında Tərlan Quliyev, Elvin Yunuszadə, Araz Abdullayev, Eltun Yaqublu, Mirhüseyn Seyidov, Amit Quluzadə ilə birgə addımlayıb əsas komandaya qədər yüksəlməyi bacaran nadir ucaboy azərbaycanlı hücumçulardan biri.

2011-12 mövsümündə “Neftçi”nin heyətində qızıl medala sahib olanlardan biri də İlhamdır. 2014-15 mövsümündə isə Birinci Divizionda 21 qolla mövsümün bombardiri adını qazanmışdı. Sonradan Türkiyədə davam edən legioner həyatı və...

...kiməsə ağız açmamaq üçün satılan maşın..

- Türkiyədə legionerlərə limit tətbiq ediləndən sonra sən də qeybə çəkildin. Haralardasan, neynirsən?

- Şükürlər olsun, hər şey qaydasındadır. Bakıdayam, evdə oturub, gözləyirəm. Hələ də yaxşı olacağına ümid edirəm.

- Türkiyəyə axın edən “ordumuzun” üzvlərindən biri də sən idin. Lakin sonradan səs-sorağın gəlmədi.

- Həmin “ordunun” Türkiyəyə gedən ilk üzvlərindən biri mən idim. 3 il orda olduğum müddətdə daim oynadım, özümü yaxşı tərəfdən göstərməyi bacardım. Türkiyə futbolunun krallarından hesab olunan Tanju Çolakın qardaşı Yücel Çolakın rəhbərliyi altında oynadım. Bu günə kimi də əlaqə saxlayırıq. Hər şey elə yaxşı gedirdi ki... Bir anda limit tətbiq olundu və azərbaycanlıların işi çətinləşdi. Məcbur qalıb Bakıya qayıtdım.

- Ordakı yerli məşqçi və futbolçular siz peşəkar futbolçuların niyə BAL Liqasına axın etdiyini soruşurdu?

- Bu barədə söhbət düşəndə birinci ölkəmizdə neçə liqanın olduğunu soruşurdular. Cəmi iki liqa olduğunu və hərəsində 8-10 komandanın mübarizə apardığını eşidəndə çaşıb qalırdılar. Türkiyədə BAL Liqasının özünə ciddi maraq var. Agentlər, baş məşqçilər oyunları diqqətdə saxlayır. Vaxtilə “Kasımpaşa”nın kapitan sarğısını daşıyan, indi “Antalyaspor”da olan Veysəl Sarı peşəkar futbola 21-22 yaşında gəlib. O vaxta qədər BAL Liqasında çıxış edirmiş. Bu gün “Lester”in formasını geyinən Çağlar Söyüncünün özü, o da həvəskarlar liqasının tapıntısı hesab olunur. Sadəcə, həvəskar liqası adı bizim üçün qəribə səslənir, yuxarıdan-aşağı baxırıq. Türkiyədə normal qəbul olunur.

95a3a16d ff15 4894 a186 cdc5eb3642ec

- Belə başa düşdüm ki, Türkiyədən qayıdandan sonra işsiz qalmısan.

- Yeni gələndə işsiz deyildim. Ötən mövsüm Region Liqasında mübarizə aparan Qusar “Şahdağ”ında idim. Eyni zamanda futzal da oynayırdım ki, formada qalıb, futbolun içində olum, pulsuz qalmayım. Çempionat dayandırılana, yəni marta qədər oynadım. Ondan sonra evdə oturmuşam.

- Yaşı 30-a çatmayan futbolçuların çoxu işsiz qalıb. Nuran Qurbanov Türkiyədə tikinti sahəsində işləyir, Ruslan Tağızadə Moskvada meyvə-tərəvəz satır, hələ haqqında bilmədiyimiz neçəsi var. Səbəbi nədə görürsən?

- Səbəblər müxtəlifdir. Bir nömrəli səbəb ölkə futbolunda komanda sayının azlığıdır. Həm elitada, həm də aşağı dəstədə. Səbəblərdən bir başqası Premyer Liqa təmsilçilərinin yerli futbolçulara güvənməməsidir. “Sumqayıt”a baxın, hamısı öz uşaqlarımızdır. Maşallah, adam baxanda ürəyi açılır. Həm ürəyəyatan futbol oynayırlar, həm də yerli futbolçulardan qurulan komanda ilə avrokuboklara iddia edirlər. “Sumqayıt” neçə ildir göstərir ki, öz uşaqlarımızla nəticə qazanmaq olar, sadəcə, vaxt və inam lazımdır. Bu gün yüksək dəstədə 12-14 komanda olsaydı, sizi inandırım, məcburiyyətdən Türkiyəyə gedən Oruc Balaşlı, Fərmayıl Əliyev, Ülvi Quliyev, Nuran Qurbanov, hətta mənim özüm də burda oynayardıq.

Futbolçu ən parlaq çağlarını 25 yaşdan sonra yaşayır. Təcrübə artdıqca meydanda özünü daha rahat hiss edir, hansı məqamda nə etmək lazım gəldiyini bilir, belə deyim, “bişmiş” olur. Təəssüf ki, Birinci Diviziondakı limitə görə 23-24 yaşı keçən futbolçu “qoca” sayılır.

- Bəs indi nə işlə məşğulsan?

- Heç bir işlə, oturmuşam evdə.

88cb0c00 5214 49de 92a5 bec27665ac76

- Nə yeyib-içirsən, nəylə dolanırsan?

- Türkiyədə oynadığım 3 ildə pis qazanmamışdım. Sağa-sola dağıtmadım, evimi təmir etdirdim, müəyyən problemləri həll etdim. Bir də maşın almışdım. 8-9 aydır futbolsuzam, gedib kiməsə əl açan deyiləm, əlimdən də başqa iş gəlmir. Əlacsızlıqdan halal zəhmətimlə aldığım maşını satdım. Həmin pulla dolanıram. İnşallah, Allah bir qapı açar, o maşından yaxşısını alaram. Əsas canımız sağ olsun.

- Bundan sonra nəyə ümid edirsən?

- Ümidim odur ki, ən qısa zamanda yaşıl meydanlara qayıdıb futbolumu oynayacam. Başqa heç nə düşünmürəm, düşünmək istəmirəm. Düzdür, adam çətinə düşəndə gedib daş da daşıyar. Amma mən futbol oynamaq, sevdiyim sənətlə məşğul olmaq istəyirəm.

Mətbuatda AFFA-nın baş katibi Elxan Məmmədovun açıqlamasını dərc olunmuşdu. Elxan müəllimin Türkiyə ilə Azərbaycan arasındakı limitin aradan qaldırılması ilə bağlı TFF rəhbərliyi ilə müzakirələr apardığı yazılmışdı. Açığı, oxuyanda çox sevindim. İnşallah, sonu yaxşı nəticələnər. Bütün dünya Türkiyə ilə Azərbaycanı bir ölkə kimi qəbul edir. İkinci Qarabağ Müharibəsi bunu növbəti dəfə sübut etdi. Dinimiz, dilimiz, qanımız, mentalitetimiz – hər şeyimiz eyniyik. Sadəcə, iki dövlət arasında sərhəd var. İnşallah, ən qısa zamanda qadağa aradan qaldırılar, türklər burda, biz də orda legioner sayılmarıq.

Amma ən böyük arzum Azərbaycanda oynamaq, ailəmin, doğmalarımın yanında olmaqdır. Komanda sayı çoxalsa, limit məsələsində müəyyən güzəşt olunsa, hamı futbol oynayar, futbol da inkişaf edər. Bu gün üçün bu mümkün deyilsə, heç olmasa, Türkiyədə oynayaq (offsideplus.az).

İham Allahverdiyevin BAL Liqasında oyunlardan birində qol vurduğu anın görüntülərini təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti