
Son həftələrə gərgin daxil olan «Neftçi» yeni dəyişiklərin biraddımlığındadır.
Hələlik kənardan vəziyyət nəzarətdəyimiş kimi görünə bilər, lakin bu, yalnız ilk baxışdan belədir.
Klubun içində və ətrafında ciddi proseslərə start verilib, «islahat» düyməsi basılıb. Hər halda istər AFFA-nın, istərsə də, «Neftçi»nin özündən redaksiyamııza bununla bağlı xəbərlər bir-birinin ardınca gəlməkdədir.
Həm federasiya, həm də SOCAR paytaxt təmsilçisində yeniliklərin olmasına tərəfdardır. Sadəcə, islahatların istiqaməti baxımından tərəflərin fikri haçalanır.
Məsələn, AFFA yalnız idman direktoru Ceyhun Sultanovla baş məşqçi Füzuli Məmmədovun istefaya göndərilməsini istəyirsə, neft şirkətinin yüksək rütbəli mənsubları hüquqi cəhətdən onlara bağlı olan klubun prezidentinin də vəzifəsindən getməsini də lazım bilir.
Düzdür, SOCAR-da bu kimi işlərə bir nəfər qərar vermir, təşkilatın özündə fikir sahibləri, təsir qüvvələri çoxdur.
Belə deyək, «SOCAR Türkey»in rəhbəri Zaur Qəhrəmanov Kamran Quliyevin tərəfindədirsə, vitse-prezident Mikayıl İsmayılov, maliyyəçi Cəbrayıl Cəbrayılov kimi digər rəsmilər başqa cür düşünür.
Bu arada klubun prezidenti postuna daha bir namizəd üzə çıxıb. «Neftçi» Veternanlar Klubunun və Azərbaycan Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev SOCAR-dakı dairələrə «nüfuz edib».
Vaxtilə paytaxt komandasını da çalışdırmış Abdullayevin neft şirkətində bir sıra görüşlər keçirməsi və müsbət qarşılanması haqda məlumatlar var. Onun namizədliyi Gənclər və İdman Nazirliyi tərəfindən də dəstəklənir.
Keçmiş futbolçu müvafiq instansiyaları inandırıb ki, vəzifə başına gələrsə, «Neftçi»nin əvvəlki nüfuzunu bərpa, ictimaiyyətdə rəğbət yaradacaq idarəçilik metodu tətbiq edəcək.
O, indikindən daha az büdcəylə buna nail olmağın mümkünlüyü barədə danışıb və şəffaf fəaliyyət göstərəcəyinə söz verib. Oqtay bəy maddi mövzulara qarışmayacağını, bunun üçün SOCAR-dan müvafiq şəxslərin ayrılmasını, özünün yalnız təşkilati işlərlə vaxt ayıracağını deyib.
Abdullayevin hərəkətə keçməsi artıq AFFA-ya da məlumdur. Və gözlənildiyi kimi, bu, quriumda ciddi narahatlıq yaradıb.
Axı federasiyanın da klub prezidenti postuna öz namizədi var. Hansı ki, onu hələlik B variantı kimi saxlayır.
Kamran Quliyev bir müddət əvvəl çoxsaylı cəhdlərdən sonra barışa bildiyi Elxan Məmmədovdan dəstək istəyib. AFFA-nın icraçı vitse-prezidenti və baş katibi hələləik onu qorumağa çalışır.
Bu müqavimətin davamlığı SOCAR-ın hazırkı klub prezidentinə göstərəcəyi təzyiqin miqyasından və müddətindən asılıdır.
E.Məmmədov K.Quliyevin gedişindən sonra da «Neftçi»ni itirməyi, daha dəqiqi, tamamilə neft şirkətinin sərəncamına keçməsini qətiyyən arzulamır, müxtəlif vasitələrlə çalışır ki, 2015-ci ildə ələ keçirdiyi klub hələ uzun illər onun adamlarına xidmət eləsin.
SPORTİNFO.AZ